VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Tanınmış psixoterapevt Elmir Əkbər modern.az-a müsahibə verib.
 
BAKU.WS onunla söhbəti təqdim edir:

-Elmir müəllim, ilk olaraq Ağdaşın Qoşaqovaq kəndindəki hadisəyə toxunmanızı istərdim. Guya orada əcaib varlıqlar dolaşır. Ehtimal edirlər ki, onlar ruhdur. Psixoloq kimi ruhun mahiyyətini necə izah edərsiniz? 

-Ruh məsələsi həmişə suallar doğurub. Təbii ki, psixoterapevtlər standart, klassik, el-obanın qəbul etdiyi anlayışlarla barışmırlar. Çünki onlar insan şüurunun manipulyasiyasına xidmət edirlər. Amma bu zaman paralel olaraq sual ortaya çıxır. Nəyə görə ruhlara inanırıq? Psixoloq, psixoterapevt, psixoanalitik, psixiatrların işi bilavasitə ruhla bağlıdır. Biz bilavasitə insanın ruhu ilə təmasda oluruq. "Psixa" sözünün özü ruh deməkdir. Psixoterapiya isə iki ruhun təmasıdır. Psixoterapevtlər insan ruhunu öz ruhu vasitəsi ilə müalicə edən mütəxəssislərdir. Bu baxımdan mümkün deyil ki, hansısa bir psixoterapevt ruhun varlığını inkar etsin.
 
-Yəni ruh siz dediyiniz anlamda mövcuddur? 

-Burada o qədər mürəkkəb anlayışlar var ki... Psixoterapiya seansının özü o qədər mürəkkəb bir prosedurdur ki, bundan geniş danışmaq olar. Ruhun insanın daxilində olmasını deyə bilmərəm. Ruh metafizik bir məfhumdur, amorf bir anlayışdır. Biz onun konkret yerini göstərə bilmərik. Ruhun hansısa bir necəlik xüsusiyyətini təsvir etmək heç vaxt mümkün deyil.
 
Biz sadəcə ruhun təzahürü sayəsində onu öyrənə bilirik, onun haqqında mühakimə yürüdürük. Müqayisə aparaq. Məsələn, götürək, ağlı. Ağıl beyindirmi? Qətiyyən. Ruh beyindirmi? Qətiyyən. Ruhi xəstələrin, şizofrenik insanların beyinlərində biz heç zaman spesifik dəyişiklik tapa bilmirik.
 
Nevrozların, depressiyaya düşən insanların beyinlərinin anatomik quruluşunda hər hansı bir dəyişiklik olmur. Proses necə baş verir? İnsan deyək ki, hər hansı vəhşi heyvan görür və bizdə təlaş yaranır. Bu qorxunu bizdə nə yaradır? Neyromediatorlar.
 
Bəs bunun kökü insan ruhuna necə gedib çıxır? Məşhur bir video var. Şirlər oğlana doğru qaçır, biz də elə bilirik ki, hücum edirlər. Onlar oğlanı yıxırlar, onu yalayırlar. Məlum olur ki, o oğlan balaca vaxtından həmin şirləri saxlayıb. Şir bizim üstümüzə gəlsə, qorxarıq. Amma o insan sevinc hissi yaşayır. O adamın ruhu həmin şiri sevgi obyekti kimi qiymətləndirir. Buna görə də, onun beynində tamam ayrı neyromediatorlar işə düşür. O insan tamam başqa hisslər yaşayır. Bizdə isə şir qorxu obyektidir.  
 
Dinlərin üzərində manipulyasiya etdiyi ruh anlayışını psixologiya qəbul edir. İnsanlar deyirlər ki, onların gözünə ruh görünüb. Psixologiya da o ruhun varlığını qəbul edir. Ziqmund Freyd dahi insan, psixologiyanın atasıdır. Ona qədər olan psixoloqlar ofis siçovulları idilər. Freyd psixoanaliz sayəsində əsl psixologiyanı yaratdı. Onun nəzəriyyəsindəki şüuraltı, şüurüstü, eqo anlayışlarının beyinlə, maddi materiya ilə heç bir əlaqəsi yox idi. Nevropatoloqların işi beynin fiziki zədələrini sağaltmaqdır. Nevropatoloqlar Freydi yaratdığı metafizik nəzəriyyəyə görə ittiham edirdilər.
 
Biz o ruhun varlığını qəbul edirik. Amma nadan və cahil insanları başa salmaq çətindir.  Ruhun xüsusiyyəti odur ki, onu gözlə görmək mümkün deyil. O, metafizikadır, materiya deyil.
 
-Kameralara sanki hansısa varlıqların düşməsi barədə çoxsaylı iddialar eşitmişik. Onlar nədir: hər hansı dalğa, yoxsa yalnız manipulyasiya? 

-Bunun izahı çoxdur. Birincisi, müxtəlif optik fenomenlər, hadisələr mövcuddur. Bizim camaat isə tam fərqli düşünür. Gətirib bəzən şəkil göstərirlər və o fotoda ruh olduğunu deyirlər. Düşünürəm ki, onlar hansısa "Fata Morqana" kimi ilğımlar görsələr, onları ümumiyyətlə idarə etmək çox asan olar. "Fata Morqana" xüsusi ilğım növüdür. Bu elə bir şeydir ki, bir də görərsən ki, səmada maşınlar gedir, insanlar gəzir. Hansısa bir şəhərdə olan hadisəni səmada müşahidə edə bilərsiniz. Bizim camaat elə bir şey görsə, ağlını itirər. Kimsə gəlib deyər ki, o, peyğəmbərdir.
 
