SİZİN REKLAM BURADA!
055 213 76 73


2019-cu il oktyabrın 7-də DİN və Baş Prokurorluq “Bakı Beynəlxalq Avtovağzalı”nın qarşısında baş verib.

BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, ayın 6-sı saat 19 radələrində Bakı şəhər sakini Nicat Məmmədov yaranan mübahisə zamanı həyat yoldaşı 28 yaşlı Leyla Məmmədovaya soyuq silah hesab edilən xəncərlə 20-dən artıq zərbə endirib. Qadın aldığı xəsarətlərən hadisə yerində ölüb.

Cinayəti törədən 33 yaşlı Nicat Məmmədov 40-cı polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Binəqədi rayon prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, Leyla Məmmədovanın boyununda, döş qəfəsində və digər nahiyələrində 27 ədəd deşilmiş-kəsilmiş yara aşkar edilib.

Onun ölümünə ürəyin və sağ ağciyərin yaralanması ilə müşayiət olunan kəskin qanitirmə səbəb olub.

İstintaqla müəyyən edilib ki, oktyabrın 6-da Nicat Məmmədov özünə məxsus “Daewoo Nexia” markalı avtomobillə atası, azyaşlı oğlu və həyat yoldaşını qayınanasının yaşadığı Yasamal rayonu, Z.Kərimov küçəsi, 133 ünvanına apararkən yolda arvadı ilə aralarında mübahisə başlayıb.

Leyla Məmmədovaya qarşı yaranmış nifrət hissinin təsiri altında qisas məqsədilə onu öldürmək qərarına gəlib. Saat 18:20-də Bakı Beynəlxalq Avtovağzalının girişinin qarşısında idarə etdiyi avtomobili saxlayıb.

Maşının yük yerindən kustar üsulla hazırlanmış xəncəri götürüb və sağ arxa qapını açaraq arxa oturacaqda əyləşmiş qadının sinə nahiyəsinə 2 zərbə endirib. Atası Nazir Məmmədov oğlunun hərəkətlərinin qarşısını almağa çalışaraq onu yerə yıxıb.

Həmin vaxt xəncər Nicat Məmmədovun əlindən yerə düşüb. Bundan istifadə edən Leyla Məmmədova avtomobildən düşərək qaçıb.

Niyyətini başa çatdırmaq üçün atasının əlindən çıxan Nicat Məmmədov yerdəki xəncəri götürərək qadının arxasınca qaçıb.

Kəsici-deşici alətlə bədəninin müxtəlif nahiyələrinə ardıcıl xəsarətlər yetirərkən həyat yoldaşı müvazinətini itirərək yerə yıxılıb. Yalvarışlarına məhəl qoymadan müstəsna dərəcədə rəhmsizliklə zərbələr vurmaqla Leyla Məmmədovanı xüsusi amansızlıqla qəsdən həyatdan məhrum edib.

Habelə həmin vaxt “Avtovağzal” metrostansiyasının qarşısındakı magistral yoldan keçən avtomobillərin normal hərəkətini pozmaqla, ictimai yerdə, ətrafdakı çoxsaylı insanlara qarşı etinasızlıq nümayiş etdirib və xəncərlə, hadisə yerində olan Edil İsgəndərova qarşı zor tətbiq etməklə xuliqanlıq hərəkətləri edib.

İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Nicat Məmmədov bildirib ki, Leyla Məmmədova ilə 2013-cü ildə ailə həyatı qurub.

Nigahdan 3 övladları dünyaya gəlib. 2019-cu ilin iyul ayından Leyla ilə münasibətləri pisləşməyə başlayıb. Buna yoldaşının onun valideynləri ilə birgə yaşamaq istəməməsi səbəb olub. Bundan başqa, Leyla boşanıb atası evinə gedəcəyini və işləyib uşaqlarını özü saxlayacağını bildirib. O, buna razılıq vermədiyi üçün aralarında narazılıq yaranıb.

Sentyabr ayında qayınatası öləndən sonra Leyla ilə aralarındakı mübahisələr daha da gərginləşib. Yoldaşı hər dəfə uşaqları üçün bir şərait qurmadığını, qazandığı pulları qohum-əqrəbaya xərclədiyini deyərək ailədə söz-söhbət yaradıb.

Oktyabrın 4-də öz anası ilə birlikdə qayınanasının evinə gedib, Leylanın anası onları ayırıb, başqa evdə yaşamağı təkidlə tələb edib.

Oktyabrın 6-sı saat 12 radələrində övladını götürüb Biləcəri qəsəbəsində yerləşən parka gəzməyə aparıb. Bir neçə saatdan sonra, evə qayıtdıqda yoldaşının geyinib, harasa getmək üçün hazırlaşdığını görüb.

Onu anasıgilə aparmağını dedikdə, Nicat aparmayacağını bildirib. Bundan sonra anasına gəlin getmək istəyirsə, qohumlarına zəng edib, gəlib onu aparmalarını deməsini söyləyib.

Arvadı əşyalarını yığmağa başladıqda, artıq atasının evinə getmək fikrinin qəti olmasını anlayıb, dəhlizdən iri bıçağı götürərək avtomobilin yük yerinə qoyub. Leyla ilə avtomobilə əyələşib, getmək istədikdə atası da onlarla gedəcəyini deyib.

Yola çıxdıqdan bir qədər sonra arvadı yenidən ona adam olmadığını dedikdə, əsəbləşərək ona səsini kəsməsini bildirib. Daha sonra Nicat Məmmədov cinayət əməlini törədib, polis əməkdaşlarının gəldiyini gördükdə isə təslim olub.

Zərərçəkmiş şəxsin hüquqi varisi Flora Məmmədova ifadəsində göstərib ki, o, qızının Nicata ərə getməsini əvvəldən istəməyib, çünki qohum kimi ailələr arasında narazılıqlar olub. Ailəli olduqları müddətdə Nicat dəfələrlə Leylanı döyüb, harasa getdikdə, kənara baxmamasını bildirib, səbəb olmadan onu təhqir edib.

Hadisədən 3-4 gün əvvəl Leylanın qayınanası ona zəng edərək, gəlib qızını aparmasını, yoxsa Nicatın Leylanın başını kəsəcəyini bildirib. Qayınanası onların ailədaxili işlərinə müdaxilə edərək, mütəmadi söz-söhbət yaratıb.

Oktyabrın 4-də Nicatla anası onlara gəlib Leylanın dərman içərək, özünü öldürmək istəməsini bildiriblər. Hansı səbəbdən bu hərəkəti etdiyini soruşduqda, qızının ayrı evdə yaşamaq istədiyini deyiblər.

Ayın 6-da günorta Nicatın anası baldızına zəng edərək, oğlu ilə gəlinin dalaşdıqlarını və bir azdan qayınatasının onu atasının evinə gətirəcəyini bildirib. Saat 19 radələrində qızının gəlmədiyini görüb, narahat olmağa başlayıblar. Qudası ilə əlaqə saxladıqa, sonuncu Nicatın Leylanı bıçaqladığını xəbər verib.

Məhkəmə iclasında Nicat Məmmədov ittiham üzrə özünü təqsirli bilib.

Məhkəmə nəticəyə gəlib ki, Nicat Məmmədovun törətdiyi əməl düzgün olaraq CM-nin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 221.3 (xuliqanlıq, silah qismində istifadə olunan əşyalarla törədildikdə) və 228.4-cü (qanunsuz olaraq soyuq silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə tövsif olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Məmmədov (1986-cı il təv.) cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 19 il müddətinə azadlıqdan məhrum olunub.

BAKU.WS
VİDEO

QALEREYA