SİZİN REKLAM BURADA!
055 213 76 73


Hazırda bütün dünyanın gözü Qətərin paytaxtı Doha şəhərindədir. 4 ildən bir təşkil edilən Futbol üzrə Dünya Kubokunun qrup mərhələsinin oyunları bütün həyəcanı ilə davam edir.

Futbolsevərlər üçün əsl bayram ab-havası yaşanan bu günlərdə görəsən deputatlarımız da turniri izləyirmi? Kim hansı milli komandanı dəstəkləyir?

BAKU.WS-in əməkdaşı bu sualın cavabını onların özlərindən soruşdu.

İlk öncə, deputat Aqil Abbas həm Futbol üzrə Dünya Kubokunu həm də Azərbaycan futbolunu izlədiyini deyir.

Onun sözlərinə görə, bu Dünya Çempionatı öncəkilərdən bir qədər maraqsızdır:

Builki Dünya Kubokunda yadda qalan ölkələr Braziliya, Fransa və İspaniyadır. Favorit komandaya gəldikdə isə Braziliyanın çempion olmağını istəyirəm”.

Deputat həm də bu çempionatı mənasız adlandırır:

“Yadda qalan ən əsas hadisə odur ki, çempionat mənasız ölkədə keçirilir. Qətər fubol çempionatı keçirmək üçün uyğun ölkə deyil. İsti ölkədir, oyunlar da günorta başlayır. Baxırsan ki, futbolçular istidən oyun oynaya bilmirlər, yorulurlar. Belə yerdə futbol oynatmaq düzgün deyil axı. Heç olmasa oyunları axşama salmalıydılar. Oyun günorta başlayır, belə olmaz axı. Başa düşüləndir ki, Qətərə salıblar ki, ərəb ölkələrində də futbol inkişaf eləsin”.

Deputat Elşən Musayev də turniri izləyənlər arasındadır. Favorit olaraq isə İngiltərə millisini hesab edir:

“Futbolda maraqlı hadisələr ancaq nəticələr ola bilər. Bu Dünya Çempionatında isə belə nəticələr boldur. Argentina ilə Səudiyyə Ərəbistanı matçında ərəblərin qələbə qazanması mənim üçün gözlənilməz oldu. Həmçinin dünənki oyunda Mərakeşin qələbəsi və Kosta-Rikanın Yaponiyanı məğlub etməsi sürpriz oldu. Futbolun da gözəlliyi elə məhz budur”.

Deputat Müşfiq Məmmədli özünü qatı futbol azarkeşi saymasa da maraqlı oyunları izləyir, favorit komandası isə Braziliya millisidir:

“Braziliya-Azərbaycan dostluq qrupunun rəhbəri kimi Braziliya oyunlarını izləməyə çalışıram. Mundialda mənə görə yadda qalan hadisə bir az da siyasətlə bağlıdır. Hansı ki Braziliya millisinin forma seçimi ilə zamanı Bolsonaro və Lula üz-üzə gəldilər. Bir də ən böyük arzum ondan ibarətdir ki, öz millimizi də belə beynəlxalq turnirlərdə görək”.

Deputat Etibar Əliyev futbol azarkeşi olduğunu və mundialı izlədiyini bildirib. Ümidləri isə Almaniyayadır:

“Almaniya millisi son iki oyunda göstərdi ki, bir qədər yanılmışam. Hələ ki Almaniyanın mundialdakı gələcək taleyi bilinmir. Çempionatdan öncə bir sıra futbol həvəskarları maraqsız keçəcəyi ilə bağlı proqnozlar verirdilər. Amma mundial əvvəlkilərə baxanda olduqca fəal və maraqlı keçir”.

Maraqlı və yaddaqalan hadisələrə gəldikdə isə millət vəkili gənc oyunçuların yüksək oyun bacarığını xüsusi vurğuladı:

“Dünən Almaniya və İspaniya qarşılaşmasında gənc ispanlar olduqca yaxşı oyun sərgilədilər. Komandanın heyətinə nəzər salanda görürük ki, hamısı gənclərdir. Buna baxmayaraq, onlar qosqoca alman millisinə qarşı yaxşı oyun sərgilədilər. Bu da İspaniyanın yüksək futbol ənənəsindən xəbər verir”.

Deputat Fəzail Ağamalının sözlərinə görə, vaxt tapdıqca mundialı izləyir. Favoritləri isə İspaniya və Braziliyadır:

“Zövq ala biləcəyim millilərin oyunlarını izləyirəm. Xorvatiyanın dünən baş tutan matçını da olduqca baxımlı sayıram. Xorvatiya dərin futbol ənənələri olan ölkədir”.

Deputat Tural Gəncəliyev iş vaxtına təsadüf etməyən qarşılaşmaları izləyir. Fovarit olaraq isə Braziliya və İspaniya millilərini görür.

Həmçinin onun sözlərinə görə, Futbol üzrə Dünya Kubokunda maraq doğuran ən əsas məqam turnirin qış ayında keçirilməyidir:

“Hazırda dünyada geosiyasi proseslər olduqca gərgindir. Rusiya və Ukrayna arasında müharibə gedir. Dünyada ərzaq böhranı müşahidə olunur. Bununla yanaşı təhlükəsizlik məsələləri gündəmdədir. Dünya Çempionatının qış ayında və müsəlman ölkəsində keçirilməsi də ənənəvilərdən fərqli məqamdır”.

Sensasiyalı nəticələrə gəldikdə isə deputat Səudiyyə Ərəbistanının qələbəsini xüsusi vurğuladı:

“Gözlənilməz bir digər hesab isə Yaponiyanın Almaniyanı udmasıdır. Mərakeşin son Dünya Kuboku üçüncüsü Belçikaya qalib gəlməsini və Xorvatiya ilə matçda heç-heçə etməsi olduqca maraqlı hadisədir. Belə hesab edirəm ki, Mərakeş bu çempionatın ən sürpriz komandasıdır.

Banu HÜSEYNLİ
BAKU.WS