Deyərlər ki, bu qiyamətdir, gətirin pul verin. Hamısı da gətirib verər. Halbuki bu, optik hadisədir. Bunu bilməyən adamların çoxu heç orta məktəb də oxumayıblar.
 
 
Optikanı yaxşı bilən bir insan başa düşməlidir ki, bu cür hadisələr sadəcə olaraq fiziki fenomenlərdir. Çox zaman isə belə hadisələrdən manipulyasiya edib qazanc məqsədi güdürlər. Avropada gözəl qəsrlər, tarixi yerlər mövcuddur. Orada qəsrlərə turist cəlb etmək üçün hansısa bir əfsanələr yaratmağa başlayırlar.
 
Əşyaların hər biri müxtəlif kimyəvi maddələrdən ibarətdir. Onların da hər birinin xüsusiyyəti var. İstidən genişlənmə və daralma xüsusiyyətləri. İndi hardasa nəsə yerə düşə bilər, otaqda səs yarana bilər. Bunların hamısını hansısa varlıqla əlaqələndirmək yalnız insan şüurunun manipulyasiyasıdır.
 
Xüsusi xidmət orqanları da maraqlı olub ki, insanlar üçün belə nağıllar, əfsanələr yaradılsın. Keçmiş MTN-in generalları tutulanda bəlli oldu ki, bütün falçıların çoxu onlarla əlaqəlidir. Məlum oldu ki, iyrənc bir binamus bunlarla əlaqədə olub manipulyasiya edib. Camaatı qoyun yerinə qoyurdular. Uyub falçılara gedənlər də qoyun idi. Fərqi yoxdur, istər məmur, istərsə də başqaları olsun. Pullu qoyunlar, kitab yüklü uzunqulaqlar gedib sirlərini satırdılar. Nə zamandan sonra da bəlli olar ki, bayaq dediyiniz Ağdaşdakı hadisənin arxasında kimsə durur. İnsanlar nağıla uymağa meyllidirlər. Bir də görürsünüz ki, uçan boşqablardan danışırlar...
 

-Bizim adət etmədiyimiz, görmədiyimiz əcaib texnikaların kameraların yaddaşına düşməsi halları da az olmayıb...

-Mən bu boyda kainatda Yerdən başqa haradasa həyatın olmasını danmıram. Amma tam da əminəm ki, uçan boşqab söhbəti bir oyundur. Hansısa inkişaf etmiş ölkələrin aparatlarıdır. Uçan boşqab fenomeninin nağıl olması hələ başqa planetdə həyatın olmaması da demək deyil.
 
Bir vacib xüsusiyyəti də deyim ki, hallüsinasiya təkcə bir adamın gözünə görünməyə də bilər. Ola bilər ki, bu, kütləvi psixoz hadisə olsun. Mümkündür ki, bir kənd kütləvi psixoza tutulsun. Təhsil alanda və sonrakı mərhələlərdə müəllimlər bizi bəzi şeylərlə tanış edirdilər.
 
Məsələn, bir ailə gəlib deyirdi ki, onlar dünyasını dəyişmiş bir qohumlarının ruhunu görüblər. Hamısı da bir ağızdan "bəli" deyirdi. Mən isə xırda detallarına qədər gedirdim. Məsələn, sual edirdim ki, o gözünüzə görünənin corabı, köynəyi nə rəngdə idi?
 
Bu məqamda hərəsi bir söz deyirdi. Biri deyirdi ağdır, başqası deyirdi qaradır. Yəni kim o ölən insanı necə təsəvvür edirdisə, onu dilə gətirirdi. Məlum oldu ki, bu gözəgörünmə onların təxəyyülünün, fantaziyasının məhsuludur.
 
-Bulqakovun məşhur "Master və Marqerita" əsərində magiya qrupu insanları kütləvi psixoz halına salırlar. Üstəgəl, siz dediyinizdən də belə nəticə çıxarmaq olar ki, insan şüuru hansısa bir enerji vasitəsi ilə yönləndirilir. 

-Elm o qədər maraqlı və əsrarəngizdir ki... Düzdür, SSRİ-nin təhsili indikindən qat-qat üstün idi. İndi isə Azərbaycan elmi uçuruma düşüb. Amma Sovet vaxtının elmi qüsurlu idi. O dövrdə elm insanlara o qədər yekənəsəq, quru təqdim olunurdu ki, onlar hansısa qeyri-adi görünə bilinən şeyi elmdən kənar hesab edirdilər. Elmdə induksiya deyilən bir xüsusiyyət var.
 
