44 günlük Vətən Müharibəsinin daha bir qəhrəman şəhidi - Namiq Xəlilov - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Ordusunun 44 günlük Vətən Müharibəsində yazdığı qəhrəmanlıq dastanının iştirakçılarından və şəhidlik mərtəbəsinə ucalan hərbçilərindən biri də gizir Xəlilov Namiq İlyas oğludur.
BAKU.WS xəbər verir ki, Azərbaycan ərazilərinin işğaldan azad edilməsində böyük pay sahibi olan qəhrəmanımız Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub.
Şəhid Namiq Xəlilov 1992-ci il 15 iyun Şirvan şəhərində anadan olub. O, 2010-cu ildən Azərbaycan Silahlı Qüvvələrində xidmət etməyə başlayıb.
Namiq Xəlilov 2016-cı ildə baş verən Aprel döyüşlərində də iştirak etmiş və yaralanmışdı. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin giziri olan Namiq Xəlilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağın, Kəlbəcərin və Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib, Füzuli döyüşləri zamanı şəhid olub.
Namiq Xəlilov haqqında BAKU.WS-ə məlumat verən həyat yoldaşı Aytəkin Xəlilova öz həyatlarından və yoldaşının keçdiyi döyüş yolundan danışıb:
"Namiqgil ailədə 3 uşaq olub - iki qardaş, bir bacı. Namiq evin ilk övladı idi. Onunla uşaqlıqdan tanış idim. Biz eyni məktəbdə oxumuşuq. Namiqlə toyumuz 2016-cı ildə olub. Aprel müharibəsindən sonra Namiq toyu təxirə salmaq istəyirdi. Deyirdi ki, "yoldaşlarım şəhid olub, mənə toy etmək yaraşmaz". Bu səbəbdən toyumuz bir az gec oldu. Evləndik, "dünyanın bəxtəvəri bizik" deyə düşünürdük.
Hər şey istədiyimiz kimi idi. Sevdiyim yanımda, iki gül balamız var. "Daha nə istəyə bilərdik ki?!" - deyə düşünürdük. Həyatımızın ən gözəl çağında ayrıldıq. Namiqsiz, doğrudan da, çox çətindir, amma bir o qədər də qürurludur. Mən həyat yoldaşımla fəxr edirəm. Çünki sıradan bir insanın yoldaşı deyiləm. Bu ad mənim üçün bir ömür boyu qürur yeri olacaq.
Övladlarımızın da ağlı kəsəndə hər şeyi onlara danışacam. Atalarının necə böyük bir qəhrəman, gözəl insan olduğunu başa salacam. Onlar da atalarını tanıyacaqlar".
Şəhid xanımı bildirib ki, Namiq hətta şəhid olmasını da ona yuxusunda deyib: "Namiq elə insan idi ki, istəməzdi, mən ondan nigaran qalım. Harada, hansı təlimdə olurdusa olsun, o, məni xəbərsiz qoymazdı. İndi də qoymur, yuxularıma gəlir.
O, məni əvvəlcədən hazırlamışdı. Bu günlərə öyrəşdirilmişdim. Gecə yuxuma girib dedi ki, "hazır ol, mən şəhid oluram". Elə də oldu. Səhər açıldı, şəhid xəbəri gəldi. Siz bilmirsiniz ki, biz - hərbçi ailələrinin gözləri o rayonlar alındıqca necə həsrətlə telefonlarda qalıb ki, "görəsən, nə vaxt zəng edib "mən salamatam" deyəcək".
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Namiq Xəlilov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən, Namiq Xəlilov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif olunub.
Digər təltifləri:
• Hərbi xidmətdə fərqlənməyə görə III dərəcəli medalı;
• "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı - Azərbaycan Silahlı Qüvvələrində 100 illiyinə görə Azərbaycan Prezidentinin adından Müdafiə nazirinin əmri;
• "Hərbi xidmətlərə görə" medalı (ölümündən sonra).
Oxşar xəbərlər
5203 hərbçi “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib - SİYAHI
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...