Milli Məclisin deputatı Eldəniz Səlimov Xaçmaz rayonunun Nabran qəsəbəsi ərazisində sərxoş halda xidməti vəzifəsini icra edən polis əməkdaşına xəsarət yetirib.

Rəsmi məlumatlara əsasən, deputat karantin rejiminin tələbləri çərçivəsində hərəkət edən polislərin ona qarşı münasibətini bəyənməyib və münaqişə yaradıb.

Daxili İşlər Nazirliyi bildirib ki, faktla bağlı toplanmış materiallar Baş Prokurorluğa göndərilib.

Milli Məclisin İntizam Komissiyasının deputatın məsələsinə baxacağı gözlənilir.

Qanunvericiliyin tələblərinə ümumi şəkildə yanaşaraq deyə bilərik ki, əgər deputat etik davranış qaydalarını kobud şəkildə pozarsa, bu zaman cənab Səlimovun deputatlığına son qoyula bilər.

Konstitusiyanın 89-cu maddəsinin 7-ci bəndinə əsasən, deputat üçün qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozduqda Milli Məclisin deputatlığından məhrumetmə haqqında qərar qanunla müəyyən edilmiş qaydada qəbul edilir.

“Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanuna əsasən, deputat vətəndaşlarla, dövlət orqanlarının nümayəndələri ilə davranışında, ictimai çıxışlarında və Milli Məclisin iclaslarında nəzakətli və təmkinli olmalıdır.

Milli Məclisin İntizam Komissiyası toplanacaqsa, deputatın hərəkətlərində qanunla müəyyən olunmuş qaydada pozuntu hallarını müzakirəyə çıxaracaq. Prosedura əsasən, məsələ bundan sonra parlamentin iclasında müzakirəyə çıxarılmalıdır.

Milli Məclisin deputatları yalnız deputat səlahiyyətlərinin itirilməsi üçün yetərli əsasların olub-olmamasını aydınlaşdıra bilər.

Burada hüquq-mühafizə orqanlarının təqdim etdiyi dəlillər əsas sayılacaq.

Konstitusiyanın 90-cı maddəsinə də nəzər yetirmək zəruridir. Bildirilir ki, Milli Məclisin deputatı səlahiyyət müddəti ərzində cinayət başında yaxalanma hallarından başqa, cinayət məsuliyyətinə cəlb edilə, tutula, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə, axtarışa məruz qala, şəxsi müayinə edilə bilməz.

Milli Məclisin deputatı cinayət başında yaxalanarsa, tutula bilər. Belə olduqda Milli Məclisin deputatını tutan orqan bu barədə dərhal Azərbaycan Baş prokuroruna xəbər verməlidir.

Hələlik rəsmi məlumatlarda deputatın cinayət başında yaxalanıb-yaxalanmaması bildirilmir, lakin materialların Baş Prokurorluğa təqdim edilməsi diqqət çəkir.

İndi əsas sual: Görəsən, Eldəniz Səlimovun deputat mandatı əlindən alınacaqmı?..//oxu.az

BAKU.WS