VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
"Dünən atışma səsləri gəlirdi. Axşam da dedilər ki, onların tankı vurulub. Ancaq ayrı bir şey yoxdur. Hamı işində-gücündədir. Kənd yeridir də, kimi qoyununu otarır, kimi südünü sağır. Uşaqlar məktəbə gedir, hamı da evindədir”.

BAKU.WS xəbər verir ki, bunu Azadlıq Radiosunun cəbhə bölgəsindən hazırladığı reportajda Ağdamın Orta Qərvənd kəndinin sakini Rəsmiyyə Hüseynova deyir. O, bildirir ki, ara-sıra eşidilən atışma səsləri onlar üçün adi bir şeydir.

Təmas xəttindəki digər bölgələrin sakinləri də atışma səslərinə öyrəşdiklərini söyləyirlər. Tərtər rayonunun Seydimli kəndinin sakini Taleh Musayev deyir ki, əsasən avtomat, pulemyot səsləri eşidilir: «Atışma hər gün olur. Avtomat, pulemyotdan atırlar. Kənd sakinlərinin əhval-ruhiyyəsi də yüksəkdir, heç kimdə qorxu-filan yoxdur. Hamı evində, həyətində təsərrüfatı ilə məşğuldur».

Müdafiə Nazirliyinin məlumatına görə, aprelin 24-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin artilleriya atəşi nəticəsində Tərtər rayonunun Şıxarx qəsəbəsində bir yaşayış evini dağılıb. Nazirliyin rəsmi saytı həmin evin fotolarını da yayıb.

Həm Tərtərin, həm də Füzuli rayonlarının təmas xəttinə yaxın kəndlərin sakinləri bildirirlər ki, atışmalar olsa da, həyatlarının axarı pozulmayıb:

– Təmas xəttində atışmalar olur, kənddən eşidilir. Ancaq hər şey qaydasındadır.

– Ara-sıra atışmaları eşidirik. Hamı işində-gücündədir. Belə şeylərə öyrəncəliyik.

Müdafiə Nazirliyi bildirir ki, qarşı tərəf aprelin 24-ə keçən gecə təmas xəttinə cəmləşdirdiyi tankları atəş xəttinə çıxararaq atəş açıb, əlavə qüvvələrin dəstəyi ilə hücuma keçməyə cəhd göstərib, ancaq qarşısı alınıb və bir tankı heyətlə birlikdə vurulub.

Hərbi ekspert Üzeyir Cəfərovun fikrincə, aprelin 24-də təmas xəttində olanlar vəziyyətin yenidən gərginləşəcəyindən xəbər verir: «Son günlər baş verənlər birmənalı olaraq Ermənistanın hücumudur. Ermənilərin itirdikləri mövqeləri qaytarmaqdan ötrü atdıqları addımlardır. Azərbaycan Müdafiə Nazirliyi də buna cavab addımları atır. Çünki onların tankları keçmiş Ağdərə istiqamətində mövqelərimizə hücum ediblər. Azərbaycan hərbçiləri də həm o istiqamətdə, həm də Lələtəpə istiqamətində gərəkən tədbirləri görüb. Vəziyyət belədir, Rusiya Ermənistanı sakitləşdirdi və əraziyə əlavə qüvvələr, əlavə texnika gətirilir. Yaxın günlərdə, ola bilsin ki, vəziyyət yenə də aprelin əvvəlindəkindən də gərgin olsun. Hadisələrin inkişafı o istiqamətdə gedir».

Müdafiə Nazirliyinin aprelin 25-ə olan məlumatına görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 82 və 120 millimetrlik minaatanlardan, 122 millimetrlik D-30 haubitsalardan istifadə etməklə atəşkəs rejimini sutka ərzində ümumilikdə 130 dəfə pozublar.

Ermənistan Müdafiə Nazirliyinin məlumatında isə bildirilir ki, aprelin 25-ə keçən gecə Azərbaycan hərbçiləri atəşkəsi 38 dəfə pozublar.