SİZİN REKLAM BURADA!
055 213 76 73


2019-cu il sentyabrın 26-da Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb ki, ayın 25-i saat 21 radələrində Z.Tağıyev qəsəbə sakini, əvvəllər məhkum olunmuş Şəhriyar Eldarov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada vəfat edib.

BAKU.WS-in BAKU.TV-yə istinadən məlumatına görə, baxış protokolundan görünüb ki, hadisə yeri Fərrux Qayıbov küçəsi, 19 №li yaşayış binasının qarşısıdır, ərazidən qan ləkələrinin nümunələri götürülərək ekspertizaya təqdim edilib.

Sumqayıt ŞPİ 2-ci polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbiri nəticəsində cinayəti törədən şəhər sakini Mətləb Qədimov saxlanılıb. Şəhər prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, Şəhriyar Eldarovun (1990-cı il təv.) ölümünə ürəyin zədələnməsi nəticəsində baş vermiş daxili qanitirmə səbəb olub.

Qanın məhkəmə-kimyəvi tədqiqatı nəticəsində 1,4% etil spirti aşkar edilmişdir ki, bu da müvafiq cədvəl üzrə yüngül dərəcəli sərxoşluğa uyğun gəlib. Narkotik maddə aşkar edilməyib.

İstintaqla müəyyən edilib ki, sentyabrın 25-i saat 21 radələrində Fərrux Qayıbov küçəsindəki 19 №li binanın qarşısında Mətləb Qədimov tanışı Şəhriyar Eldarovun sərxoş vəziyyətdə ona tərs-tərs baxdığını deyərək üzərinə gəlib, bədəninin müxtəlif nahiyələrinə yumruq zərbələri endirməsindən hiddətlənib.

Əlbəyaxa olduqları vaxt üzərində gəzdirdiyi, zavod üsulu ilə hazırlanmış və soyuq silah hesab edilməyən bıçaqla qisas məqsədi ilə qəsdən Şəhriyar Eldarova ardıcıl iki zərbə vurub, onu həyatdan məhrum edib.

İş üzrə təqsirləndirilən Mətləb Qədimov bildirib ki, sentyabrın 25-i saat 18 radələrində işdən evə qayıdıb və təxminən 2 saatdan sonra həyətə düşüb.

Küçəyə çıxarkən qatlanan bıçağını da özü ilə götürüb. Onu 3 il əvvəl Bakı şəhərində xatırlamadığı dükandan alıb.

Bir qədər gəzdikdən sonra qəsəbədə Qayıbov küçəsindəki yaşayış binasının ətrafında Şəhriyar adlı tanışını görüb.

Şəhriyar ona “niyə belə baxdığını?” soruşanda Mətləb sadəcə gözünün ona sataşdığını deyib. Eldarov bir də belə baxmamasını söylədikdə, o burada uzadılası bir məsələ olmadığını bildirib.

Sözlərindən xoşu gəlməyən Şəhriyar sol əli ilə yaxasından tutub və sağ əli ilə başına zərbə vurub. Gödəkçəsini başına keçirərək onu döyməyə başlayıb.

Mətləb başı aşağı vəziyyətdə, cibindən bıçağı çıxardaraq tanışının ayaq hissəsindən vurmaq istəyib ki, onu buraxsın.

Kəsici aləti sağ-sol istiqamətdə yellədikdən sonra Şəhriyar onu buraxıb və hadisə yerindən qaçıb. Daha sonra polis əməkdaşları tərəfindən saxlanılıb və bıçağı onlardan birinə təhvil verib.

Qədimov qeyd edib ki, Şəhriyara gücü çatmadığını görüb, onun ayaq hissəsinə zərbələr vurub, qaçmaq istəməyib.

Tanışını öldürmək niyyəti olmayıb.

Məhkəmə prosesində Mətləb Qədirov əməlindən peşman olduğunu bildirib.

Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsdən şikayətçi olduğunu qeyd edib.

Məhkəmə Mətləb Qədirovun CM-nin 120.1-ci maddəsində nəzərdə tutulan əməli törətdiyini, bununla da təqsirliliyinin tam sübuta yetirilmiş hesab edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Qədimov (1995-ci il təv.) cəzasını ciddi rejimli CÇM-də çəkməklə 13 il müddətinə azadlıqdan məhrum olunub.

BAKU.WS
VİDEO

QALEREYA