Bu gün Əminə Dilbazinin anım günüdür

Bu gün Xalq artisti, rəqqasə Əminə Dilbazinin anım günüdür.
Əminə Dilbazi 26 dekabr 1919-ci ildə Qazaxda anadan olub. Məşhur bəstəkar, Azərbaycan SSR xalq artisti Cövdət Hacıyevin həyat yoldaşı, Şairə Mirvarid Dilbazinin bacısı, bəstəkar-dirijor İsmayıl Hacıyevin anasıdır.
O, 1935-ci ildə ilk dəfə səhnəyə çıxaraq Üzeyir Hacıbəyovun bəstələdiyi “Kolxoz çölləri” mahnısını ifa edib.
Azərbaycan Dövlət Filarmoniyası Mahnı və Dövlət Rəqs ansamblının solisti (1936-1939), sonralar isə rəqs qrupunun rəhbəri olub. 1959-cu ildə Azərbaycan Tibb İnstitutunun yaratdığı “Çinar” tələbə rəqs kollektivinə rəhbərlik edib. 1967-ci ildə “Sevinc” qızlar ansamblını yaradıb. 1949-cu ildən Xoreoqrafiya Məktəbində pedaqoji fəaliyyət göstərib. 1957-ci ildə Moskvada tələbə və gənclərin 6-cı ümumdünya festivalında qızıl medala layiq görülüb.
Əminə Dilbazi bir çox filmlərdə rəqslərə quruluş verib. Onun oynadığı “İnnabı”, “Tərəkəmə”, “Vağzalı”, “Turacı”, “Naz eləmə” rəqsləri xüsusilə məşhurdur. Repertuarına rus rəqsləri, ukrayna rəqsləri, özbək rəqsləri, ərəb rəqsləri də daxil olan Əminə Dilbazi “Leyli və Məcnun” operasında, “Arşın Mal Alan” və ”O olmasın, bu olsun” komediyaları və sair əsərlərdə də rəqslərə quruluş verib.
2010-cu il aprelin 30-da Bakı şəhərində vəfat edib.

Oxşar xəbərlər
Bu gün görkəmli bəstəkar Cövdət Hacıyevin anım günüdür
Azərbaycanın görkəmli bəstəkarı, incəsənət xadimi, "Şöhrət" ordenli Cövdət Hacıyevin vəfat etməsindən 21 il ötür. BAKU.WS xatırladır ki, Cövdət Hacıyev 1917-ci...