SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Ermənistan prezidenti Serj Sarkisyan Avstriyaya işgüzar səfərə hazırlaşır. ANS PRESS-in erməni mətbuatına istinadla verdiyi məlumata görə, səfər may ayının 16-da başlayacaq. 

Vyanada onun ATƏT-in Minsk Qrupunun təşəbbüsü ilə təşkil edilən bir sıra görüşlər keçirəcəyi qeyd edilib. 

Məlumat üçün qeyd edək ki, məhz həmin gün Vyanada Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sarkisyanın görüşünün keçiriləcəyi barədə məlumat yayılıb. 

Bu barədə ATƏT-in bir neçə gün öncə yayılan bəyanatında məlumat verilmişdi. Bəyanatda görüşün növbəti həftə Vyanada keçirilməsi təklif edilsə də, dəqiq vaxt qeyd edilməmişdi. "Cəbhə xəttində bu yaxınlarda baş verən zorakılığı və münaqişə bölgəsində gərginliyin təcili azalmasına ehtiyacı nəzərə alaraq biz hesab edirik ki, Ermənistan və Azərbaycan prezidentlərinin görüşünün vaxtı çatıb. Bizim xarici işlər nazirlərimiz Vyanada bu görüşü təşkil etməyə hazırdır".

Görüşdə prezidentlərdən başqa, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Fransanın xarici işlər naziri Jan-Mark Ero və ABŞ dövlət katibi Con Kerri də olacaq. 

Birləşmiş Ştatların Dövlət Departamentinin sözçüsü Con Kirbi deyib ki, Con Kerri dünya turu çərçivəsində Vyanaya səfər edəcək. Kirbinin sözlərinə görə, Dövlət katibi Avstriya paytaxtında Dağlıq Qarabağ üzrə görüşdə iştirak edəcək. "Dövlət katibi orada ABŞ-ın Rusiya və Fransa ilə birlikdə keçirəcəyi Dağlıq Qarabağ münaqişəsi üzrə görüşdə iştirak edəcək və Azərbaycan və Ermənistan rəhbərlikləri ilə müzakirələr aparacaq". 

Prezidentlər arasında ilin ilk görüşünün gözlənildiyi bir zamanda erməni silahlı qüvvələri cəbhə xəttində yenidən fəallaşıblar. Belə ki, ötən gün axşam saatlarından başlayaraq bu gecəyə kimi Tərtər rayonundakı yaşayış məntəqləri və mövqelərimiz intensiv atəşə məruz qalıb. 

Ermənilərin hər dəfə danışıqlar prosesini pozmaq üçün bu cür təxribatalara əl atması isə sirr deyil. Bunu hələ bir neçə gün öncə cəbhə xəttində olan Azərbaycan prezidenti İlham Əliyev də deyib. "Ermənistana beynəlxalq təzyiqlər artan zaman işğalçı dövlət danışıqlar prosesindən yayınmaq üçün atəşkəs rejimini pozur və təxribata əl atır”, - deyə o, hərbçilər, erməni təcavüzündən zərər çəkən sakinlərlə görüşündə bildirib. 

Onun sözlərinə görə, bu ilin əvvəlində də Ermənistana beynəlxalq təzyiqlərin artması ilə əlaqədar danışıqlarda müəyyən irəliləyiş hiss olunduğu bir vaxtda işğalçı dövlət aprelin ilk günlərindən yenidən atəşkəsi pozub və ordumuz tərəfindən layiqli cavabını alıb.

Bu görüş baş tutsa, bu, iki ölkə prezidentlərinin 2016-cı ildə ilk görüşü olacaq. Prezidentlərin son görüşü ötən ilin sonunda baş tutub. İlham Əliyev və Serj Sarkisyanın son görüşü dekabrın 19-da İsveçrənin Bern şəhərində olub. 

"Prezidentlər nizamlama danışıqlarınının davam etdirilməsinə hazır olduqlarını təsdiq ediblər. Onlar həmçinin Minsk qrupu formatına sadiqliklərini təsdiq ediblər", - deyə ATƏT-in rəsmi saytında həmin görüşdən sonra yerləşdirilmiş bəyanatda bildirilir.
 
BAKU.WS