VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda baş verən cinayətin təfərrüatları məlum olub.

BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, 24 iyun 2019-cu il tarixində Nizami rayonu, Qara Qarayev prospekti 85 və 87 ünvanında yerləşən binaların aralarında yaşıllıq sahədə kişi meyiti, əlinin yanında ağ rəngli mobil telefon, ayaqları istiqamətdə 5 ədəd giliz, "Opel" markalı avtomobilin sol ön qapısının tutacaq hissəsində 1 ədəd deformasiyaya uğramış güllə örtüyü, meyitin altındakı qurumuş ot örtüyündə hopmuş qan ləkələri aşkar edilib.

Nizami rayon prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Təyin olunan məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Samir Hüseynovun ölümünə qarın aortasının zədələnməsi nəticəsində yaranan massiv daxili qanaxma səbəb olub.

12 gündən sonra Nizami RPİ, 24-cü polis şöbəsi və rayon prokurorluğu əməkdaşlarının istintaq, əməliyyat-axtarış tədbirləri nəticəsində ağır cinayətin üstü açılıb. Belə ki, iyulun 6-da Ülvi Hüseynov, İlqar Əliyev və Əli Abdullayev tutulublar.

Həmin gün baxış keçirilməsi haqqında protokoldan görünüb ki, Əli Abdullayevin Sabunçu rayonu, Ramana qəsəbəsindəki 2 saylı sahədə yerləşən 1 nömrəli evin arxa hissəsində, yardımçı tikilidə gizlətdiyi "GLOCK-19" markalı silah, ona aid 2 ədəd sandıqça, içərilərində 39 ədəd patron aşkar edilərək maddi sübut kimi götürülüb.

Həmin tarixdə Samir Hüseynovun odlu silahdan açılmış atəşlə qətlə yetirilməsində iştirak etmiş şəxslərin əməllərinin CM-nin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə) maddəsinə tövsif edilməsi qərara alınıb.

Qara Qarayev prospekti, 74 ünvanında 24-cü polis şöbəsi tərəfindən quraşdırılmış müşahidə kamerasına baxış zamanı iyunun 24-ü gecə saat 01:35-də Samir Hüseynovun Ülvi Hüseynov tərəfindən izlənməsi müəyyən edilib.

Rüstəm Rüstəmov küçəsində yerləşən məişət texnikası mağazasının müşahidə kamerasına baxış zamanı Samir Hüseynovun saat 01:38-də oradan keçməsi, "Maklerlər bağı” kimi tanınan yerdən yolu keçməsi və Ülvi Hüseynovun ardınca gəlməsi görünüb.

Qara Qarayev prospekti, 69 ünvanında yerləşən marketin müşahidə kamerasına baxış zamanı Samir Hüseynovun saat 01:47-də mağazanın qarşısındakı pilləkənlərdən aşağı düşməsi, saat 01:48-də Ülvi Hüseynovun tələsik onun arxasınca getməsi, 01:52-də Samir Hüseynovun, ardınca Ülvi Hüseynovun yuxarı qalxması, 01:53-də İlqar Əliyevin pilləkənlərlə Samir Hüseynovun getdiyi istiqamətində hərəkət etməsi müəyyən olunub.

İbtidai istintaq orqanının Əli Abdullayevlə bağlı gəldiyi nəticəyə görə, o istintaqa məlum olmayan vaxtda və mənbədən Avstriyada zavod üsulu ilə istehsal edilmiş “GLOCK-19” markalı tapança və döyüş sursatı olan patronları qanunsuz əldə edib.

Əli Abdullayev Samir Hüseynovun ona və ailə üzvlərinə zərər vermək məqsədilə, onları izləməsindən şübhələnib qisas niyyəti ilə tanışları İlqar Əliyev və Ülvi Hüseynovla qabaqcadan əlbir olub, qrup halında onu qəsdən öldürmək qərarına gəlib.

Bu məqsədlə iyunun 24-ü axşam saatlarında Ülvi Hüseynov Samir Hüseynovu izləməyə başlayıb, İlqar Əliyev onun tapşırığına əsasən R.Rüstəmov küçəsi 14 ünvanında yerləşən "24 saat" marketinin yanına gəlib və məqsədlərindən məlumatsız olan Fuad Quliyev idarə etdiyi "BMW" markalı avtomobili həmin yerə gətirib.