Ruhi xəstələr öz dediklərinə inanır deyə, onu elə canlı danışırlar ki, kənardakı insanlar da bəzən onun təsirinə düşür. Ruhi xəstənin gözünə hallusinasiya görünür və bunu çox canlı şəkildə danışır. Ətrafdakı insanlar da istər-istəməz onu təxəyyülündə canlandırır. Onlar təxəyyülündə canlandırdıqlarını real obraz kimi qəbul etməyə başlayırlar. Onlar şizofreniya xəstəsi deyillər.
Falçılar, ekstrasenslər, parapsixoloqlar kimdir? Ya əsl dələduz, şarlatan, ya da həqiqətən ruhi xəstələr. Ruhi xəstələrin başqalarını inandırmaq qabiliyyəti daha güclüdür. Çünki onlar doğrudan da elə bilir ki, onlara vergi verilib, təxəyyülündəkiləri çox canlı danışırlar.
 
-Mənim atam heç zaman fala, caduya inanmayıb. Amma həmişə olan bir şeyi danışır. Deyir ki, gənclik illərində elə-belə maraq xatirinə bir qaraçıya falına baxdırmışdı.  Deyir, qaraçı əlinin içinə baxan kimi bildirdi ki, 15 gündən sonra sizin nəsildə çox bədbəxt bir hadisə olacaq. Həqiqətən də olmuşdu. Bunu necə qiymətləndirək? Hansısa siqnal, dalğa vasitəsi ilə verilən dəqiq proqnoz, yoxsa sadəcə ehtimal? 

-Azərbaycanda elm çoxdan rəhmətə gedib, onu basdırıblar, heç xəbərimiz də yoxdur. Çünki bizim bəzi alim adlandırdıqlarımız elə bir cəfəngiyyat danışırlar ki, adam məəttəl qalır. Gələcək hələ yoxdur. Olmayan şeyi necə demək mümkündür?! Siz dediyiniz fenomenlər tarixən də olub. Məsələn, Mesmer, Rasputin kimi adamlar ağıllı insanları da aldadıblar. Məgər fırıldaqçılar, banklar insanları aldatmırlar?! Məsələ ondan ibarətdir ki, həyatda təsadüflər, ehtimal nəzəriyyəsi var. İnsanlar indi ehtimal nəzəriyyəsi ilə az qala lotoda hansı rəqəmlərin olacağını müəyyənləşdirirlər.
 
Bu da elmdir. Amma Azərbaycanın yatmış camaatının bunlardan xəbəri yoxdur. Bu gün yığışaq bir otağa, 5 proqnoz səsləndirək. İnanın ki, bu proqnozların ən azı 4-ü reallaşa bilər. Sadəcə bir söz eşidəndə, sonra da o hadisə olanda insanlar düşünməyə başlayır. Adətən insanlar ya çox xoş bir hadisəni, ya da çox bədbəxt bir hadisəni yadında saxlayır. Çünki o hadisələr olan zaman insanın ruhunda təlatüm yaranır, onun daxilində zəiflik yaranır, nəyəsə inanmaq istəyir.
 
Bu yaxınlarda Elmlər Akademiyasında eksperiment apardım. Dedim ki, 5 nəfər gətirin, mən onların falına baxım. Sonra mən o adamların heç birini inandıra bilmədim ki, bu sadəcə tryukdur, hadisədir, proseduradır. 
 
Hər bir insanın individual xarakteri var. Amma hamı üçün ümumi olan oxşar cəhətlər də var. Misal üçün, Azərbaycanda bu yaşda olan qadının, qızın təxminən nələr yaşadığını bilmək olur. Ehtimalla demək olar ki, bu insanlar həyatında hansı hadisələri yaşayıb. Bir az müşahidəçilik qabiliyyəti olanda insanın üzündən informasiya ala bilmək mümkündür. İnsanın yaşadığı emosiyalar onun üzündə ömürlük möhür qoyur. Hirsli adamların üzündə bir cür, bədbəxt bir hadisə yaşamış insanların üzündə isə ayrı cür mimik əzələlər olur. İnsanın üzünə baxanda, onun durumu, yaşadıqları, xasiyyəti haqqında nəsə demək olur. Qaraçı falçılar bu işin ustasıdır. Onlar bir az fantaziyalarını işə salırlar və insan yarım saatın içində onun ovcunun içində olur. Falçılıq bundan başqa bir şey deyil. Bunun da arxasında elmi fenomenlər durur.
 
-Mənim yadıma gəlir, efirdə biri deyirdi ki, falçı ona yastığının altından sümük tapacağını deyib. Və həmin adam da həqiqətən onu tapıb. Amma siz izah etdiniz ki, o sümüyü əslində özü ora qoyub. Bir az ətraflı danışardınız...
 
 
-Mən Kalininqrada getmişdim. Orada qaraçılarla tanış oldum, mənim bu millətə böyük hörmətim var. Erikson hipnozu deyilən bir anlayış var. Bu, klassik hipnozdan fərqi ondan ibarətdir ki, danışa-danışa insanı transa salmaq mümkündür. Transa düşən insanın beyninə həmin anda  hansı məlumatı desən yerləşdirmək olar. Bunun da kökü gedib qaraçı falçılığına çıxır. Qaraçı bir kəndə gəlir. Qarşısına çıxan adamın əlini əlinə alır və guya onun falına baxır. Əslində isə o, fala baxmır. Buna kinestik hipnoz deyirlər. Yəni xüsusi toxunuşla insanı hipnoza salırlar. Heyvanda bunu daha asan müşahidə etmək olur. Məsələn, akulanın qarnının altını sığallayanda o, hipnoza düşür. Toyuğu başı üstə çevirəndə o transa düşür. İnsanda müəyyən kinestik toxunmaları forması var ki, onunla adamı transa salmaq olur. 

