SİZİN REKLAM BURADA!
055 213 76 73


Politoloq Şəbnəm Həsənova ermənilərin torpaqlarımızı işğal dövründə Şuşada dini və mədəni abidələrimizə vurduğu ziyan barədə yazıb.

BAKU.WS həmin məqaləni təqdim edir:

“Mənfur düşmən terror siyasətini sadəcə xalqımıza qarşı deyil, məscidlərimizə, müqəddəs ocaqlarımıza, mədəniyyət abidələrimizə qarşı da həyata keçirib. Təkcə Şuşada 67 məscid dağıdılıb və yararsız hala salınıb. İşğal dövründə Yuxarı Gövhərağa məscidini təmir adı altında təhrif ediblər. Şuşada məscidlərin dağıdılması düşmənin islamofob xislətini bir daha göstərir. Onlar həm də incə ruhdan uzaq, mədəniyyət düşmənidirlər. Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün Şuşada güllələnmiş büstləri erməni vandalizminin şahidləridir. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın tapşırığına müvafiq olaraq Qarabağ ərazisində Azərbaycan xalqının milli sərvəti olan dini abidələrin, məscidlərin bərpası üzrə layihəyə başlanılıb. Layihəyə yerli və xarici mütəxəssislər cəlb edilib. Bununla əlaqədar olaraq, Avstriyanın “Atelier Erich Pummer GesmbH” şirkətinin rəhbəri, memar Erix Pummer Ağdam məscidində olub və məscidin hazırki vəziyyətinə dair qiymətləndirmə aparılıb.

Mənfur düşmənin məqsədlərindən biri də Şuşa şəhərini erməniləşdirmək olub. Hətta işğal dövründə ermənilər qondarma “Dağlıq Qarabağ respublikası”nın “parlamentini” Şuşa şəhərinə köçürmək üçün burada bina tikməyə başlamışdılar. Ancaq şanlı Azərbaycan Ordusu düşmənin bu niyyətini də puç etdi. Şuşanın 2020-ci il noyabrın 8-də işğaldan azad olunması ilə qondarma rejimin “parlamenti” binasının inşası yarımçıq qaldı və düşmənin çirkin əməlləri baş tutmadı. Cənab Prezidentin təbiri ilə desək “parlament” də gorbagor oldu, status da gorbagor oldu, cəhənnəmə getdi.

Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılanda Şuşanı bu vilayətin tərkibinə salmaqla Şuşada Azərbaycan izini silmək istəyirdilər. 1969-1982-ci illərdə ümummilli lider Heydər Əliyev bu prosesin qarşısını aldı. Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” deyən Dahi Heydər Əliyevin bu arzusunu cənab Prezident İlham Əliyev “Şuşasız işimiz yarımçıq qalar” dedi, sona qədər getdi və Şuşanı əsil sahibinə-Azərbaycan xalqına geri qaytardı. Ulu öndər Heydər Əliyevin təşəbbüsü, onun rəhbərliyi ilə inşa edilmiş Molla Pənah Vaqifin məqbərəsinin düz 39 il bundan əvvəl - 1982-ci il yanvarın 14-də Azərbaycan ziyalılarının iştirakı ilə açılışı olmuşdur. Xanın vəziri olan insanın şərəfinə sovet dövründə məqbərə ucaltmaq qeyri-adi bir hadisə idi. Məhz Heydər Əliyevin təkidi və cəsarəti nəticəsində o vaxt Azərbaycan buna nail ola bildi. Vaxtilə atasının yanında məqbərənin açılışına gedən gənc oğlan bu gün ata vəsiyətini yerinə yetirərək Azərbaycan Respublikasının Prezidenti və Müzəffər Ali Baş komandan kimi Cıdır düzünə ayaq basdı.

Ümummilli lider Heydər Əliyev, Prezident İlham Əliyev, Birinci Xanım Mehriban Əliyeva Şuşaya hər zaman xüsusi münasibət göstərmişlər. Elə bunun əyani sübutudur ki, Şuşada səfərdə olarkən cənab Prezident bildirdi ki, heç oranı tərk etmək istəmir. Çünki torpaq onun əzəli sahibini özünə çəkir. Cənab Prezident İlham Əliyev bildirirdi ki, Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstləri məhz Şuşada olmalıdır. Beləliklə də, 30 ilə yaxın Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılan dahi şəxsiyyətlər indi Şuşadadır. Bunda sonra orada Vaqif Poeziya Günləri bərpa ediləcək və bu il də “Xarı bülbül” festivalı keçiriləcək”.

Şəbnəm HƏSƏNOVA

Politoloq

BAKU.WS
QALEREYA