Qatar, yoxsa təyyarə? - Rəqəmlər maraqlı mənzərə ortaya qoyur
Avropa ölkələrində nəqliyyat siyasətinin əsas istiqamətlərindən biri qısa məsafəli səfərlərdə hava nəqliyyatından daha çox dəmir yolundan istifadənin təşviq edilməsidir.
BAKU.WS-in məlumatına görə, xüsusilə 3 saata qədər qatarla qət edilə bilən marşrutlarda sərnişinlərin dəmir yoluna yönləndirilməsi karbon emissiyalarının azaldılması, enerji resurslarından daha səmərəli istifadə və dayanıqlı nəqliyyat sisteminin inkişafı baxımından vacib hesab olunur.
Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev hesab edir ki, Azərbaycanın müasir aviasiya və dəmir yolu parkı da bu baxımdan maraqlı müqayisə aparmağa imkan verir:
"AZAL-ın istismar etdiyi təyyarələrin sərnişin tutumu modeldən asılı olaraq 106 nəfərdən 210 nəfərə qədər dəyişir. Donanmaya 210 yerlik "Boeing 787-8 Dreamliner", 198 yerlik "Boeing 767-300ER", 186 yerlik "Airbus A320neo", 146-174 yerlik "Airbus A320-200", 122 yerlik "Airbus A319-100" və 106 yerlik "Embraer E190" təyyarələri daxildir.
"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) donanmasında isə sərnişin tutumu daha yüksək olan qatarlar fəaliyyət göstərir. "Stadler KISS" qatarı bir reysdə 480 sərnişin daşımaq imkanına malikdir. Bundan başqa, "Stadler FLIRT EMU/DMU" qatarlarının tutumu 236–270, yataq tipli "Stadler" qatarlarının tutumu 237, "Ammendorf" vaqonlarının isə 189 sərnişindir.
Müqayisə göstərir ki, ADY-nin "Stadler KISS" qatarı bir reysdə AZAL-ın ən iri sərnişin təyyarəsi olan "Boeing 787-8 Dreamliner" ilə müqayisədə iki dəfədən çox sərnişin daşıya bilir. Bu da yüksək sərnişin axını olan daxili və yaxın məsafəli marşrutlarda dəmir yolunun daşıma potensialının kifayət qədər yüksək olduğunu göstərir".
Ekspert əlavə edib ki, aviasiya və dəmir yolu bir-birini əvəz edən deyil, tamamlayan nəqliyyat növləridir:
"Təyyarələr uzun məsafələr və beynəlxalq uçuşlar üçün sürət üstünlüyü təqdim etdiyi halda, dəmir yolu şəhər mərkəzindən şəhər mərkəzinə birbaşa bağlantı, yüksək sərnişin tutumu, daha aşağı karbon emissiyası və rahat səyahət imkanı ilə seçilir.
Azərbaycanın həm müasir hava nəqliyyatı, həm də müasir dəmir yolu parkına malik olması gələcəkdə marşrutların daha səmərəli planlaşdırılması, sərnişin axınının optimal bölüşdürülməsi və ölkənin dayanıqlı nəqliyyat strategiyasının inkişafı üçün mühüm üstünlük hesab oluna bilər".
Orxan Hüseyn
Oxşar xəbərlər
Komitə sədri Özbəkistan Prezidenti Administrasiyasının şöbə müdiri ilə görüşüb
I Beynəlxalq İslam Sivilizasiyası Forumunda iştirak məqsədilə Daşkənddə səfərdə olan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Ramin Məmmədov iyu...