Qaraçılar bunu çox asanlıqla edirlər. İnsanları transa salandan sonra əlinə bir torba verirlər.
 
Deyirlər ki, içinə baxma, get evinizə, gecə hamı yatandan sonra bu boğçanı evinizdə filan yerdə gizlət. Məsələn, paltonun cibinə qoy, ya da həyətdə bir yerə. Qaraçılar bu proqramı insanın beyninə yazır. Sonra deyir ki, mən 5-ə qədər sayacam və sənə dediklərimin hamısını unudacaqsan. Edir və insan da ayılır. Həmin adam elə bilir ki, qaraçı onunla 1 dəqiqədir ki, söhbət edir. Halbuki, qaraçı onunla 10 dəqiqədir söhbət edir. O insan gedir, özü də bilmədən əlində olan boğçanı gizlədir. Sonra da qaraçı ya da falçı gəlib deyir ki, gedin filan yeri qazın oradan nəsə çıxacaq. Qazırlar, doğurdan da, nəsə çıxır. Çünki onu qaraçının trans vəziyyətinə saldığı adam özü orada gizlədib.
 
Azərbaycanda olan falçıların çoxu MTN-lə əlaqəli idilər. MTN insanların şəxsi məlumatlarını onlara göndərirdi.
 
İndi hamı Vanqanın adını çəkir. Araşdırma apardılar və məlum oldu ki, Vanqa heç zaman yaşadığı ölkənin ərazisini tərk etməyib. Halbuki deyirlər ki, qum burulğanına düşüb. Əslində Vanqanı zorlayıblar və onu zorlayan adam da gözünü çıxardıb. Bolqarıstanda məgər səhra var?!
 
Falçılar, ekstrasenslər, parapsixoloqlar bir adamın qələti deyil. Bu, bir şəbəkədir, mafiyadır. Bunun arxasında böyük bir şəbəkə dayanır. Çünki ortada böyük məbləğlərdə puldan gedir.
 
Təbii ki, Vanqa heç kim idi.
 
-Belə bir sual verim. Hər bir insanı trans vəziyyətinə salmaq olarmı? 

-Bəli. Ən çox şüuru olan insanları transa salmaq olur. Axmaqları isə yox. Ağıl kəmliyi olan insanlar isə heç zaman hipnoza düşmür.
 
-Sizin adını çəkdiyiniz Freyd yuxuya təxminən belə tərif verir: "Yuxular arzuların təhrif olunmuş reallaşmasıdır". Mənə bir jurnalist kimi maraqlıdır: yuxu necə və niyə yaranır?

-SSRİ elmi quru, vulqar materializm əsasında qurmuşdu. Bu da təbii ki, absurd bir ideyalar idi. Onun əksi çıxdıqca, insanlar elə düşünür ki, fövqəladə şeylər var.
 
İnsan saatları, günləri bir yuxuda görür və bu bir neçə saniyənin içində baş verir. Elm bu gün müxtəlif ölçülü məkanların olduğunu sübut edib. Biz 3 ölçülü məkanda yaşayırıq. Biz insanlar özümüzü nə qədər üstün saysaq da, bu da bir qələtdir. Biz də, heyvanlar da, bitkilər də bir həyat formasıyıq. Ola bilər ki, başqa bir planetdə səs formasında həyat var.
 
Biz universitetdə histologiya fənni keçəndə, şok yaşadım. Təsəvvür edin ki, birhüceyrəli canlı özünü bizim bəzi insanlardan nizamlı aparırdı. Görün təbiətdə nə qədər nizam-intizam var. Bu gün deyirlər ki, heyvanların təfəkkürü yoxdur. Amma düz deyil. Ola bilsin ki, heyvanların təfəkkürünün müstəvisi adamınkından fərqlidir...
 
Bəli, hər şey kimi yuxu fenomeni də var. Dahi Ziqmund Freyd elmə çox böyük bəhrə verdi. Yuxuları ilk dəfə Freyd elmi şəkildə izah etdi. Yuxularda bizim qorxularımız, istəyib həyata keçirmədiyiniz nələrsə öz əksini tapır. Yuxuda şüur yatır və şüuraltı oyanır. Şüuraltı yuxuda bizimlə simvolların dili ilə danışır. Burada çox böyük məlumatlar var. Bunlar hamısı elmi anlayışlardır. Elmin böyüklüyü odur ki, hər şeyin izah olunmadığını etiraf edir. Fırıldaqçılar isə bundan istifadə edir və deyirlər ki, nə zamansa filan şey də tapılacaq. Parapsixoloqlar, falçılar min illərdir insanların başlarına corab hörürlər. Elm çoxdan onların dediyini filtrdən keçirib, təftiş edib. Elmi şeylərin hamısı götürülüb. Yerdə qalanlar ekstrasens, falçı, parapsixoloq kimi tullantılardır.
 

