SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Azərbaycan peşəkar vokal məktəbinin banisi, görkəmli müğənni, SSRİ Xalq artisti Bülbülün anadan olmasının 125 illiyidir.

BAKU.WS xəbər verir ki, sənətkarın yubileyi münasibətilə onun Şuşada yerləşən ev muzeyində möhtəşəm tədbir keçiriləcək. 

Bir müddət əvvəl Bakıda Vokalçıların Bülbül adına VIII Beynəlxalq Müsabiqəsinə start verilib. Müsabiqədə 70-ə yaxın musiqiçi iştirak edib. Yarışma  Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçirilib. İştirakçıların yekun konserti və qaliblərə diplomların təqdim olunma mərasimi isə bu gün Bülbülün Şuşadakı ev muzeyində baş tutacaq.

Bunun üçün evin həyətində geniş səhnə qurulub. Xeyli sayda musiqi avadanlıqları yerləşdirilib, musiqiçilərin əyləşməsi üçün stullar düzülüb.

Tədbir zamanı Xalq artisti Polad Bülbüloğlu sevilən ifalarını səsləndirəcək. Sənətçini Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edəcək. Hazırda Polad Bülbüloğlunun məşq görüntüləri yayılıb. "ASAN Radio"nun direktoru, aparıcı Emin Musəvi bununla bağlı video paylaşıb. 

O, Polad Bülbüloğlunun görüntülərini yayımlayaraq "Polad Bülbüloğlu Şuşada Bülbülün ev muzeyinin həyətində məşq edir" sözlərini yazıb. 

Qeyd edək ki, Vokalçıların Bülbül adına Beynəlxalq Müsabiqəsi Azərbaycan professional vokal sənətinin banisi, görkəmli müğənni və pedaqoq, professor Bülbülün 100 illik yubileyi ərəfəsində xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə yaradılan beynəlxalq musiqi müsabiqəsidir. İlk dəfə 1997-ci ildə, daha sonra isə 2000, 2005, 2007, 2010, 2012 və 2018-ci illərdə keçirilib və növbəti illərdə də reallaşdırılması  nəzərdə tutulub. Müsabiqə 3 turdan ibarət olur. İştirakçılar opera, kantata və ya oratoriyadan ariya oxuyurlar. Sonda müxtəlif yerlərə sahib olan iştirakçılara pul mükafatları və diplomlar təqdim edilir. 1997-ci ildə müsabiqədə birinci yerə layiq görülən musiqiçiyə Qran-Pri və 10 000 dollar (təxminən 17 000 AZN) məbləğində pul təqdim edilib. 

Zöhrə Pənahi
BAKU.WS
VİDEO