SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Rusiyanın xarici işlər naziri Serqey Lavrovun Ermənistana səfəri çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsi müzakirə edilməyə bilməzdi. Bir halda ki, Rusiya ATƏT-in Minsk Qrupunun həmsədridir".
 
BAKU.WS-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ermənistanın xarici işlərinin nazir müavini Karen Nazaryan söyləyib. XİN rəsmisi jurnalistlərin Dağlıq Qarabağ və ətraf rayonların Azərbaycana qaytarılması ilə bağlı iddiaları xatırlatmasından sonra sözlərini belə davam edib:
 
"XİN rəhbərlərinin görüşündə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması məsələsinin müzakirə edilməməsi qəbuledilməz olar. Şübhəsiz ki, münaqişənin nizama salınması məsələsi görüşdə müzakirə edilib, amma düşünmürəm ki, konkret olaraq bu iddia müzakirənin predmeti idi".
 
Jurnalistlərin "Qondarma Dağlıq Qarabağ respublikasının Ermənistana referendum yolu ilə birləşdirilə bilərmi?" sualına da münasibət bildirən Nazaryan bu məsələdə ehtiyatlı olmağın vacibliyini vurğulayıb: "Hazırki mərhələdə bu məsələ barəsində hər hansı şərh vermək və ya münasibət bildirmək istəməzdim".
 
Nazaryanın son açıqlaması Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həlledici danışıqların getdiyinə işarədir. Çünki Nazaryan həmişəkindən fərqli olaraq indiki vəziyyətdə təxribatçı açıqlamalar verərək vəziyyəti gərginləşdirməkdən çəkinib. XİN rəsmisinin bu mövqeyi Rusiya və Ermənistan xarici işlər nazirlərinin Dağlıq Qarabağın taleyi barəsində vacib danışıqlar apardığını sübut edir. Üstəlik Ermənistan XİN-in ən vacib adamlarından birinin açıqlamalarında çoxlu eyhamlı məqamların olduğuna diqqət yetirsək Qarabağ münaqişəsi ətrafında danışıqların ən vacib mərhələyə gəlib çatdığını düşünə bilərik. 
 
Şahin Həbibov
BAKU.WS