-Ziqmund Freydi sizin qədər də olmasa, az-çox mütaliə etmişəm. O deyirdi ki, 3-4 yaşında oğlan uşağı anasını atasına qısqanır. Bu, elmi terminologiyaya "Edip kompleksi" adı ilə daxil olub. Eyni zamanda eyni yaşda qız uşağının da atasına qarşı cinsi istəyinin yaranması və atasını anasına qısqandığını bildirirdi. Bu da "Elektra kompleks" adlanır. Bunu necə müəyyən edə bilərik ki, Freyd düz deyirdi? Praktiki bir örnək varmı? 
 
-Hər bir kəs yuxusunda yaxın qohumu ilə bağlı erotik yuxu görür. Bunlar insanın psixoseksual inkişaf mərhələləridir.
 
Problem Freyddə deyil. Bizdə seks çox iyrənc bir şey kimi çatdırılır. İntim həyat, seks çox müqəddəs bir ritualdır, ibadətdir. Bəlkə də ən müqəddəs ibadətdir. İnsanın kamilliyə doğru yolunda ən gözəl bir ritualdır. Sadəcə olaraq, primitiv insanlar bunu iyrənc bir formada dərk edirlər. İntim həyat insanın dünyaya təmasında, inteqrasiyasında ən böyük addımdır. Psixi-cinsi etaplar var. Bu, 18 aya qədər oral mərhələdir. 18 aydan 36 aya qədər, yəni 3 yaşa qədər anal mərhələ gəlir. Daha sonra latent, genetal, fallik mərhələlər gəlir.
 
Hər birində də insan inkişaf etapı keçir. "Edip kompleksi", "Elektra kompleks" o zaman baş verir ki, insan fallik mərhələdə yaşadığı nələrinsə çözümünü tapmaq istəyir. Bu çözümü insan fallik mərhələdə tapa bilməyəndə, gələcəkdə onda müəyyən problemlər ortaya çıxır. Uşağın cinsi hissləri daha çox erotik formada öz əksini tapır.
 
Libido, yəni cinsi inkişaf enerjisi deyiləndə, təkcə, primitiv seks aktı nəzərdə tutulmamalıdır. Bütün yaradıcılıq, quruculuq addımları bu enerji ilə bağlıdır. Bunu sözlə ifadə etmək bir az çətindir. Libido insanın özündən kənardakı obyektlərə qovuşmasıdır. Seksin özündə nə baş verir? İki insan tam paltarsız, bir-birinə yaxınlaşır və bir obyektə çevrilirlər. İnsan sevdiyi insanla orqazm yaşayanda elə bir an yaşayır ki, onun eqosu itir, iki insan bir insana çevrilir. Siz bir əsəri sevirsizsə, sanki bir orqazm yaşayıb onunla birləşmiş olursuz.
 
İnsanda ilk vaxtlar erotik hisslər yaranmağa başlayanda onlar ilk olaraq ən yaxında olan obyektə, sevdiklərinə nəzər yetirirlər. Uşaq psixikası elədir ki, o, bütün hisslərini sevdiyi obyektə yönləndirir. O elə bilir ki, kimisə sevirsə, bütün hissləri ona aludə olmalıdır. Qısacası uşaq elə bilir ki, hər şey sevdiyi insanla bağlıdır.
 
Bəziləri isə çox primitiv düşünür və deyir ki, Freyd guya atanın qızla cinsi əlaqədə olmasını dəstəkləyib. Siz bilirsinizmi Freyd nə qədər mühafizəkar olub?! O, adi cinsi azadlığı qəbul etməyib. Onun dediyi sözləri bu qədər primitiv başa düşmək lazım deyil. Dinə inanmaq da olar, inanmamaq da.
 
Amma müqəddəs yazılarda olanlarda çox böyük müdrik nüanslar var. Onların dediyinin çoxunu analiz etsəz, gedib Freyd deyənlərə çıxacaqsınız. Məsələn, mən təkamül nəzəriyyəsinə inanıram və Quranın özü də təkamül nəzəriyyəsini sübut edir. Tövrat, İncil, Quran bizə nə deyir? Deyir ki, insan var idi, yaşayırdı, xoşbəxt idi, sevirdi. Və günlərin bir günü ona özünüdərk hissi gəldi. Günlərin bir günü onda ayıb hissi, yəni hansısa mənəvi kateqoriyalar yaranmağa başladı.
 
Məgər bunu deməklə, dini kitablar sübut etmir ki, təkamül olub?! Yəni, nəsə olub ki, insan dəyişilib.
 
-Təkamülün Quranda olması iddiası çox geniş müzakirələr yaradıb. İlahiyyatçıların çoxu bunun yalan olduğu qənaətindədir...
 
-Təkamül nəzəriyyəsindən bioloqların, həkimlərin genetiklərin, müəyyən mənada da arxeoloqların danışmağa ixtiyarı var. Din xadimləri, ilahiyyatçılar isə ən yaxşı halda filosof ola bilər. Teologiya fəlsəfənin bir hissəsidir. Sənin nə ixtiyarın var ki, təkamül haqqında söz deyirsən? Üstəgəl, təkamülün Allaha nə aidiyyatı  var? Ədəbiyyatın elmi kateqoriyaları ilə kimyaya qiymət verə bilərsiniz? Xeyr! Kimyanın da hər hansı laboratoriya analizləri ilə də coğrafiyada nəsə tapmaq olmaz.
 
