SİZİN REKLAM BURADA!
055 213 76 73


Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın sözdə yox, əməldə, mifik yox, real və məğlubedilməz Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə sentyabrın 27-dən etibarən zəfər yürüşünə başladı. 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi, Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli rayonlarını, Xocavənd rayonunun böyük hissəsini, Laçın rayonunun bir sıra kəndlərini düşmən əsarətindən azad etdi. Bütövlükdə, qəhrəman əsgər və zabitlərimiz 5 şəhər, 4 qəsəbə, 286 kənd, çoxsaylı strateji yüksəklikləri düşmən tapdağından təmizlədi.

Bu sözləri BAKU.WS-ə açıqlamasında politoloq Şəbnəm Həsənova söyləyib.

O qeyd edib ki, noyabrın 8-də Qarabağın ürəyi Şuşa şəhəri işğaldan azad edildi. Nəinki hərbi ekspertlərin, elə ermənilərin özlərinin də dediyi kimi, “kim Şuşaya nəzarət edirsə, Qarabağa da o nəzarət edir”. Şuşanın alınması ilə tam qələbəmizə yol açıldı. Düşmənin ağ bayraq qaldırmaq və kapitulyasiya etməkdən başqa yolu qalmadı. Buna Ali Baş Komandan İlham Əliyev nail oldu.

Şəbnəm Həsənova bildirib ki, dünya hərb tarixində də bu təcrübə mövcuddur. Ağır itkilərə məruz qalmış tərəf məğlub hesab olunur və hərbi əməliyyatlar dayandırılır. Bu dəfə döyüşən tərəflərdən biri - Ermənistan öz müqavimətini dayandıraraq Azərbaycanın şərtlərini qeyd-şərtsiz qəbul etdi. Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin birgə imzaladıqları bəyanat mahiyyət etibarilə Ermənistanın kapitulyasiyasıdır. Döyüş meydanında məğlubiyyətin qaçılmaz olduğunu dərk edən Ermənistan rəhbərliyi Prezident İlham Əliyevin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etdi. Haqqında bəhs olunan birgə bəyanatda Ermənistan öz üzərinə öhdəlik götürür ki, qarşıdakı 20 gün ərzində Azərbaycanın işğal altında olan Ağdam, Kəlbəcər və Laçın rayonlarından qoşunlarını çıxaracaq. Beləliklə, baza prinsiplərinin hər iki mərhələsi yerinə yetirilir. Bu, haqqın qələbəsidir, Azərbaycan xalqının qələbəsidir.

Bu proses çərçivəsində önəmli məqamlardan biri də Naxçıvanın blokadadan çıxmasıdır. Rusiya tərəfi Ermənistan ərazisindən Naxçıvana dəhlizin açılmasını öz üzərinə götürür.

Onun sözlərinə görə, Azərbaycan hərb tarixinə yeni bir strategiya tətbiq etdi. Ən müasir silahlardan istifadə etməklə, minimal itkilər verərək qısa zaman kəsiyində düşmənin bütün hərbi texnikasını yerlə bir etdi. Azərbaycanın müzəffər Ordusunun yüksək peşəkarlıqla, əzmlə, qətiyyətlə apardığı işğaldan azadetmə əməliyyatı dünya üzrə müharibələrin aparılması doktrinasında əsaslı dəyişikliklərə səbəb olacaq. Ən əsası isə yüksək dağlıq şəraitdə həyata keçirilən Şuşanın azad edilməsi əməliyyatı Azərbaycanın hərb tarixinin ən parlaq, ən möhtəşəm səhifəsidir.

“Bu parlaq səhifələri Azərbaycan tarixinə yazmaq isə heç də asan olmadı. Ermənistan və onun havadarları tərəfindən hərbi əməliyyatları dayandırmaq məqsədilə Azərbaycana diplomatik və siyasi təzyiqlər göstərildi. Bütün bunlara baxmayaraq Cənab Prezident İlham Əliyev yüksək diplomatik peşəkarlıq, əzmkarlıq, qəti siyasi iradə nümayiş etdirərək, bütün təzyiqlərə mərd və mərdanə şəkildə sinə gərərək onların hamısını dəf etdi, öz prinsipial mövqeyindən bir an belə dönmədi. Azərbaycan xalqı isə onun bu qətiyyətini sonuna qədər dəstəklədi. Prezident İlham Əliyevin dünyanın aparıcı mediasına verdiyi 30-a yaxın müsahibə dünya informasiya məkanında ölkəmizə qarşı olan hücumları darmadağın etdi. Bu müsahibələrdə Azərbaycana yönələn hər bir daşı hədəfinə çatmadan geri göndərdi.

Bu da təsadüf deyil. “Ot kökü üstə bitər” deyib atalar. O, uzaqgörən siyasətçi, ömrünü xalqına həsr etmiş xalqımızın Ümummilli lideri Heydər Əliyevin qanından, canından parçadır. O, Heydər Əliyev siyasətini layiqli davamçısıdır. Atasına, xalqına layiqli oğuldur. O, bütün Azərbaycanın oğludur, igididir, ərənidir. O, bizim Prezident, bizim xalqımızın, dövlətimizin başçısıdır. Məhz İlham Əliyev Ermənistanın və onun havadarlarının işğala və tədricən Azərbaycan ərazilərinin ilhaqına əsaslanan planlarını yerlə bir etdi. Uzaqgörən siyasət yürüdərək bütün regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq yaratdı. Yekun nəticədə Azərbaycan vətəndaşlarının 30 ilə yaxın davam edən torpaq həsrətinə son qoydu. Prezident İlham Əliyev nəyi necə və nə zaman etməyi özünün yaxşı bildiyini bir daha nümayiş etdirdi.

Bu qələbə qələbələrin ən gözəlidir, ən şanlısıdır. Bu qələbə bizim birliyimizin qələbəsidir. Bu qələbə bizim məbədimizdir, səcdəmizdir. Bu qələbə azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındıran, xalqın inamını özünə qaytaran qələbədir. İndi bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq, bu məğrur xalq gec-tez öz məqsədinə çatacaq. Bunun isə tək və yalnız bir səbəbi var. O da İlham Heydər oğlu Əliyevdir. Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir”, - deyə Ş.Həsənova vurğulayıb.

BAKU.WS