SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün azərbaycanlı el qəhrəmanı Abbasqulu bəy Şadlinskinin doğum günüdür. Onun anadan olmasından 138 il ötür. 

BAKU.WS xəbər verir ki, Abbasqulu bəy Xanbaba bəy oğlu Şadlinski 1886-cı il fevralın 24-də İrəvan quberniyasının Böyük Vedi kəndində anadan olub. Uşaq ikən atasını itirib.

İki sinifli rus-tatar məktəbini bitirib, bir müddət mirab işləyib. 1902-ci ildə atadanqalma kiçik torpaq sahəsini əkib-becərməklə məşğul olub.

Rusiyada 1905-1907, İranda 1905-1911-ci illər inqilabları ictimai-siyasi dünyagörüşünün formalaşmasına mühüm təsir göstərib.

1907-ci il fevral inqilabından sonra Şadlinski həyatını xalq işi uğrunda mübarizəyə həsr edib, kommunistlərə rəğbət bəsləyib.

1918-ci ilin əvvəllərində Naxçıvan, İrəvan, Dərələyəz, Zəngəzur və digər ərazilərdə daşnak-erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı soyqırımlarının baş alıb getdiyi bir şəraitdə xalq içərisində böyük nüfuzu olan Şadlinski Vedidə erməni-daşnak quldur dəstələrinə qarşı könüllü xalq birləşməsi – gələcək "Qırmızı tabor"u təşkil edib.

O, 1918-1921-ci illərdə daşnaklara qarşı "Qırmızı tabor"un komandiri olub.

1918-1919-cu illərin yay aylarında daşnak hərbi hissələrinin Vediyə hücumlarının qarşısının alınmasında böyük şücaət göstərən "Qırmızı tabor"çular, sonradan Şadlinskinin əmri ilə nizami daşnak ordusunun üstün qüvvələri qarşısında kəndi döyüşlə tərk etmiş, Vedibasar və Zəngibasar əhalisinin əksər hissəsi ilə İran ərazisinə keçərək, əvvəlcə Xoy şəhəri yaxınlığında, sonra isə Mərənd şəhəri ətrafında mövqe tutublar.

28 iyul 1920-ci ildə Naxçıvanda sovet hakimiyyəti elan olunduqdan sonra Hərbi İnqilab Komitəsinin və Nəriman Nərimanovun dəvətini qəbul edərək, sentyabrın 17-də 200 nəfərlik "Qırmızı tabor" dəstəsi ilə Naxçıvana gəlmişdi; buradakı qırmızı qvardiya döyüşçüləri də onun dəstəsi ilə birləşmişdi.

Şadlinski ilk vaxtlar Naxçıvan sərhədlərinin qorunmasına, sonra Zəngəzur istiqamətində öz dəstəsinin daşnak hissələri ilə fəal döyüş əməliyyatlarına başçılıq etmişdir. Onlar cəllad Dronun daşnak qüvvələrini darmadağın edərək, Naxçıvanda Sovet Hakimiyyətini qurmuş, burada ingilis-daşnak işğalına son qoymuşdur.

O, bu xidmətləri müqabilində Nəriman Nərimanov tərəfindən "Qızıl Ulduz" medalı ilə təltif edilib.

1921-ci ilin fevralından aprelin əvvəllərinə kimi İrəvanda daşnak qiyamının yatırılmasında qəhrəmanlıq göstərib.

1921-ci ilin yayında Şadlinskinin döyüşçüləri Dərələyəz və Zəngəzurda daşnak quldurlarının darmadağın edilməsində qəhrəmanlıq göstəriblər.

Abbasqulu bəy Şadlinskinin İsgəndər, Mafərə, İsfəndiyar, Məmməd və Tacirə adlı övladları olub.

Abbasqulu bəy 1930-cu ilin fevralında düşmənləri tərəfindən öldürülüb.

BAKU.WS