Təkamül bilogiyanın bir nəzəriyyəsidir. Biologiyanın nəzəriyyəsi ilə Allahın varlığına ya da yoxluğuna qiymət vermək olmaz. Bu, absurddur.
 
Freyd düz deyirdi. Dinə gələnlərin 90 faizi hansısa psixoloji problemlərdən dolayı o yolu seçirlər.  Freyd dindarları araşdırırdı. Məlum olurdu ki, dindarların daxilində çox böyük günah hissi və böyük istəyi var.
 
-Ümumi danışmaqdansa, konkret nümunə ilə izah etməyiniz daha yaxşı olar.
 

-Məsələn, məlum olurdu ki, kimsə öz qardaşının arvadını sevir. Amma qardaşını çox istəyir. O daxilindəki günah hissini boğmaq üçün dindar olurdu. Freyd araşdırırdı və bildirirdi ki, o insanlar nevrozdur. Təbii ki, haqlı idi.
 
Təkamülə qayıdaq. Təkamül dəyişiklik deməkdir. "Təkamül nəzəriyyəsinə inanmıram" deyənlərin çoxu heç başqa yerə getməyiblər, mütaliə etməyiblər, elmdən xəbərləri yoxdur.
 
-Darvin deyirdi ki, növlər təbii seçmə üsulu ilə dəyişilir. Bu mexanizmdə canlının genetikası dəyişirmi? 

-Genetika elmi ikinci bir elmdir ki, dəyişəndir. Dünənə kimi genetikada dominant və resessiv gen anlayışları var idi. Əvvəl elə bilirdilər ki, bir gen 0 faiz fəaliyyət göstərir, digəri isə 1 faiz. Guya bunlar yan-yana düşəndə faizi çox olan o birini üstələyir. Amma indi məlum olub ki, hər bir genin fəaliyyət faizi var. Genetikada yeniliklər çoxdur. Darvinizmə primitiv yanaşanlar çoxdur. Onların əksəriyyəti elm adamlarından çox, ortalıqda gəzib mübahisə edən dil qəhrəmanlarıdır. Onların ağzında primitiv darvinizm hökm sürür. Deyirlər ki, biz meymundan əmələ gəlməmişik.
 
Genetika primitiv darvinizm yanaşmasını alt-üst edir. Genetika sübut edir ki, gen məlumatlarının özünü qoruyub-saxlamaq qanunları var. Rəhmətlik, yazıq Darvini o qədər ortalığa salıb oyuncağa çeviriblər ki... Təbii ki, Darvinin dediyi bir nəzəriyyə idi. Onun düz və yanlış tərəfləri var idi.
 
Çünki Darvinin dövründə çox şey yox idi. Söhbət isə konkret təkamüldən gedirsə, ağıllı, elmli adamlar onu inkar edə bilməz. Növlərin dəyişməsi isə, məsələn amöbün dinozavra çevrilməsi isə sual altında olan məsələdir. Darvinizm nəzəriyyəsində mənim tamamilə qəbul etmədiyim məqamlar da var.
 
Məsələn, Darvinin düşüncəsində hər şey piramida sistemində qurulub. Bu piramida da primitiv və ali anlayışları var. Amma bunu mən inkar edirəm. Həyat piramida ola bilməz, həyat bir çevrədir. Bizim nə qədər yaşamağa ixtiyarımız varsa, amöbün də o qədər ixtiyarı var. Heç zaman deməyə ixtiyarımız yoxdur ki, insan ali, amöb isə primitivdir. Bu mənada darvinizmin çox böyük qüsuru var.
 
-İndinin özündə insanın genetikasında dəyişiklik baş verirmi?
 
-Bunu 1-2 xırda faktla deyəcəyəm. Bu qədər genetik xəstəliklər, pozuntular yaranır. Bunlar genlərdə baş verən dəyişikliklərin nəticəsidir. Mutasiyalar gedir.
 
Azərbaycanın isə genefondu korlanıb. Bizdə kimisə qızışdırıb qabağa, döyüşə verirlər. Milli qeyrət hissi olanların çoxunu qırğına verirlər. Qalanlar kim olur? Qorxaqlar, qaçanlar. Sonra da o qorxağın nəsli artır. Onlar da onun kimi qorxaq olur. Nəticədə nə baş verir? Millətin genefondu korlanır. Hər müharibə xalqın genefondunu korlamaq deməkdir. Müharibəyə kimlər gedir? Cəsarətli, sağlam, mərd insanlar. Onlar gedir ölür. Qalanlar kim olur? Şikəstlər, hərbi xidmətə yararsızlar və qorxaqlar. Onların da nəsil artırmağı gətirib bugünkü deqradasiyaya çıxarır. Bunlar genlərin dəyişməsini sübut etmir?!
 
 
-Falçılardan eşitməmişəm, öz dilinizdən çıxan sözə şahid olmuşam. Keçdiyiniz seminarın birində demişdiniz ki, Qafqaz Müsəlmanları İdarəsi  sizin kitabı çapa verməyinizə mane olub...

