“DOST”u görən ilk vətəndaş kimi rəngarəng və göz oxşayan dizaynı ilə məni valeh etdi. Əsla tərif deyil, bu mənim “DOST”la ilk tanışlığımdan yaranan təəssüratımdır. Bir anlıq özümü hansısa ölkənin xidmət mərkəzlərində hiss etdim. Nə isə... emosiyalardan uzaqlaşıb gələk əsas məsələyə, “DOST”a.

DOST nədir? Dayanıqlı və Operativ Sosial Təminat Agentliyidir. Azərbaycan Respublikası prezidenti İlham Əliyevin fərmanına əsasən  yeni yaradılmış agentlik Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tabedir.

Bəs DOST Mərkəzi nədir? DOST Agentliyi "DOST" mərkəzlərini idarə edir, onların fəaliyyətinə nəzarət və qiymətləndirməni həyata keçirir. DOST mərkəzi əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat, habelə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətlərinə uyğun digər sahələrdə xidmətlərin həyata keçirilməsini təmin edəcək.

BAKU.WS
-in suallarını DOST Agentliyinin İdarə Heyətinin sədr müavini Emil Hacıyev cavablandırıb:


- Əvvəlcə “DOST”la bağlı təəssüratımdan... Emil  müəllim binanız çox gözlədir. İlk olaraq DOST məni rəngarəngliyi ilə qarşıladı. 

- Salam. Xoş gəlmisiniz. Bəli, binamız çox gözəldir və biz çalışırıq işimiz də bu yüksək səviyyəyə uyğun olsun. Bura gələn insanlar yalnız binanın gözəlliyi və yaradılan şəraitdən deyil, həmçinin xidmətlərimizdən razı qalsınlar.   
         
- DOST mərkəzində 126 xidmət göstərilir. Siyahıya yeni xidmətlər əlavə olunacaqmı? 

- DOST-un konsepsiyası dövlət tərəfindən vətəndaşlara göstərilən sosial xidmətlər üzrə ön ofis rolunda iştirak etməsini nəzərdə tutur (yəni, sosial siyasətini və, o cümlədən, sosial xidmətlərin spektrini müəyyən edən qurum deyil, yalnız bu xidmətlərin provayderi funksiyasını yerinə yetirir). Buna müvafiq olaraq, dövlət tərəfindən müəyyən edilmiş xidmətlər sayı artsa, DOST mərkəzlərində vətəndaşlara göstəriləcək xidmətlərin sayı da artacaq.     

- Gənclərin işə dəvəti hansı meyarlar əsasında müəyyən olunacaq? 

- Bütün digər işə götürülənlərə tətbiq edilən meyarlar gənclərə də aiddir. Peşəkar və insani keyfiyyətləri yüksək olanlara, tələb olunan təhsil səviyyəsinə malik olanlara, işə vicdanla yanaşmağı bacaranlara, işləmək istəyənlərə və sosial sferada, habelə vətəndaşlarla işləməyin əhəmiyyətini dərk edənlərə üstünlük verilir.   

- Könüllülərin işlə təmin olunmaq ehtimalı varmı? 

- Var və bu ehtimal az deyildir: DOST könüllüləri sıralarına seçilmələri artıq onlar üçün bu istiqamətdə böyük bir addımdır. Gələcəkdə onların bu sahədə karyeralarını davam etdirib-etdirməyəcəyi yalnız hər bir könüllü cəlb olunmuş insanın özündən asılı olacaq. 
 
- DOST-un ümumilikdə Bakı şəhəri və regionlar üzrə sayı neçəyə çatdırılacaq? 

- Yaxın 5-6 illik perspektivdə ölkəmiz üzrə 31 DOST mərkəzinin açılması nəzərdə tutulur. Bu mərkəzlər bütün ölkə ərazisini əhatə edəcək və vətəndaşların hamısına xidmət göstəriləcək. Həmçinin xüsusi olaraq vurğulamaq istərdim ki, bu mərkəzlərin hamısı istifadəyə verildikdən sonra onların hər birində yaşadığı ünvandan, qeydiyyatından asılı olmayaraq bütün vətəndaşlarımıza xidmət göstəriləcək. 

- DOST mərkəzləri hansı kateqoriyalara və nəyə əsasən bölünür?

- DOST mərkəzləri A, B, C, D, E kateqoriyalarına bölünür. Mərkəzin yerləşdiyi rayonun əhalisinin və göstəriləcək xidmətlərin sayından asılı olaraq bu kateqoriyalar müəyyənləşir. Ən böyük şəhərlərimizdə, rayonlarımızda fəaliyyət göstərəcək A kateqoriyalı mərkəzlərdə 126 xidmətin hamısı göstəriləcək. Ən kiçik E kateqoriyalı mərkəzlərdə isə, müvafiq olaraq, yalnız ən mühüm, baza xidmətləri göstəriləcək. 

