SİZİN REKLAM BURADA!
055 213 76 73


Novruz bayramı Strasburqda konsert proqramı ilə qeyd olunub.

Bu barədə Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəliyindən məlumat verilib.

Bildirilib ki, Novruz bayramı Strasburqda Avropa Şurası yanında daimi nümayəndəlik tərəfindən təşkil edilən konsert proqramı ilə qeyd edilib: “UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının dəstəyi ilə keçirilən bu konsertdə Avropa Şurası yanında diplomatik korpusun, təşkilatın katibliyinin, yerli ictimaiyyətin və habelə Azərbaycan icmasının nümayəndələri iştirak ediblər”.

Qeyd olunub ki, tədbirin açılış qeydlərində Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi, səfir Fəxrəddin İsmayılov Novruz bayramı və xalqımızın mədəni və musiqi irsi barədə iştirakçılara məlumat verib və Azərbaycan xalqı üçün əziz bir bayram olan Novruzun yazın gəlişi və təbiətin oyanışının rəmzi olduğunu, insanların daha firavan gələcəyə yeni ümidlərini təcəssüm etdiyini və eləcə də həmrəylik, qarşılıqlı hörmət və anlaşma dəyərlərini təbliğ etdiyini bildirib: “Daimi nümayəndə 2010-cu ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının martın 21-ni “Beynəlxalq Novruz Günü” elan etdiyini, 2016-cı ildə isə Novruzun UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edildiyini xatırladıb”.

“Şəhərin tarixi “Bayramlar Sarayı”na toplanan iştirakçılara piano ifaçısı, Berklee Musiqi Kollecinin məzunu, bir çox beynəlxalq müsabiqələr laureatı, o cümlədən Montrö Caz Festivalında “Tamaşaçı rəğbəti” diplomuna layiq görülmüş Azərbaycan Respublikasının Əməkdar artisti Emil Əfrasiyab, mahir qarmon və akkordeon ifaçısı, Xalq artisti Ənvər Sadıqov, Əməkdar artist, tanınmış tarzən Ələkbər Ələkbərov, Əməkdar artist, zərb alətləri ustası İsgəndər Ələsgərov və istedadlı gənc bas gitara ifaçısı Elvin Nəbiyev tərəfindən etno-caz musiqi proqramı təqdim olunub. Milli musiqimizin ürəkoxşayan çalarları üzərində qurulmuş ecazkar proqram geniş auditoriya tərəfindən böyük rəğbətlə qarşılanıb”,- nəzərə çatdırılıb.

BAKU.WS