SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bu gün Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, Dövlət mükafatı laureatı, xalq artisti Nəsibə xanım Zeynalovanın anadan olmasının 100 illiyi tamam olur. 
 
Nəsibə Zeynalova 20 aprel 1916-cı ildə Bakıda dünyaya göz açıb. Atası Kərbəlayı Cahangir, Bakıda anadan olub və tanınmış tacir və eyni zamanda aktyor idi. Azərbaycan milli realist aktyor məktəbinin banisi məhz Cahangir Zeynalov olub. İlk və yeganə övladı olanda arzu edib ki, qızı onun sənətini davam etdirsin. Ancaq bu arzusunun gerçəkləşməsini görmək Cahangir Zeynalova nəsib olmayıb.

1918-ci ilin mart ayında erməni daşnakları Bakıda kütləvi qırğınlar törədəndə Cahangir Zeynalov ailəsi ilə birlikdə İrana yollanıb. Sentyabrda Bakıya qayıdanda gəmidə yatalaq xəstəliyinə tutulan Cahangir Zeynalov qısa müddətdən sonra rəhmətə gedib. Onda balaca Nəsibənin iki yaşı vardı. Böyüdükdən sonra o, atasının arzusunu reallaşdıra bilib.

Yaradıcılığının mayası gülüş və musiqi ilə yoğrulmuş Nəsibə xanım orta məktəbdən rəqqasəlik etmiş, milli oyun havalarının mürəkkəb və lirik incəliklərinə yiyələnmişdi. 1932-ci ildə Rza Təhmasibin dram dərnəyinə üzv olub. 1937-ci ildə Bakıda, 1934-cü ildən mövsümi (aprel ayından oktyabr ayına kimi) fəaliyyət göstərən səyyar Kolxoz və Sovxoz Teatrında aktrisa işləməyə başlayıb. Bu teatr Bakıda truppa toplayır, özünə repertuar qurur, aprel ayından başlayaraq kənd təsərrüfatının qızğın çağında rayonlara gedib tamaşalar oynayırdı.

Bir il burada aktrisalıq edən Nəsibə xanım 4 aprel 1938-ci il-də yenicə yaranan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına birinci dərəcəli aktrisa götürülüb. Həmin il Bakı Teatr Məktəbinə daxil olaraq aktyorluq təhsili alıb.

Nəsibə Zeynalovanın yaradıcılığının ən parlaq dövrü isə çağdaş bəstəkarların müasir mövzusu musiqili komediya əsərlərinin tamaşalarındakı bir-birindən fərqlənən komik personajların ifası ilə bağlıdır. Bu baxımdan aktrisa aşağıdakı rolların əvəzsiz ifaçısı sayılır:

Xanpəri ("Dərviş Məstəli şah", Mirzə Fətəli Axundzadə və musiqi tərtibçisi Şəmsəddin Fətullayev),
Nargilə ("Gözün aydın", Məhərrəm Əlizadə və Fikrət Əmirov),
Şərəf və Nisə ("Durna", Süleyman Rüstəm və Səid Rüstəmov),
Məsmə ("Toy kimindir?", Məhərrəm Əlizadə və Ağası Məşədibəyov),
Züleyxa ("Ulduz", Sabit Rəhman və Süleyman Ələsgərov),
Tükəz ("Hacı Qara". Mirzə Fətəli Axundzadənin əsəri əsasında Şəmsi Bədəlbəylinin işləməsi və bəstəkarlar Vasif Adıgözəlovla Ramiz Mustafayev),
Tərlan ("Ürəkçalanlar", Məmməd Səid Ordubadi və Fikrət Əmirov),
Zemfira ("Kəndimizin mahnısı", Kərim Kərimov və Zakir Nərimanov),
Rəxşəndə ("Qızıl axtaranlar", Həsən Seyidbəyli və Tofiq Quliyev),
Münəvvər ("Bir dəqiqə", Məhərrəm Əlizadə və Hacı Xanməmmədov),
Kəblə Fatma ("Hacı Kərimin Aya səyahəti", Qulamrza Cəmşidi ilə Əbülfəz Hüseyni və Azər Rzayev),
Şölə xanım, Xeyransa, Matan ("Özümüz bilərik", "Sevindik qız axtarır" və "O1madı elə, oldu belə", Şıxəli Qurbanov və Süleyman Ələsgərov),
Mərcan ("Səndən mənə yar olmaz", Məhərrəm Əlizadə və Əşrəf Abbasov),
Cəhri xala ("Altı qızın biri Pəri", Məhərrəm Əlizadə və Tofiq Bakıxanov ilə Nəriman Məmmədov),
Əsınət ("Ev bizim, sirr bizim", Novruz Gəncəli və Şəfiqə Axundova),
Cənnət xala ("Qaynana", Məcid Şamxalov və Zakir Bağırov),
Gülyanaq ("Haradasan, ay subaylıq?", Salam Qədirzadə və Süleyman Ələsgərov),
Fatma xala ("Axırı yaxşı olar", Rəfiq Zəka Xəndan və Ramiz Mustafayev),
Rəxşəndə ("Bir dəqiqə", Məhərrəm Əlizadə və Hacı Xanməmmədov),
Zeynəb, Cəmilə ("Boşanaq, evlənərik" və "Nənəmin şahlıq quşu", Əliağa Kürçaylı və Vasif Adıgözəlov),
Cəlbi ("Beş manatlıq gəlin", Məmməd Səid Ordubadi və Səid Rüstəmov),
Səltənət ("Dağlar qoynunda", Ədil İsgəndərov və Əşrəf Abbasov),
Qızbacı ("Hicran", Sabit Rəhman və Emin Sabitoğlu),
Nazxanım ("Nazxanım naz eləyir" Məhərrəm Əlizadə və Nazim Əliverdibəyov),
Güləndam ("Qonşumuzda bir oğlan var", Məhərrəm Əlizadə və Ramiz Mustafayev),
Fatma ("Həyətim mənim, həyatım mənim", Cahangir Məmmədov və Tofiq Bakıxanov ilə Nəriman Məmmədov),
Ballı ("Qızıl toy", Ramiz Heydər və Oqtay Kazımov),
Qəmər ("Nəğməli Könül", Xalidə Hasilova və Emin Sabitoğlu)