SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün Azərbaycan uşaq ədəbiyyatına böyük töhfələr verən Abdulla Şaiqin anadan olmasının 143-ci ildönümüdür.

BAKU.WS xəbər verir ki, Abdulla Axund Mustafa oğlu Talıbzadə 1881-ci il fevralın 24-də Tiflisin Şeytanbazar məhəlləsində dünyaya göz açıb. Atası Axund Mustafa Süleyman oğlu dövrünün seçilən bir ruhani ziyalısı olub.

O, 1881-ci ilədək Tiflis şəhəri üzrə qazinin müavini, sonra isə Qafqaz şeyxülislamının müavini işləyib.Abdulla Şaiqlə qardaşı Yusif ilk təhsillərini Tiflisdə müsəlman uşaqları üçün nəzərdə tutulan altısinifli ruhani məktəbində alıblar.

Bu məktəb təkcə dini təhsil ocağı olmayıb. Onun tədris proqramı rus-tatar (Azərbaycan) məktəblərinin layihəsinə uyğun olub.

Bu məktəbdə Abdullanın atası Axund Mustafa ilə yanaşı, Qori müəllimlər seminariyasının məzunlarından Baxşəli bəy və Paşa bəy də dərs deyiblər.

Şair 1893-cü ildə ailə vəziyyəti ilə əlaqədar olaraq Xorasana gedib. Xorasanda dövrünün mütərəqqi ziyalısı Yusif Ziyanın məktəbində təhsilini davam etdirib. Yeddi il Xorasanda mükəmməl təhsil alıb, tarix, məntiq, psixologiya elmlərini, Şərq, Azərbaycan, rus ədəbiyyatını öyrənib.

1900-cü ildə Tiflisə qayıdıb. Bir müddət Tiflisdə qaldıqdan sonra 1901-ci ildə Bakıya köçüb.O, 1901-ci ildə 22 aprel üçüncü oğlan gimnaziyasında xüsusi imtahan komissiyasında imtahan verərək Ana dili müəllimi adını alıb.

5 noyabr 1901-ci ildən rus-tatar məktəblərində ehtiyat müəllimi kimi pedaqoji fəaliyyətə başlayıb. Bundan sonra ömrünün 34 ilini Azərbaycan maarifinin inkişafına həsr edib.

1906-cı ilin avqustunda Bakıda keçirilən I Müəllimlər Qurultayının təşkilində böyük xidmətləri olub.

Abdulla Şaiq yaradıcılığına tərcümə və qəzəllə başlasa da, ilk mətbu əsəri "Laylay" adlı uşaq şeiri olub.O, 1906-cı ildən başlayaraq silsilə şeirləri ilə Azərbaycan milli uşaq poeziyasının incilərini yaradıb.

Bir sıra şeirləri "Dəbistan" və "Məktəb" uşaq-gənclər toplularında işıq üzü görüb. Bu illərdə "Nicat" cəmiyyətinin idarə heyətinə üzv seçilib, ədəbi-bədii problemlərlə, maarif və məktəb işləri ilə məşğul olub.

Xalq ədəbiyyatını toplayıb araşdıran A.Şaiq bu örnəklər əsasında "Tıq-tıq xanım", "Tülkü həccə gedir", "Yaxşı arxa" kimi mənzum nağıllar da yazıb. Onun "Ədhəm", "Tapdıq dədə", "Qoçpolad" kimi poemalarında milli folklorun təsiri görünür.

Şaiq həm də 1910-cu ildə yazdığı "Gözəl bahar" pyesi ilə milli uşaq teatrının özülünü qoyub. Şairin "Hürriyyət pərisi"nə, "Niyə uçdu", "Bir quş", "XX əsrə xitab", "Şikayətlərim", "Zamanın inqilabçılarına" kimi şeirləri inqilab ruhlu şeirləri sayılır.

Əməkdar incəsənət xadimi Abdulla Şaiq 1959-cu ilin iyulun 24-də Bakıda vəfat edib.

BAKU.WS