Bu gün Xalq artisti və musiqi xadimi Cabbar Qaryağdıoğlunun anım günüdür
Bu gün Xalq artisti, xanəndə və musiqi xadimi Cabbar Qaryağdıoğlunun anım günüdür. Onun vəfatından 80 il ötür.
Cabbar Qaryağdıoğlu XIX əsrin II yarısında yetişən və musiqi tariximizdə ən görkəmli rol oynayan sənətkarlardan biridir.
O, 1861-ci il martın 31-də Şuşada "Seyidli" məhəlləsində doğulub. Atası Məşədi İsmayıl kişi boyaqçı idi. Bu sənəti Cabbara da öyrətmək istəyirdi. Cabbarın gözəl səsi onu başqa bir sahəyə istiqamətləndirirdi.
O uşaqlıqdan məhəllə uşaqları ilə "Qayabaşında", "Qırxpilləkəndə", "Ağzıyastı kahada" quzu otaran Cabbar saatlarla "Dəlikdaşın" üstündə oturaraq zümzümə edərdi.
Sonralar bu zümzümələr XIX əsrin ən böyük xanəndəsinin yetişməsinə səbəb oldu.
Cabbar Qaryağdıoğlunu Azərbaycan xalq musiqisinin canlı tarixi, ensiklopediyası adlandırırdılar. Onun oxuduğu muğam və xalq mahnıları indi də Azərbaycanın musiqi xəzinəsinin ən qiymətli inciləridir.
Şərqin vokal sənəti tarixində, geniş xalq kütlələri arasında Cabbar Qaryağdıoğlu ilə müqayisə edilə biləcək ikinci bir müğənni yoxdur. Onun adı dünya vokal sənətinin bir sıra görkəmli sənətkarlarının adları ilə yanaşı çəkilir.
Cabbar Qaryağdıoğlunun səsi güclü dramatik-tenor tipli səs idi.
O, bu güclü və əzəmətli səsi ilə son dərəcə lirik-minor ruhlu muğam sayılan "Segah"ı olduqca həzin və yumşaq, eyni zamanda, yanıqlı səsləndirməklə adamda elə təsəvvür yaradırdı ki, muğamı dramatik tenor yox, lirik tenor oxuyur.
Onun köhnə qrammafon vallarını səsləndirdikdə adam o dəqiqə hiss edir ki, belə bir qüdrətli səs, temperamentli üsullar, müxtəlif formalı çətin zəngulələr vuran yalnız Cabbar Qaryağdıoğlu ola bilər.
O, major muğamları oxumaqda da mahir idi. Vokal ustalığı ilə nəinki dinləyicini heyran qoyur, eyni zamanda təsiredici ifaçılıq məharəti ilə dinləyicini fikrindən ayırır, kədərini, qəmini unutdururdu. Cabbar ilk musiqi təhsilini Şuşada Xarrat Qulunun məktəbində alıb.
O, on yaşında ikən şəhərdəki məktəbə daxil olur, müəllimi Mirzəli Zeynalabdin oğlundan musiqi elmini və fars dilini öyrənir. 16 yaşında ilk dəfə müəllimi ilə getdiyi toyda tarzən Cavadbəyin müşayiəti ilə "Kürdü-Şahnaz" oxuyur, zil və təravətli səsi ilə təkcə dinləyiciləri deyil, musiqiçiləri də məftun edir.
Qoca xanəndə Hacı Hüsü onun alnından öpüb, "Gələcəkdə bizim yerimizi bu cavan xanəndə tutacaqdır" deyir. Bu hadisədən sonra məşhur tarzən Sadıq Əsəd oğlu (Sadıqcan) Cabbarı rəhbərlik etdiyi sazəndələr dəstəsinə qəbul edir. Cabbar bu dəstə ilə Şuşada "Xandəmirovun teatr salonu"nda təşkil edilən "Xeyriyyə gecəsi"ndə "Heyratı" oxuyur.
Azərbaycanda ilk Şərq konserti 1901-ci ilin yayında Ə. Haqverdiyevin rəhbərliyi altında Şuşada "Xandəmirovun teatr salonu"nda təşkil edilmişdir. Konsertdə Cabbar Qaryağdıoğlu böyük ifaçılıq qabiliyyəti göstərərək, Azərbaycan şairləri ─ Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Qasım bəy Zakir, Seyid Əzim Şirvani və Xurşidbanu Natəvanın qəzəllərini doğma ana dilində ilham və məhəbbətlə oxumaqla, xanəndəlik sənətində yeni bir mərhələ açmış, muğamatın geniş xalq kütlələri içərisində yayılmasına böyük köməklik göstərmişdir.