- Publik hüquqi şəxs olmağın üstünlükləri?

- Publik hüquqi şəxslər bir çox cəhətlərə görə fərqlənir. İdarəetmənin təkmilləşdirilməsinin, fərqli idarəetmə metodlarının, korporativ etikanın tətbiq olunması məqsədilə bir sıra qurumlar publik hüquqi şəxs olaraq yaradılır. Bu statusa sahib müəssisəni publik hüquqi şəxslər haqqında qanuna görə dövlət adından iki institut - Azərbaycan Respublikasının Prezidenti və Nazirlər Kabineti yarada bilər. Belə olan halda həmin müəssisənin təsisçisi dövlət olur. Prezidentin fərmanı ilə publik hüquqi şəxs təsis edilir və həmin müəssisənin nizamnaməsi təsdiq edildikdən sonra müəssisə özü-özünü idarə edir. Yəni, dövlətin adından həmin quruma idarəetmə səlahiyyətləri verilir. Əgər hansısa publik hüquqi şəxsin heyətində rəhbər dəyişikliyi olarsa, müəyyən qərarlar qəbul olunarsa, bu status həmin qərarların çevik və operativ olmasını təmin edir.
 
- İşə götürən tərəf olaraq vakant yerləri dövlət sifarişi əsasında elan edirsiniz? 

- DOST-un hüquqi statusundan irəli gələn əməkdaşların dövlət qulluğunda olmadığını nəzərə alaraq, dövlət sifarişi əsasında vakant yerlər barədə elanlar verilmir. İlk DOST mərkəzinin əməkdaşları bu sahənin spesifikliyi nəzərə alınaraq əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin peşəkar mütəxəssisləri sırasından daxili müsabiqə əsasında seçilib. Lakin bundan sonra digər mərkəzlər açıldıqca bütün vakant yerlər barədə açıq və əlçatan məlumatlar ictimaiyyətə çatdırılacaq.  
 
- DOST-un yaradılması üçün hansı ölkənin təcrübəsindən yararlanmısınız?

- Əslində DOST unikal bir konseptdir. Onun ayrı-ayrılıqda olan analoqları bir neçə ölkələrdə olsa da, bütöv və bizdə olan variantda heç bir yerdən mənimsənilməyib. 
 
- Əhalinin işlərinin asan olması, vətəndaşın rahatlığı və məmnunluğunu təmin etmək üçün uzun müddətdir ki, “ASAN” xidmət mərkəzləri fəaliyyətdədir. DOST Agentliyidə “bir pəncərədən” vətəndaşların sosial problemlərini həll edəcək. Bu baxımdan DOST “ASAN” xidmətə rəqib dövlət qurumu hesab oluna bilərmi?

- Heç bir rəqabətdən söhbət belə gedə bilməz: bu layihələr dövlət başçısı, cənab Prezidentin və xanım Birinci Vitse-Prezidentin təşəbbüsü ilə yaradılmış və diqqət mərkəzində saxlanılan, ən əsas məqsədi Azərbaycan vətəndaşlarının məmnunluğunun artırılması olan layihələrdir. DOST-un sırf sosial (kommersiya deyil) xarakterini nəzərə alsaq, əlavə bir arqument əldə edərik. “Sağlam rəqabət” anlayışı yalnız servislərin kim tərəfindən daha keyfiyyətli göstəriləcəyi mənasında işlənilə bilər.
        
- “Gümüşü könüllü” proqramının mahiyyəti nədən ibarətdir?

- Könüllülərdən söhbət açılanda, təsəvvürümüzə biz yalnız cavanları gətiririk. Halbuki yaşlı nəslin nümayəndələri də pensiya yaşına çatanda cəmiyyətə daha aktiv inteqrasiya olunmaq, özlərini faydalı hiss etmək istəyirlər. Bu məqsədlə “Gümüşü könüllü” proqramı yaradılıb. Yaşlı insanların peşəkar və həyat təcrübəsindən faydalanmaq bir tərəfdən, onların pensiyaya çıxandan sonra həyatını daha zəngin keçirməsi digər tərəfdən – bu proqramın əsas məqsədləridir.  

- Səyyar DOST xidmətləri kimlərə gostəriləcək?


- Hər hansı bir səbəblərdən DOST mərkəzlərə gələ bilməyən vətəndaşlar üçün səyyar xidmətlərin göstərilməsi nəzərdə tutulur. Bu, təbii ki, ilk növbədə fiziki imkanları məhdud olan vətəndaşlara aiddir. 

Söhbətləşdi: Gülşanə Mustafayeva BAKU.WS