Əli Abdullayev üzərində odlu silahla ora gəlib, avtomobilə əyləşərək Ülvi Hüseynovdan izlədiyi şəxs barədə məlumat alıb.

Nizami rayon İcra Hakimiyyətinin inzibati binasının yaxınlığında Fuad Quliyev avtomobildən düşdükdən sonra İlqar Əliyev nəqliyyat vasitəsini özü idarə edərək Samir Hüseynovu təqib edib.

Gecə saat 2 radələrində Q.Qarayev prospekti 85 ünvanında onun yanında avtomobili saxladıqdan sonra Əli Abdullayev avtomobildən düşərək binanın qarşısındakı yaşıllıq sahədə Samir Hüseynova arxadan yaxınlaşıb və tapançadan sonuncuya tərəf çoxsaylı atəşlər açıb.

Bununla da, sağlamlığa ağır zərərvurmaya aid xəsarət yetirərək zərərçəkmişi qəsdən həyatdan məhrum edib.

Bundan sonra Əli Abdullayev silahı Sabunçu rayonu, Ramana qəsəbəsi, sahə 2-də yaşayan qaynı Eldəniz Nəsibovə məxsus evə apararaq həyətdəki yardımçı tikilidə gizlədib və iyulun 6-na kimi orada qanunsuz saxlayıb.

Təqsirləndirilən şəxs qismində dindirilmiş Əli Abdullayev bildirib ki, “Neon” restoranında mühafizəçi xidmətinin rəhbəri vəzifəsində işləyib. O, çox vaxt restoranda olduğuna görə Ülvi Hüseynov onun ailə üzvlərini hara lazım olsa aparıb-gətirib.

Ülvi əvvəllər həmin restoranında işlədiyinə görə ona inanıb, İlqar Əliyev də orada mühafizəçi işləyib. Sonradan tanıdığı Samir Hüseynovu dəfələrlə evinin ətrafında görüb. Yaşadığı məhəlləyə arxasınca gəlməsinin azı 4 dəfə şahidi olub.

Bir dəfə həyat yoldaşı ilə binanın həyətində oturduğu vaxt Samir Hüseynov gəlib, kənarda əyləşib, özünü həddən artıq şübhəli aparıb və onlara baxıb. 2019-cu il iyunun 24-ü gecə yarısı Ülvi arvadını və uşaqlarını evə gətirəndə sürücüyə “onu işə aparmasını” deyib.

Həmin vaxt həyətlərində oturan Samir Hüseynovun ayağa qalxıb harasa getdiyini görüb və Ülviyə arxasınca yollanıb onun hansı maşına minməsinə baxmasını tapşırıb.

Sonra sürücüyə zəng vurub harada olduğunu soruşanda Ülvi Samirin ardınca “Neftçilər” istiqamətinə getdiyini bildirib. Ona artıq təqib etməyə ehtiyac olmadığını və restoranına qayıtmasını söyləyib.

Sonra İlqara zəng edərək onun dalınca maşın göndərməsini bildirib və “Xəzər” universitetinin yaxınlığında gözləyib.

Bir neçə dəqiqədən sonra tanımadığı iki nəfər maşınla gəlib ondan Əli olub-olmadığını soruşublar. Avtomobilə əyləşərək üzü “Neftçilər” metrosuna tərəf gediblər. Maşını idarə edən şəxs içkili olduğuna görə o, İlqara zəng edərək gəlib nəqliyyat vasitəsini idarə etməsini deyib.

İkinci şəxs “Neftçilər” dairəsinin yaxınlığında siqaret almaq üçün maşından düşüb. İlqarı gözlədiyi vaxt birdən ərazidə Samiri görüb. Restoranla onların dayandıqları yer yaxın məsafədə yerləşdiyindən İlqar yanına tez gəlib.

Avtomobili 8-ci km bazarına tərəf sürməsini tapşırıb. İlqara Samirin uzağa gedə bilməyəcəyini bildirib. Məhəlləyə döndükdən sonra sürücü bir az qabaqda maşını saxlayıb.

