"Təzəpir" məscidində Azərbaycanın xalq artisti, xanəndə Qəndab Quliyeva ilə vida mərasimi keçirilir.

BAKU.WS APA-ya istinadən, vida mərasimində mərhumun yaxınları, sənət dostları və ictimaiyyət nümayəndələri iştirak edir. Xalq artisti Binə kənd qəbiristanlığında anasının yanında dəfn olunacaq. 
 
Qeyd edək ki, Q. Quliyeva iyunun 16-da Respublika Müalicəvi Diaqnostika Mərkəzinin reanimasiyası bölməsinə yerləşdirilib. Ona ürək çatışmazlığı və xroniki böyrək çatışmazlığı diaqnozu qoyulub. Xalq artisti iyunun 26-da xəstəxanadan evə aparılarkən yolda dünyasını dəyişib. 

Qəndab Həbib qızı Quliyeva 1949-cu ildə Füzuli rayonunun Dilağarda kəndində anadan olub. 1976-1980-ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində, daha sonra Azərbaycan Dövlət İncəsənət Universitetində təhsil alıb. 1981-ci ildən Azərbaycan Dövlət Opera və Balet Teatrında solist kimi fəaliyyət göstərib. Teatrın səhnəsində Leyli ("Leyli-Məcnun”),  Əsli ("Əsli və Kərəm”), Ərəbzəngi ("Şah İsmayıl”), Şahsənəm ("Aşıq Qərib”), Gülbahar ("Gəlin qayası”), Xanəndə qız ("Vaqif”) rollarını yaradıb.
 
BAKU.WS