Bu gün Sofiya Bəsirzadənin doğum günüdür

Bu gün Sofiya Bəsirzadənin doğum günüdür
Mədəniyyət 69

Bu gün Azərbaycan SSR-nin Xalq artisti Sofiya Bəsirzadənin doğum günüdür.

BAKU.WS xatırladır ki, Sofiya Bəşir qızı Bəsirzadə 28 fevral 1918-ci ildə Kazan quberniyasının Çukan kəndində anadan olub. İki yaşında olanda ailəsi Bakıya köçüb və Sofiya xanım Azərbaycan türkcəsini mükəmməl öyrənib. Bakıdakı 3 saylı beynəlmiləl məktəbdə ibtidai təhsil alıb. Sonra 134 nömrəli tam orta məktəbdə orta təhsilə yiyələnib. Yuxarı siniflərdə oxuyanda dram dərnəyinə üzv olub.

Əsil soyadı Vəzirovadır. Atasının nəsil şəcərəsinə görə səhnəyə ilk addımlarından tamaşaçılar arasında "Bəsirzadə" kimi tanınıb. Bəzi proqram və afişalarda adı "Sofa" kimi yazılıb. Teatr kollektivində də ona "Sofa xanım" deyə müraciət ediblər.

1936-cı ildə Mirzə Fətəli Axundzadə adına Bakı Teatr Məktəbinə daxil olub. Həmin ilin noyabrından başlayaraq AMDT-nin tamaşalarında kütləvi səhnələrdə, epizodik rollarda səhnəyə çıxıb. Üçüncü kursda, 1 sentyabr 1938-ci ildə tələbə-aktrisa AMDT-nin aktyor truppasına qəbul edilib.

Səhnədə bir-iki cümləsi olan personajlar da ifa edib, xarakterik dramatik obrazlarda oynayıb, sevgili qəhrəmanlar obrazlarında da bacarığını sınayıb. Bu surətlərin dramatiki də, faciəvi ruhlusu da, qroteskli satiriki də, məsxərəvari yumorlusu da olub. Əsas cəhət odur ki, aktrisanın daxili imkanlarının zənginliyi müxtəlif səpkili rolların ifası üçün yararlı idi. Teatr səhnəsində 62 ildən çox çalışıb. Səhnə görkəminin təravəti həmişə göz oxşayıb, çevik plastikası heyranlıq doğurub.

Yüzdən çox obrazın ifasında səhnəyə çıxan Sofa Bəsirzadənin Nisə xanım ("Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə), Sevər, Gülgün, Tanya, Gülsabah, Gülnisə ("Oqtay Eloğlu", "Od gəlini", "Yaşar", "Dönüş" və "Solğuri çiçəklər", Cəfər Cabbarlı), Nina, Rübabə ("Şeyx Sənan" və "Səyavuş", Hüseyn Cavid), Məryəm, Tamara, Tatyana ("Fərhad və Şirin", "Vaqif" və "İnsan", Səməd Vurğun), Səadət ("Müsibəti-Fəxrəddin", Nəcəf bəy Vəzirov), Xanın qızı, Pəri cadu ("Köhnə dudman" və "Pəri cadu", Əbdürrəhim bəy Haqverdiyev), Tərlan xanım ("Yalan", Sabit Rəhman), Qlumova ("Müdriklər", Aleksandr Ostrovski), Toni xala ("Füsunkar qız", Mikolaş Dyarfaş), Anna Dmitriyevna ("Canlı meyit", Lev Tolstoy), Fedra ("Dəlilər", Lope de Veqa), Səadət xanım ("Unuda bilmirəm", İlyas Əfəndiyev), Nihal ("Qəribə adam", Nazim Hikmət), Aliyə ("Təhminə və Zaur", Anar), Mariya Xosefa ("Dişi canavar", Federiko Qarsiya Lorka), Dayə ("Medeya", Jan Anuy), Aybəniz ("Cavanşir", Mehdi Hüseyn), Peyanira ("Mehmanxana sahibəsi", Karlo Haldoni), Esrelya ("Sevilya ulduzu", Lope de Veqa), Nataliya ("Vassa Jeleznova", Maksim Qorki), Mariya Antonovna ("Müfəttiş", Nikolay Qoqol) rolları ifadə vasitələrinin zənginliyi baxımından seçilirlər.

Sofiya Bəsirzadə 1955-ci ildə "Azərbaycan SSR-nin Əməkdar artisti", 1974-cü ildə isə "Azərbaycan SSR-nin Xalq artisti" fəxri adına layiq görülüb.

Sofiya Bəsirzadə ondan artıq bədii filmə çəkilib. Ömrünün son illərində o, Bakı Bələdiyyə Teatrında çalışıb.

Aktrisa 4 yanvar 2000-ci ildə Bakıda vəfat edib.

Son xəbərlər