Şuşadakı ilk Şərq konsertindən sonra Azərbaycanın digər şəhərlərində, xüsusilə də Bakıda XX əsrin ilk illərindən başlayaraq Şərq konsertləri verilirdi. Azərbaycanda opera sənətinin meydana gəlməsində də onun rolu böyükdür. Opera səhnəmizin ilk aktyoru məhz Qaryağdıoğlu olmuşdur.
Cabbar Qaryağdıoğlu dəfələrlə İran şahlarının, Türkiyə sultanlarının məclislərinə dəvət olunmuş, öz gözəl ifası ilə onları məftun etmişdir. O, yaradıcı sənətkar idi. Bir muğamı 2–3 saat, bəzən isə böyük məclislərdə 4 saat belə oxuyardı.
O, həm böyük sənətkar, həm də qayğıkeş müəllim idi. O, şagirdlərinin qayğısına qalar, onlara səslərini qorumağı tövsiyə edərdi: "Səs və gözəllik Allah vergisidir. Gərək onların qədrini biləsən. Birinci növbədə səsini qorumalısan.
Yeməyinə, yatmağına fikir verməlisən. Xanəndə çox yeməməlidir. Qarınqululuq oxumağın düşmənidir. Gündə ən azı 10 saat yatmalıdır".
Klassik ədəbiyyatı gözəl bilirdi və deyirdi ki, əruzu bilməyəndən xanəndə olmaz.
Cabbar Qaryağdıoğlunun böyük sənəti və zəngin səsi dünyanın bir çox bəstəkarlarının, musiqişünas və mədəniyyət xadimlərinin diqqət mərkəzində olmuşdur. Akademik Boris Astafyev, professor Yevgeni Braudo, bəstəkarlardan M. İppolitov, Vladimir Kor Georgixubov, Reynqold Qlier və başqaları Cabbar Qaryağdıoğlu sənətinin vokal ustalığını yüksək qiymətləndirmişlər.
Bu gün Azərbaycanın musiqi tarixində Cabbar Qaryağdıoğlunun adı böyük məhəbbətlə çəkilir. Onun sənətinin sirləri gənc xanəndələrə öyrədilir. Onun "Şahnaz"ı, "Qatar"ı, "Heyratı"sı musiqi xəzinəmizin ən qiymətli inciləridir.
1965-ci ildə Moskvada nəşr olunmuş "Pesnya i muzıka Azerbaydjana" kitabında deyilir ki, Cabbar Qaryağdıoğlu 1906-cı ildə Varşavada konsert verib. Bu konsertdən toplanan pul vəsaiti Zaqafqaziya müsəlman tələbələrinə paylanıb.
Bu müdrik xanəndə xeyriyyəçi kimi də tanınırdı.XX yüzilin əvvəllərinədək Azərbaycan xanəndələri farsdilli şeirlərlə muğam melodiyalarını ifa etmək ənənəsinə riayət edirdilər. Bu ənənəyə görkəmli Azərbaycan xanəndəsi Cabbar Qaryağdıoğlu son qoydu.
Onunla başlayaraq, muğamların Azərbaycan dilində ifası Azərbaycanda, eləcə də Azərbaycan muğamlarının çox geniş populyarlığa malik olduğu bütün Güney Qafqazda ənənəyə çevrildi.1935-ci ildə "Azərbaycan SSR xalq artisti" adına layiq görülüb.
Onun filmoqrafiyasında "Neft və milyonlar səltənətində" (film, 1916)-Xanəndə (Tammetrajlı Bədii Film), "Məhəmməd Füzuli" (film, 1958), "Məclisi üns" (film, 2006), "Muğamat var olan yerdə..." (film, 2009) kimi ekran işləri var.
Cabbar Qaryağdıoğlu 1944-cü ildə Bakıda vəfat edib. Çəmbərəkənd qəbiristanlığında dəfn olunub.
SSRİ Nazirlər Soveti tərəfindən 1948-ci ildə Cabbar Qaryağdıoğlu və digər vəfat etmiş mədəniyyət xadimlərinin məzarları fəxri xiyabana köçürülməsi barədə qərar qəbul olunub.
Siyahıda olan şəxsiyyətlərdən təkcə Cabbar Qaryağdıoğlunun məzarı Fəxri xiyabana köçürülməyib. Hazırda məzarı Yasamal qəbirstanlığında yerləşir.
Oxşar xəbərlər
Bu gün Xalq artisti Tofiq Quliyevin anım günüdür
Bu gün görkəmli bəstəkar, Xalq artisti Tofiq Quliyevin anım günüdür. BAKU.WS xəbər verir ki, sənətkarın vəfatından 23 il ötür. Tofiq Ələkbər oğlu Quliyev 191...