Yeddi körpənin ölümü ilə bağlı məhkəmədə yeni sənədlərin tədqiqinə başlanıldı
Respublika Perinatal Mərkəzində 7 körpənin ölümu ilə nəticələnən yanğınla bağlı cinayət işinin növbəti məhkəmə iclası keçirilib.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə cinayət işinə əlavə olunan sənədlərin tədqiqinə başlanılıb.
İlk olaraq hadisə vaxtı müşahidə kameralarının qeydə aldığı videogörüntülər izlənilib.
Təqsirləndirilən Mehriban Abasquliyeva həmin videogörüntülərdə körpələrin yanmasına münasibət bildirərkən deyib ki, həkim küvəzin yandığını görsə də, körpəni oradan çıxarmağa cəhd etməyib.
Prosesin davamında məhkəmənin əvvəlki iclaslarından baxılmamış saxlanılan, eləcə də cari iclas zamanı verilən vəsatətlərə baxılıb.
Belə ki, təqsirləndirilən tərəf əvvəlki iclaslarda verdiyi vəsatətlərin birində bir neçə şəxsin cinayət işi üzrə zərərçəkmiş statusuna xitam verilməsi istəyib. Bildirilib ki, onlar tibb işçiləri olublar və özlərini zərərçəkən hesab etmirlər.
Hakim sözügedən vəsatətə müşavirə otağında qiymət veriləcəyini bildirib.
Növbəti iclas aprelin 29-na təyin olunub.
Qeyd edək ki, 2024-cü il yanvarın 9-da Respublika Perinatal Mərkəzinin inzibati binasında baş vermiş yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.
İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yeni doğulmuş körpə ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.
Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.
Oxşar xəbərlər
Qadının üzərinə benzin töküb yandıran sevgilisi: "Ona başqası ilə ailə həyatı qurmaq istədiyimi bildirdim"
Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuzda qadını yandırıb öldürməkdə təqsirləndirilən Röyal Tağıyevin cinayət işi üzrə məhkəmə ifadəsi məlum olub. BAKU.WS Prav...