Qara rəngli, dövlət nömrə nişanının sonu 730 olan avtomobil bu vaxt Samirə yaxınlaşıb və sonuncu həmin şəxsə nəsə verib. İlqara bazar tərəfə gedib, maşını orada saxlamasını və bir az işi olduğu üçün onu gözləməsini deyib.

Maşından düşdükdən sonra yaxınlaşıb Samirdən nə istədiyini, niyə onu və ailəsini izlədiyini soruşub. Üstündə odlu silah olsa da, onu nümayiş etdirməyib.

Həmin ana qədər Hüseynovu öldürmək fikri olmayıb. Suallarına cavab vermək əvəzinə cəsarətlə onun üstünə gəlib.

O, Hüseynovu qorxutmaq məqsədilə belinə qoyduğu silahı çıxarıb, kənara bir neçə güllə atıb. Samir qaçmağa başlayanda ona tərəf atəş açıb.

Atdığı güllələrdən biri arxadan ona dəyib. Qorxduğuna görə həmin yerdən qaçaraq İlqarın idarə etdiyi avtomobilə minib və ərazidən uzaqlaşmasını bildirib. Restorana çatandan sonra mühafizəçilər üçün nəzərdə tutulmuş yerdə birlikdə çay içiblər.

Ülvi Hüseynov da onların yanına gəlib. Hadisə yerindən götürdüyü 3 ədəd gilizi salfetə büküb, İlqara verib və onları restoranın həyətində olan ayaqyoluna atmasını tapşırıb. Çay içərkən aralarında Samir Hüseynovla bağlı söhbət etməyib. O, baş vermiş hadisəni heç kəsə danışmayıb.

Əli Abdullayev əlavə edib ki, silahı işlədiyi “Meridian” restoranının yanında tapıb. Hadisəyədək ondan istifadə etməyib.

İlqarın və Ülvinin onun üstündə silah olmasından xəbərləri olmayıb. Cinayəti törətdikdən sonra o, tapançanı qaynı olmadığı vaxt, Ramana qəsəbəsində yerləşən evinə apararaq, orada gizlədib.

Təqsirləndirilən İlqar Əliyev bildirib ki, 2011-ci ildən “Neon” restoranında mühafizəçi vəzifəsində işləyib, Əli Abdullayev onun rəisi olub. İyunun 24-də gecə saatlarında Əlinin tapşırdığı istiqamətə sürüb.

Yolda gördükləri bir nəfərdən 20-30 metr qabağa keçdikdən sonra rəisi maşını saxlamasını və onu gözləməsini deyib.

Əli 5 dəqiqədən sonra gəlib arxa oturacaqda əyləşib və avtomobili restoranına sürməyini bildirib. Restoranın həyətində çay içəndə Abdullayev ona gilizlər verərək, ayaqyoluna atmasını deyib. O qeyd edib ki, heç kəsə, o cümlədən Ülviyə Samirin öldürülməsini və kimisə “aşırtdıqlarını” bildirməyib.

Əli də silah görməyib. Rəisi zəng edib Samiri güdməyini deməyib. Aralarında heç vaxt cinayətin törədilməsi ilə bağlı razılıq olmayıb və qətldə iştirak etməyib.

Təqsirləndirilən Ülvi Hüseynov bildirib ki, 2011-ci ildən 2013-cü ilə kimi “Neon” restoranına xidmətçi vəzifəsində işləyib.

İşdən çıxdıqdan sonra taksi fəaliyyəti ilə məşğul olub. Əli Abdullayevin özünə və ailəsinə taksi xidməti göstərib. Hadisə günü Əligilin məhləsində olanda, yanlarından özünü şübhəli aparan bir nəfər keçib.

Sonradan tanıdığı Samir Hüseynovun arxasınca “Neftçilər” metrosu istiqamətində gedib. Sonra Əli zəng edib, ona geri qayıtmağını deyib. O da restoranın yanına gələrək avtomobilində oturub müştəri gözləməyə başlayıb. Əli və İlqar qayıdandan sonra keçib birlikdə çay içiblər.