-Məndə o qədər elə məyusluqlar olub ki. Bəzilərinin üstünə qayıtmaq istəmirəm. Bir qisminə ona görə qayıtmaq istəmirəm ki, artıq konservativ və maarifçi cəbhə arasında müəyyən dialoq yaranıb. Halbuki, bir çoxlarının 5 il bundan öncə imkanı olsaydı, bütün kitabları yandırardılar. Bir qisminə də ona görə qayıtmaq istəmirəm ki, mən elə yerdəyəm ki, nə qədər əyilsəm də o insanlara çata bilmərəm. Bu gün bizim kütlədə belə bir deyim var: "Ölünün dalınca danışmazlar". Bu düşüncə axmaqlıqdır. Pis adam çaqqal kimi yaşayır, it kimi gəbərir. Öləndə də ona yaxşı demək lazım deyil. İndi vaxtı ilə mənə problem yaradan bəziləri var ki, gəbərib. Dəfələrlə mənim məqalələrimi çap etməyiblər. Mənim yazdığım elmi məqalələrdən kəsib götürüblər. Deyiblər ki, bu hissələr bizim xalqın mentalitetinə yaraşmır.

- Məsələn, kimlər sizə maneçilik törədiblər, ad çəkə bilərsiniz?

- Azərbaycanın sabiq baş psixatrı Ağabəy Sultanovun mənim əsərimi oğurlaması barədə danışa bilərdim, amma danışmaq istəmirəm. Onlara qayıtmağın mənası yoxdur. 

-Siz danışmaq istəməsiniz də, jurnalist olduğuma görə, yeni sualım yaranır. Rəhmətlik Ağabəy Sultanovla aranızda konkret nəsə olmuşdu?  
 
-Ağabəy  Sultanov rəhmətə getməyib, mədəni dildə desək, sadəcə ölüb. Rəhmətə gedən adam rəhmət qazanmalıdır. O adam 2 şeydən qorxurdu: ölüm və unudulmaq. Ağabəy Sultanov öldü və öldüyü gün də unuduldu. Ağabəy Sultanovda bir damcı da aristokratiya yox idi. Mən onkoloji xəstələr haqqında elmi iş yazırdım. Mən onkoloji xəstələrin psixologiyası mövzusunda iş götürmüşdüm.
 
Araşdırmışdım və çox maraqlı nəticələrə gəlmişdim. Bu nəticəyə gəlmişdim ki, onkologiya psixoloji cəhətdən düzgün həyat yaşamayan insanlarda əmələ gəlir. Yəni, fikrini deyə bilməyən, qapalı, çox utancaq adamlarda. Adam gəlirdi, ona onkologiya diaqnozu qoyurdular. Gedirdi qayınanasına ağlına gələni deyirdi. Fikirləşirdi ki, onsuz da öləcək. Halbuki onkoloji xəstəliklərin hamısı ölümə aparmır.
 
Davranışını dəyişən insan hamıya ağlına gələni deyirdi, üstəgəl düzgün müalicə alırdı, bir müddət sonra da sağalırdı. Bilirsiniz niyə sağalırdı? O davranış streotiplərini sındırırdı. Bir növ azadlığa çıxırdı. Həkim deyirdi ki, artıq sağalmısınız. Təzədən əvvəlki davranış və düşüncə tərzinə qayıdırdı və illər sonra yenidən onkologiya yaranırdı.
 
Mən insanlar arasında sorğu keçirirdim. Mən xarici təcrübəyə də söykənirdim. Çiy, primitiv formada yazdıqlarımı Ağabəy Sultanova təqdim etmişdim. Baş psixiatr olduğuna görə, bizim işimiz onun qılıncının altından keçirdi. Sonra o, mən yazdıqlarımı öz məqaləsinin bir hissəsi kimi vermişdi. Ağabəy Sultanovun dünyagörüşünə görə də çox həkim ondan uzaq gəzirdi.
 
-İndi belə danışırsınız, bəs niyə vaxtında hüququnuzu müdafiə etmədiniz? 

-O zaman mənim heç hüquq anlayışından təsəvvürüm yox idi. O zaman sırf elmin içində olduğuma görə, elə anlayışlardan xəbərim yox idi. Mən işçi arı kimi bal toplamaqla məşğul idim. Əvvəlcə Ağabəy Sultanovun işimi öz adına çıxarması mənə xoş gəldi, sevindim. Sonra məni başa saldılar ki, Ağabəy Sultanov sənin işini oğurlayıb.
 
O nə idi? Bir tələbənin təşəbbüsü, elmi işi. Mən sonradan nə itirdiyimin mahiyyətini anladım. Ağabəy Sultanovun dövrü Azərbaycan psixiatriyasına qara ləkə, damğa idi. Ağabəy Sultanov pis adam idi.
 
O zaman imtahan verirdik. Gəray Gəraybəyli də orda idi. Təsəvvür edin ki, kafedrada yer ayrılmışdı. Orada suallara çox yaxşı cavab verdim. Buna görə də yer mənə ayrıldı. Amma Ağabəy Sultanov o yeri başqa birinə verdi. Ağabəy Sultanov ölən kimi də o adam öz işinin dalınca getdi.
 
