Yeni detallar: Əzizə Seyidovanın əri onun sifarişi ilə qətlə yetirilib? - MƏHKƏMƏ İŞİ

Yeni detallar: Əzizə Seyidovanın əri onun sifarişi ilə qətlə yetirilib? - MƏHKƏMƏ İŞİ
Hadisə 74

Ərinin qətlini sifariş verməkdə təqsirləndirilən Əzizə Seyidova və qətlin sifarişini icra etməkdə təqsirləndirilənlər - Mehdi Məmmədli, Elvin Əliyev və Bəxtiyar Fərzəliyevin cinayət işinin növbəti məhkəmə prosesi keçirilib.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, istintaqı Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Mehdi Məmmədlinin ifadəsi dinlənilib.

O, Rusiyadan Azərbaycana gəldikdən sonra xeyriyyəçiliklə məşğul olduğunu bildirib.

Təqsirləndirilən Əzizə Seyidovanı onun qeyri-rəsmi nikahda yaşadığı xalasının vasitəsilə tanıdığını deyib:

"Əzizəyə zəng edib xalası ilə məni barışdırmağı xahiş etdim, o da bizi barışdırdı. Onun yoldaşı Əli ilə münasibətinin pozulduğunu bilirdim. Arada olurdu ki, dalaşıb babasıgilə də gedirdi, amma babası da onunla yola getmirdi. Əzizənin əşyası bir dəfə mənim avtomobilimdə unudulub qalmışdı. Əşyanı qaytararkən o məni təhqir etmişdi. Onunla sonra görüşüb söhbət etməyi planlaşdırmışdım".

Mehdi Məmmədli digər təqsirləndirilənlərlə eyni avtoyuma məntəqəsində işlədiyini və Əzizə Seyidovanın həyat yoldaşı Əli ilə aralarındakı insident barədə onlara məlumat verdiyini vurğulayıb. Onlar da bu mübahisəni həll etmək üçün ona yardım edəcəklərini deyiblər.

"Əli ev alqı-satqısı ilə məşğul olduğundan onun məlumatlarını sosial şəbəkələrdən taparaq evini tapdım. Avtomobili evinin qabağında saxlayıb düşəndə onu çağırdım. Soruşdum ki, məni niyə söydün? Bu zaman mənə bıçaq zərbəsi endirdi, bıçaq mənim əlimə dəydi. O zaman mən avtomobildə gözləyən Elvin və Bəxtiyarı çağırdım. Elvin gələndə maşında olan bıçağı da götürübmüş. Mən bunu əlbəyaxa olan zaman bildim ki, Elvin də bıçaqla onun ayağından vurubmuş. Əlinin əlindəki bıçaq yerə düşdüyündən mən bıçağı götürdüm və sapı ilə ona zərbələr endirdim. Bəxtiyar isə bizi araladı. Onun həyatını itirdiyini sonradan bildim".

Təqsirləndirilənin bununla da məhkəmənin diqqətinə çatdırmaq istəyib ki, qətli Əzizə Seyidovanın sifarişi ilə deyil, məhz Əlinin onu söydüyü üçün törədiblər.

Qeyd edək ki, hadisə 2023-cü il martın 15-də Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib. Ə.Seyidovaya Cinayət Məcəlləsinin 32.3, 32.4, 120.2.1, 120.2.4, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, tamah məqsədilə və sifarişlə qəsdən adam öldürməyə təhrik etmə və cinayəti təşkil etmə), Mehdi Məmmədov, Bəxtiyar Fərzəliyev və Elvin Əliyevə isə həmin məcəllənin 120.2.1, 120.2.4, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, tamah məqsədilə və sifarişlə qəsdən adam öldürmə) maddələri ilə ittiham irəli sürülüb.

İttihama görə, 23 yaşlı Əzizə Seyidova həyat yoldaşı Əli Seyidlini ona xəyanət etdiyinə görə, onu öldürtmək qərarına gəlib. Sonradan isə fikrindən daşınıb, onu öldürtmək qərarına gəlib. O, ərinin qətlini tanışı Mehdi Məmmədliyə sifariş verib. Onlar birlikdə plan qurub, Ə.Seyidlinin evə gəlib-getmə vaxtlarını dəqiqləşdiriblər. 2023-ci il martın 15-də Ə.Seyidova M.Məmmədli ilə əlaqə saxlayıb, ərini məhz həmin gün öldürməyi tapşırıb. Bundan sonra M.Məmmədli dostları ilə birlikdə gecə saatlarında Ə.Seyidlinin yaşadığı ünvanın yaxınlığına gələrək gözləyiblər. Ə.Seyidli evinə daxil olmaq istədikdə M.Məmmədli və dostları onun qarşısını kəsərək, ona 23 bıçaq zərbəsi endirməklə qətlə yetiriblər.

Onu da qeyd edək ki, daha öncəki məhkəmə prosesləri zamanı Əzizə Seyidova elan olunan ittihamla özünü təqsirli bilməyib. Digər təqsirləndirilənlər - Mehdi Məmmədli, Elvin Əliyev və Bəxtiyar Fərzəliyev isə özlərini qismən təqsirli biliblər.

Son xəbərlər