Əli Abdullayevin odlu silahdan Samir Hüseynovu öldürməsini polisə aparıldıqdan sonra öyrənib.

Baş vermiş hadisə ilə əlaqədar heç bir məlumatı olmayıb. Əlinin və İlqarın üzərində heç vaxt silah görməyib.

Ümumiyyətlə Samir Hüseynovu əvvəllər tanımayıb. Onu təxminən 2-3 dəqiqə izləyib və bu vaxt ərzində onun kiminləsə görüşdüyünü görməyib. İlqar Əliyevə bu barədə hər hansı işarə göstərməyib. Əgər bilsəydi ki, Əli Abdullayevin üzərində silah var və o, Samiri öldürmək istəyir, heç vaxt sonuncunun arxasınca getməzdi.

KİV-də bir müddət əvvəl Əli Abdullayevin səs-küylü kriminal qarşıdurmada adının hallandırılması ilə bağlı informasiyalar yayılıb.

Belə ki, Rövşən Caniyev 2016-cı ilin avqust ayında İstanbulda qətlə yetirildikdən sonra iddia edilib ki, onun ölümünü Nadir Səlifov sifariş verib. 2017-ci il noyabrın 2-də 22 illik həbsxana həyatından sonra Qaradağ rayon məhkəməsinin qərarı ilə azadlığa buraxılmış Səlifova qarşı Türkiyədə sui-qəsd cəhdi edilib.

Keçirilən əməliyyat tədbirləri nəticəsində Lənkəranskinin qardaşı Namiq Caniyev daxil olmaqla 10-dan çox şəxs İstanbuldakı ticarət mərkəzindən birində saxlanılıblar.

Onların arasında “Hacı Beyləqanski” kimi tanınan Hacıbaba Talıbxanlı, “Piter Camal” kimi tanınan Camal Həsənov, Əli Abdullayev, həmçinin Türkiyə vətəndaşları da olub.

Bildirilib ki, saxlanılan şəxslər "Lotu Quli"yə sui-qəsd məqsədi ilə toplaşıblar. 2018-ci il yanvarın 8-də İstanbul məhkəməsinin qərarı ilə Namiq Canıyev və digər azərbaycanlılar azadlığa buraxılıb.

Məhkəmə iclasında Əli Abdullayev özünü CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilməsinə baxmayaraq, əməlinin 126.3-cü (qəsdən sağlamlığına ağır zərərvurma, ehtiyatsızlıqdan zərərçəkmişin şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif edilməsini və barəsində yüngül cəza təyin edilməsini xahiş edib.

Təqsirləndirilən İlqar Əliyev və Ülvi Hüseynov özlərini təqsirli bilməyərək, məhkəmədən barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.

Zərərçəkmiş şəxsin hüquqi varisi məhkəməyə ərizə ilə müraciət edərək, hər bir təqsirləndirilən şəxslə ayrı-ayrılıqda barışdığını, onlara qarşı şikayəti olmadığını bildirib.

Məhkəmə hesab edib ki, ibtidai istintaq orqanı iş üçün əhəmiyyət kəsb edən bütün halları tam araşdırmayıb, ziddiyyətli məqamları nəzərə almayıb və nəticədə təqsirləndirilən şəxslərin əməllərinin tövsifində səhvə yol verib.

Məhkəmə nəticəyə gəlib ki, Əli Abdullayev CM-nin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, satma və ya gəzdirmə) maddələri, İlqar Əliyev və Ülvi Hüseynov CM-nin 32.5, 120.1-ci (qəsdən adam öldürmə cinayətinin törədilməsinə köməklik etmə) maddəsi ilə təqsirli bilinməlidirlər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əli Abdullayev 11, İlqar Əliyev və Ülvi Hüseynov 9 il müddətinə azadlıqdan məhrum olunublar. Hökmdən məhkumlar və onların müdafiəçiləri apellyasiya şikayətləri veriblər.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Abdullayevin cəzası 9 il 6 ay müddətinə endirilib, digərlərinin cəzası isə dəyişdirilmədən saxlanılıb.

BAKU.WS
VİDEO

QALEREYA