Ağabəy Sultanovun heç zaman ətrafında da adam olmayıb. Onun heç kimə hörməti yox idi. Şöhrətpərəst, şəxsiyyətinə aşiq birisi idi. O adam, Azərbaycan psixologiyasına, psixiatriyasına, tibbinə çox böyük zərbələr vurub.
 

-Bu sualıma səmimi cavab verin. Ateistsiniz? 
 
-Sizin kimi bütün ətrafım da mənə bu sualı verir. Ateist deyiləm. Mən ideyanın varlığına inanan insanam. Müqəddəs yerlərə də gedirəm, dini ritualları da edirəm. Hansısa ibadətləri də edirəm.
 
Amma bugünkü dinlər daha çox ateistdirlər. Dindarların özlərinin də xəbəri yoxdur ki, onlar çox materialist və ateist düşüncəlidirlər. Sovetin elmi ateizm fənni deyən insanlarında müqəddəslik, nur daha çox idi. İndiki dindarlarda və dində isə bunlar yoxdur. Allahın birinci düşməni dinlərdir.
 
İsa peyğəmbər zühur etsə, birinci olaraq molla, ravvin, keşişlərin başını üzəcək. Çünki onlar bu qədər insanın dini hissini məhv ediblər. Dinin hökmü ilə qərar versək, birinci başı üzülməli adamların çoxu din xadimləridir.
 
-Azərbaycanda şizofreniya xəstələrinin statistikası varmı? 

-Azərbaycanda bunun statistikasını aparmağa da ehtiyac yoxdur. Çünki şizofreniya çox qəribə bir fenomendir. Hər ölkədə səhv etmirəmsə, əhalinin sayının 0.1-1 faizini təşkil edir. Bütün ölkələrdə eyni statistik məlumatlardır.
 
Amma postsovet məkanında şizofreniklərin sayı daha çoxdur. Ona görə ki, insanlar SSRİ zamanında siyasətin əlində bir çəkic rolunu oynayıb. Kim fərqli düşünürdüsə, onu cəmiyyət də, dövlət də onu hədəfə alırdı.
 
-Azərbaycanda intihar hallarının sayı artır. Mən istəyirəm ki, intiharın səbəbinin zahiri yox, gizli qatındakı mexanizmini izah edəsiniz. 

-İntiharın çox səbəbləri var. Ruhi xəstələrdə də intihar olur. Ya da depressiyanın ağırlığı adamları intihara aparır. Lakin indiki kütləviləşmiş intihardan danışırıqsa, bunun  sosial-psixoloji səbəbləri var.
 
Əsl şeytan yolu bankların sələmçiliyidir. Banklar insanları köləyə çeviriblər. İctimai formasiyalarda kəndlinin qula çevrilməsini özündə əks etdirən mexanizm var. İndiki kreditlər insanları köləliyə aparır. İndi insanların hər bir şeyi kreditdədir. İnsan şüuruna o qədər basqıdadır ki, onlar şüuraltı olaraq köləliyə getdiklərini başa düşürlər. Birinci yerdə duran iqtisadi problemdir.
 
İntihar edən adamların hamısına biz şizofrenik deyə bilmərik. İnsan intihar edən anda affekt halında olur. İqtisadi və ondan qaynaqlanan psixoloji problemlər insanların üzərinə gəlir. İnsanlar qapanır, problemlər içində qaynamağa başlayır. Öz dərdini bölüşə bilmir. Bölüşəndə də düzgün yol göstərən adamlar az olur. İnsan nəhayətdə intihar anına qapılır. Yanında da heç kim olmur ki, onu o yoldan çəkindirsin. Bu gün cəmiyyətdə insanların bir-birinə çox böyük biganəliyi yaranıb.
 
Müasir texnikaların da intiharın yaranmasında böyük rolu var. İnsanlarla canlı ünsiyyətdə olanda onların problemlərini duymaq olur. Danışıq tonundan, mimikasından və sair. Amma kimsə yazır: "Ölmək istəyirəm". Bu quru, cansız hərflər insanın real durumu haqqında məlumat vermir. İnsanların bir-birindən uzaqlaşması da intihara zəmin yaradır. Azərbaycanda hər bir şeyə müdaxilə edirlər, gəncləri həzm edə bilmirlər.
 
Bu gün ən böyük əxlaqsızlıq Azərbaycanda, Şərq ölkələrində, Qafqaz ölkələrindədir. Bir yerdə ki, qızın bakirəlik pərdəsi ilə onun əxlaqı qiymətləndirilir, bu, fahişə təfəkkürünün məhsuludur. Bu gün cəmiyyət qızlara bakirəlik pərdəsi ilə qiymət verirsə, bu fahişə təfəkkürüdür. "Sutenyor"ların yanına gedəndə də onlar qızları təqdim edirlər: "Bunun bakirəlik pərdəsi təzə açılıb, bahadır, o biri bir az ucuzdur" deyirlər.
 
Cəmiyyətdə belə reaksiyalar vicdanlı insanları yaşaması üçün də çətindir. İntihar birmənalı olaraq acizlikdir. İntiharı cəsarət kimi qələmə vermək də düzgün deyil.