Ermənistanın baş naziri Serj Sarkisyanın istefaya getməsi ilə qonşu ölkədə 20 ildən çox sürən “Qarabağ klanı”-nın hakimiyyətinə son qoyuldu.

1998-ci ildə sabiq Azərbaycan və Ermənistan prezidentləri, Heydər Əliyev və Levon Ter-Petrosyan arasında Qarabağ münaqişəsi ilə bağlı mümkün razılığın əldə olunmasına əngəl olan o vaxtkı baş nazir Robert Köçaryan, müdafiə naziri Vazgen Sarkisyan, daxili işlər və milli təhlükəsizlik naziri Serj Sarkisyan üçlüyü faktiki olaraq Ter-Petrosyanı hakimiyyətdən uzaqlaşdırdı. Bir il sonra Ermənistan parlamentində artıq baş nazirə çevrilən Vazgen Sarkisyan, spiker Karen Damirçiyan daxil olmaqla 8 nəfər güllələndi, 40 nəfər girov götürüldü. İndiyədək səbəbləri bəlli olmayan terror aktınının əsas versiyaları arasında hadisənin məhz Robert Köçaryan tərəfindən təşkil olunduğu bildirilir. Məhz bundan sonra əslən Dağlıq Qarabağdan olan və onun işğalında birbaşa rol oynayan siyasətçilərdən ibarət “Qarabağ klanı” ölkəyə 20 il ağalıq etdi. Dünənədək.

Qarabağlı ermənilərin Qarabağ münaqişəsinin həlli istiqamətində 20 il ərzində heç bir konstruktiv addım atmaması, tam əksinə 2016-cı ildə vəziyyəti gərginləşdirdiyi nəticəsində “aprel müharibəsinin” baş verməsi, bir il sonra qondarma rejimin bölgənin adını dəyişdirmək ilə bağlı “referendum” keçirməsi danışıqlar prosesini dalana dirədi.

Bəs indi necə olacaq? Qalib gələn müxalifətçilər nizamlama prosesinə nə təklif edəcək və ümumiyyətlə edəcəkmi? Hələ ki, müxalifət lideri Nikol Pasınyan bu məsələyə münasibəti birmənalı deyil. Münaqişə barədə az danışan Paşınyan müsahibələrində bir tərəfdən Dağlıq Qarabağı digər erməni siyasətçilər kimi “Artsax” adlandırmır, digər tərəfdən isə “biz Qarabağ və Meğrini Azərbaycana verməyə imkan yaratmayacağıq” və “Qarabağ tez bir zamanda danışıqlar masasında təmsil edilməlidir və Ermənistan Qarabağın iştirakı olmadan heç bir məsələni müzakirə etməməldir” deyir.

““Qarabağ klanı” Ermənistanı 20 il geri saldı”

Maraqlıdır ki, Serj Sarkisyanın istefa verməsi fonunda qondarma Qarabağ rejiminin başçısı “Qarabağ klanın üzvü” Bako Saakyan vaxtı ilə hakimiyyətdən uzaqlaşdırdıqları Levon-Ter Petrosyan ilə görüş keçirib.

Politoloq Elxan Şahinoğlu BAKU.WS-ə bildirib ki, Serj Sarkisyan silahdaşı Saakyan Ter-Petrosyanın tərəfdaşı olan Paşınyana mesaj göndərir. Gələcəkdə Paşıynan ilə problemlər yaşamaq üçün separatçı rejimin lideri hiylə işlədərək onunla indidən təmas qurmaq istəyir.

Politoloq deyir hazırda Ermənistanın hakimiyyətinə gələnlərin 20 il əvvəl Ter-Petrosyan kimi məsələni sülh yolu nizamlamaq imkanı yaranıb. Qarabağın işğalında, soyqırımlarda iştirak etməyən, məhz Ermənistanda doğulan siyasətçilərin hakimiyyətə gələ biləcəyinin istisna etməyən Elxan Şahinoğlunun fikrincə məhz rəsmi İrəvanın Azərbaycan və Türkiyəyə qarşı düşmən olması Sarkisyanın hakimiyyətinə son qoydu, qarşı tərəf artıq yeni yanaşmaları ortaya qoya bilər.

“Azərbaycan yeni siyasətçilərə 2 siqnal göndərməlidir. Birincisi, işğaldan əl çəkilsin, əvəzində sülh əldə olunur, Azərbaycan və Türkiyə ilə sərhədlər açılır, regional layihələrdə iştirakı mümkün olur. İkincisi isə əgər ədalətli sülh, torpaqlarımızı boşaltmaq, Türkiyə və Azərbaycan ilə yaxşı münasibət istəmirsizsə, Sarkisyanın aqibətinin təkrarlamaq istəyirsiz, o zaman buna alternativ mühabibədir, hərbi təziqini artırılmasıdır.“

Ermənistanda məlum hadisələrdən sonra Rusiya-Türkiyə birliyi Qarabağ məsələsində rəsmi İrəvana təsir edə bilər və bu Ermənistan daxil olmaqla hamının xeyrinə olacaq, - deyə politoloq bildirib.

"Ermənistanı Qarabağı təslim etməyə vadar edirlər"

İrəvandakı etiraz aksiyalarında iştirak edən politoloq Stepan Qriqoryan əmindir ki, Rusiya Ermənistanı vadar etmək istəyir Qarabağı təslim etsin. Bunu isə o, rəsmi Kremlin Türkiyə lə yaxınlaşası ilə əlaqələndirib.

“Rusiya qərb üçün düşmənə çevrilir. Hazırda ona Türkiyə çox vacibdir və o Ərdoğana istədiyi şeyi verəcək. Türkiyənin istəyi isə, birincisi, kürdləri Suriyada əzmək, ikincisi isə Qarabağ məsələsi. Həqiqətən də çox ciddi bir məqam yaxınlaşır. Onlar Ermənistanı vadar etmək istəyir Qarabağı təslim etsin. Bura birbirinin ardınca deputatlarını yollayır amma artıq balansı Azərbaycanın xeyrinə dəyişiblər.”

"Ən əsası Ermənistan Rusiyaya bir müttəfiq kimi lazım deyil"

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Ermənistan Rusiya üçün mənasız bir yük olduğunu deyir. Onun qənaətinə görə, şimal qonşumuzun Ermənistandan çıxmaq istəyir, Türkiyə isə münaqişənin həllində mövgeyi dəyişməzdir.

“Ölkəni istər Qarabağ klanı, istərsə də ermənilər özləri idarə etsin, Ermənistanın strategiyası kökündən səhvdir. Regionda kiçik Ermənistan güclü ölkələrin qarşısına çıxa bilməz. Yəni reallıqda onlara imkan versələr, təbii ki, Azərbaycanla sülhə razı olarlar. Türkiyə bu məsələdə (red.- Qarabağ münaqişəsinin nizamlanması) Azərbaycanın yanındadır. Nəhayət, ən əsası Ermənistan Rusiyaya bir müttəfiq kimi lazım deyil.”

İsmayıl Fətəliyev
BAKU.WS