SİZİN REKLAM BURADA!
055 213 76 73


"Əks hücum əməliyyatları başlayandan, xüsusilə ilk günlərdə qanlı döyüşlərin getdiyi vaxtda belə ölkə başçısı, Ali Baş Komandan dəfələrlə erməni tərəfinə sülh müraciətləri etmişdi ki, qoşunlar çıxarılsın, artıq insan itkisinə yol verilməsin və bununla da əməliyyatlar sona çatdırılsın. O, bu mesajları həm xarici informasiya agentlikləri, həm də Rusiyanın müxtəlif kanalları vasitəsilə verib".

Bu sözləri BAKU.WS-ə açıqlamasında teletənqidçi, əməkdar jurnalist, professor Qulu Məhərrəmli bildirib.

Onun sözlərinə görə, bu, Azərbaycanın xoş niyyətinin ifadəsi idi: "Digər tərəfdən Azərbaycanın torpaqlarının işğal edilməsinə, hərbi əməliyyatları uğurla aparmasına və böyük döyüş üstünlüyü əldə etməsinə baxmayaraq yenə qarşı tərəfə mesajlarını verirdi. Bu, geniş mənada Azərbaycanın militarist dövlət olmadığını və siyasət yürütmədiyini, yalnız öz torpaqlarını işğaldan azad etməsi məsələsini ortaya qoyur. Bu xalqın və dövlətin sülh dövləti olmasından xəbər verir.

Dəfələrlə deyilmişdi ki, əgər bu addımlar ilk dövrlərdə atılsaydı, Ermənistan ordusu bu qədər böyük tələfat verməzdi, bu qədər texnikası sıradan çıxmazdı. Niyə Ermənistan Azərbaycanın sülh çağırışlarına reaksiya vermədi? Çünki Ermənistan özü üçün o qədər böyük bir illüziya yaratmışdı ki, onun yaxşı və döyüşkən ordusu var. Özü öz təbliğatının təsiri altında idi ki, Azərbaycan tərəfi döyüş qabiliyyətli deyil, onların ağlında biz 90-cı illərin əvəllərindəki kimi qalmışıq. Azərbaycanın, həqiqətən, o zaman ordusu, lazımi qədər silah və texnikası yox idi, ölkə səfərbər olunmamışdı, silahlı qüvvələr hələ dirçəldilməmişdi.

Ermənistan bu illüziyaların qurbanı oldu və Azərbaycan sözün həqiqi mənasında Ermənistanın başına dəmir yumruq endirdi və 10 illər boyu ölkə bunu unuda bilməyəcək. Sonuncu mətbuat konfransında bu niyyət və epizodun dilə gətirilməsi, Azərbaycanın xarici siyasətində, atdığı addımlarda sülhə və danışıqlara, diplomatiyaya istinad etməsi göz qabağındadır. Bunu bütün dünya bunu görür.

Bu gün Ermənistanda baş verənlər, hərbi niyyətlərin ortaya qoyulması, dövlət quruluşunun hərbi yolla dəyişdirilməsinə cəhdlər ümumilikdə murdar sütunun əyildiyini, dövlət kimi məhv olmaq təhlükəsində qaldığını göstərir. Nə üçün bu baş verir? Çünki başqasının torpağını işğal edən, başqa ərazilərə iddia edən və bu zaman xarici qüvvələrə arxalanıb öz niyyətlərini reallaşdırmaq istəyənin ölkənin axırı yalnız və yalnız belə olur. Ona görə Azərbaycan bu gün də dəfələrlə xəbərdarlıq edib ki, revanşist meyillər Ermənistan üçün daha baha başa gələ bilər. Ermənistan oturmalı, düşünməli, dünya siyasətinə uyğunlaşmalıdır. Qonşularına qarşı ərazi iddialarından əl çəkməlidir".

BAKU.WS