Yasamalda bina təhlükə altındadır: Sakinlər ölüm qorxusu ilə yaşayırlar

Yasamalda bina təhlükə altındadır: Sakinlər ölüm qorxusu ilə yaşayırlar
Foto
Hadisə 138

Paytaxtın Yasamal rayonunda, Mirəli Seyidov küçəsi, 18 (əvvəlki 31/38) ünvanında yerləşən çoxmənzilli yaşayış binasının sakinləri yaşadıqları şəraiti "daimi təhlükə" kimi xarakterizə edirlər. Sözügedən bina Bakı Dövlət Universitetinin əməkdaşları üçün "Baku Universiteti" Mənzil Tikinti Kooperativi tərəfindən inşa olunub.

BAKU.WS xəbər verir ki, sakinlər tərəfindən Media.Az-ın redaksiyasına göndərilən şikayətə görə, bina vaxtilə "Baku Universiteti" Mənzil Tikinti Kooperativi tərəfindən tikilib. Tikinti başa çatdıqdan sonra mənzil sahibləri qanunvericiliyə uyğun olaraq binanın idarəçiliyinin sakinlərin özünə verilməsini gözləyiblər.

Lakin bina istismara verildikdən sonra "Bakı Universiteti" adlı Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) yaradılıb və bu qurum sakinlərin razılığı olmadan özünü idarəedici şirkət elan edib. Daha sonra şirkət tarifləri özbaşına müəyyənləşdirərək mənzil sahiblərindən kommunal və digər xidmətlər üçün "kvadratmetrə görə" ödənişlər yığmağa başlayıb.

Sakinlərin sözlərinə görə, binanın fasadı yararsız vəziyyətə düşüb, divarlarda çatlar əmələ gəlib, lift avadanlıqları tez-tez sıradan çıxır, kommunikasiya xətləri isə qəza vəziyyətindədir.

Bundan əlavə, yağışlı havalarda binanın yeraltı qarajı su ilə dolur, nəticədə, tavanlardan mütəmadi olaraq beton parçaları qoparaq tökülür. Yeraltı dayanacaqda yanğın təhlükəsi də mövcuddur. Belə ki, normativlərə zidd şəkildə özbaşına tikilmiş qeyri-yaşayış sahələrinə elektrik və qaz xətləri çəkilib.

Binanın saxlanması üçün sakinlərdən aylıq ödənişlər toplayan idarəedici şirkət isə vəziyyətin yaxşılaşdırılması istiqamətində heç bir real tədbir görmür. Sakinlərin iddialarına görə, narazılıq edənlərə və ya idarəetmə formasının dəyişdirilməsi təşəbbüsü ilə çıxış edən şəxslərə qarşı hədə-qorxu tətbiq olunur.

Sakinlər bildirirlər ki, illərdir onlara guya görülmüş işlərlə bağlı saxta hesabatlar təqdim edilir, binanın real vəziyyəti isə gündən-günə daha da pisləşir. Bundan başqa, idarəedici şirkət ümumi əmlakdan özbaşına istifadə edir: yeraltı dayanacağın bir hissəsi binada yaşamayan şəxslərə satılıb və ya ticarət obyektlərinə icarəyə verilib.

Redaksiya yaranmış vəziyyəti aydınlaşdırmaq üçün "Bakı Universiteti" MMC-nin sədri Hikmət Cəfərovla əlaqə saxlayıb.

Binanın bu vəziyyətə düşməsinin səbəbləri və niyə abadlıq işlərinin aparılmaması ilə bağlı suala cavab verən MMC rəhbəri bildirib ki, sakinlərdən toplanan kommunal ödənişlər çətinliklə əməkdaşların maaşlarına, vergilərə, elektrik enerjisinə və digər xərclərə çatır.

Sakinlərin hər ay əməkhaqqı xərcləri bölməsində fərqli məbləğlərin göstərilməsi ilə bağlı iradlarına münasibət bildirən Hikmət Cəfərov bunu işçilərin sayının vaxtaşırı dəyişməsi ilə izah edib. Onun sözlərinə görə, bəzi hallarda əməkdaşlara işə gecikdiklərinə və ya işə çıxmadıqlarına görə cərimələr tətbiq olunur ki, bu da hesabatlarda məbləğ fərqlərinin yaranmasına səbəb olur.

Son xəbərlər