SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün Azərbaycan opera müğənnisi (lirik tenor), aktyor, rejissor, pedaqoq, teatr xadimi, Xalq artisti Hüseynqulu Sarabskinin anadan olmasından 144 il ötür. 

BAKU.WS xəbər verir ki, Hüseynqulu Sarabski Azərbaycan peşəkar musiqi teatrının banilərindən biridir. O, 1879-cu ilin martın 20-də  Bakıda doğulub.

1908-ci ildən "Nicat" cəmiyyəti nəzdində "Müsəlman Opera truppası"nın yaradıcılarından biri və solisti, Məcnun ("Leyli və Məcnun"), Şeyx Sənan ("Şeyx Sənan"), Kərəm ("Əsli və Kərəm"), Sərvər ("O olmasın, bu olsun"), Şah İsmayıl ("Şah İsmayıl") və b. partiyaların ən yaxşı ifaçılarından biri olub.

Hüseynqulu Sarabski kasıb ailədə anadan olub. Uşaqlıqdan musiqiyə böyük həvəsi və yaxşı səsi ilə seçilib.

Özünün xatirələrində yazdığı kimi "Məhərrəmlik vaxtında dini havalar oxuyar, mərsiyə deyər, münacat çəkər, eyni zamanda el şənliklərində, toyda-bayramda muğamlara, mahnılara qulaq asar, öyrənərdi".

O, 12 yaşı olarkən ilk dəfə teatr tamaşasına baxır: bu həvəskarların ifasında "Xan Sarabi" adı ilə qoyulmuş Mirzə Fətəli Axundovun "Sərgüzəşti-Vəziri-Xani-Lənkəran" komediyası idi. Əsl soyadı Rzayev olan Hüseynqulunun sonralar götürdüyü səhnə təxəllüsü - Sarabski də bu güclü təəssüratın əks-sədası oldu. Azərbaycanda milli dramaturgiyanın əsasını qoymuş Mirzə Fətəli Axundovun əsəri Azərbaycanın ilk opera artistinin taleyində rəmzi bir məna alaraq, onu əbədiləşdirən ada təkan verib.

Hüseynqulu Sarabski teatra çətin bir dönəmdə gəlmişdi. Teatrı "şeytan əməli", aktyorluğu isə "kişiyə yaraşmaz peşə" hesab edənlərin tənəsinə, bəzən də hədə-qorxusuna sinə gərmək lazım gəlirdi. Kiçik yaşlarından ağır zəhmətə qatlaşan, ağır fiziki işlərdən də çəkinməyən - dəmirçi, daşyonan, fəhlə işləyən Hüseynqulu, yeni əsrin səsini eşidirdi.

O, oxumaq, təhsil almaq üçün qazandığı pulu kitaba, dəftərə verirdi, ziyalı, müəllim, təhsilli insanları özünə nümunə seçirdi, onlara bənzəmək istəyirdi.

İlk dəfə gördüyü teatr tamaşası isə onun həyat seçimini bircə an içində dəqiqləşdirdi. Hüseynqulu Sarabskinin teatra gəlməsində, aktyorluq sənətini seçməsində, püxtələşməsində teatr xadimlərindən, tanınmış ziyalılardan Nəriman Nərimanovun, Əbdürrəhim bəy Haqverdiyevin, Rəhim bəy Məlikovun, həmkarları - Hüseyn Ərəblinskinin, Cahangir Zeynalovun və başqalarının böyük rolu olub.

İlk dəfə 1902-ci ildə Nəriman Nərimanovun "Dilin bəlası" pyesində Rəsul roluna çıxan Hüseynqulu sonralar teatr səhnəsində Mirzə Fətəli Axundovun, Nəcəf bəy Vəzirovun, Əbdürrəhim bəy Haqverdiyevin dram əsərlərində bir sıra müxtəlif xarakterli rollar oynayıb.

O, yalnız milli repertuarda deyil, Azərbaycan dilinə tərcümədə Uilyam Şekspirin, Heynenin, Şillerin, Qoqolun əsərlərində də çıxış edirdi. Məhz Henrix Heynenin "Əlmənsur" pyesində ərəb səyyahının rolunda çıxış edərkən oxuduğu təsiredici "Hicaz" muğamı onun Azərbaycan mədəniyyətinin yeni bir aləminə - musiqili-teatra, operaya gətirdi.

Bu tamaşa zamanı Sarabski o zamanlar Azərbaycanın və Şərqin ilk operası olan "Leyli və Məcnun" üzərində işləyən Üzeyir Hacıbəylinin diqqətini cəlb edib. Üzeyir Hacıbəyli məlahətli səsə malik, muğamlara bələd olan aktyor kimi də təbii və canlı Hüseynqulu Sarabskinin opera artisti kimi potensialını hiss edərək onu öz operasında baş rola - Məcnun roluna dəvət edir. Bu rol Hüseynqulu Sarabskiyə sözün əsl mənasında ümumxalq məhəbbəti və şöhrət gətirir.

Bu rol bəlkə də aktyorluq sənətinə hələ də "oyunbazlıq" kimi baxanların teatra münasibətini kökündən dəyişdirən təkan nöqtəsi oldu. Aktyorun özünün yazdığı kimi "vaxtı ilə onu barmaqla göstərən, ona tənə ilə baxanlar indi onu Məcnun deyə çağıraraq alqışlayır, hörmətlə qarşılayırdılar". Səhnədə yaşadığı 30 ildən artıq bir müddətdə o 400 dəfə bu rolu oynamış, Azərbaycan səhnəsinin təkrarolunmaz Məcnunu kimi ad qoyub.

Hüseynqulu Sarabski 1945-ci ilin fevralın 2-də Bakıda vəfat edib.

BAKU.WS