"Əxlaqsız filmlərdə gördüklərini mənim üzərimdə tətbiq edirdi..."

Əxlaqsız filmlərdə gördüklərini mənim üzərimdə tətbiq edirdi...
Hadisə 9288

Boşanmaların sayı ildən-ilə artdıqca get-gedə daha da dərinləşən problemin həlli yolları hər kəsi ciddi şəkildə narahat edir. Səbəblər müxtəlifdir – maddi çətinliklər, ailə quran bəzi gənclərin məsuliyyətsizliyi, qarşılıqlı münasibətlərdə mənəvi keyfiyyətlərə deyil, daha çox maddiyyata üstünlük vermələri, xarakterlərin uyğunsuzluğu və s. Bu müsahibədə toxunacağımız problemin yaranması isə tamamilə başqa faktorlardan irəli gəlib. Hazırda paytaxtda yaşayan Gülnarə Kərimovanın (ad şərtidir) keçmiş ərindən ayrılmasının əsas səbəbləri ilə tanış olduqda təəccübünü gizlədə bilmirsən. Cəmi 5 il əvvəl qurulmuş ailənin dağılmasının, 4 yaşlı qızcığazın boynubükük, atasız qalmasının çox qəribə, hətta anormal səbəbləri var. 

"Eyni rayonda, küçədə böyüyüb boya-başa çatmışdıq”

Gülnarə Kərimova öz bibisi oğlu ilə 2010-cu ildə ailə qurub. Uşaqlıqdan bir evdə böyüyüblər. Sonradan atası işi ilə əlaqədar olaraq rayondakı evlərini satıb, Bakıya köçmək qərarına gəlib:

"1992-ci ilin yanvarında köçdük paytaxta. 1998-ci ildə bibimgil də evlərini satıb, Bakıya köçdülər. Atam bibimin yoldaşına məsləhət gördü ki, bizim yaşadığımız qəsəbədə ev alsın. Belə də etdi. Bir-birinə yaxın olan binalarda yaşayırdıq”.

Hər iki ailənin övladları böyüdükdən sonra gənclərin ailə qurmaq söhbəti ortaya çıxır. Gülnarənin gələcək qayınanasının təsadüfi təklifi ilə reallaşan evlilik izdivacına hər kəs halallıq verir: "Bibimgil Rasimi (keçmiş ərini) evləndirmək üçün ona qız axtarırdılar. Evlərimizin arasındakı məsafə yaxın olduğundan tez-tez ailəvi şəkildə bizə gəlirdilər. Elə olurdu hər gün saatlarla evimizdə olurdular. Bir gün bibim öz qızı və oğlu ilə bizə gəlmişdi. Nahar edirdik. Atam bacısından soruşdu ki, Rasimin evlənmək işi nə yerdə qaldı? Bibimin yerinə qızı cavab verdi. Dedi, dayı, yaxşı ailə, halal süd əmmiş tapa bilmirik. Birdən bibim başını qaldırıb, yeməyini yeyə-yeyə mənə baxdı: "Odur ey, yaxşı qız Gülnarə. Gedib onun-bunun qapısını niyə döyürəm ki? Öz qardaşımın balası”. Gözlənilmədən deyilən bu sözdən atam tutuldu, mənsə utandım. Hiss etdim ki, yanaqlarım qızarıb. Ayağa durub süfrəyə çörək gətirmək bəhanəsi ilə otaqdan çıxdım. Üç gün sonra bibim yenə gəldi. Bu dəfə atamla elçilik söhbətini etməyə gəlmişdi”.

Gülnarənin bibisi bu təklifindən sonra qardaşının övladını evinə gəlin gətirmək istəyini həyata keçirməyə başlayır. "2009-cu ilin yayında elçilik, sonra "hə” oldu. Nişan məclisimizdə ancaq öz qohumlarımız idi. Beləcə nişanlandıq. Valideynlərim bu məsələdə mənə ancaq tövsiyə verdilər. Sevdiyim oğlan yox idi. Ona görə ata-anamın məsləhətinə qulaq asdım”.

Əvvəllər Rasimi sadəcə bibisi oğlu kimi tanıyan Gülnarənin sözlərinə görə, onu yaxşı, təmiz oğlan kimi tanıyıb: "Nişanlı vaxtlarımızda onun hərəkətlərində hər hansı qeyri-adilik hiss etməmişdim. Çox sakit, amma ciddi və zəhmli oğlan idi. Hərəkətlərində, davranışlarında əsla deməzdim ki, bu, belə "babnik”dir. Nə bilim, bəlkə də, sevgi gözlərimi kor etmişdi”. 

Gənclərin toyu 2010-cu ilin yanvarında baş tutub. Beş il əvvəl evləniblər: "Ailə həyatımızın ilk illərində münasibətlərimizdə hər hansı problemlər, söz-söhbət yaşanmırdı. Yalnız bir-iki dəfə yüngülvari umu-küsü olmuşdu, vəssalam. Əvvəllər mehriban idik”.

Lakin sonradan hər şey tədricən dəyişir: "2011-ci ildə Aydan dünyaya gəldi. Onda Rasim qızının olması xəbərini bir az tutqun şəkildə qarşıladı. Bibim ona başa saldı ki, bu, Allah verən paydır. Adam belə şeyə pis olmaz”.

"Otağa girəndə təəccübdən az qaldım dəli olum”

Onun sözlərinə görə internet aludəçiliyi, ən əsası isə Rasimin zərərli vərdişləri ailənin dağılmasının əsasını qoydu: "Hər şey Rasim evə kompüter alandan, internet xətti çəkdirəndən sonra başladı. Hiss edirdim ki, hər gün evdən soyuyur. Mənə, uşağa əvvəlki kimi qayğı göstərmirdi. Axşamlar işdən gəlib dincəlmək, ailəsi ilə maraqlanmaq, uşağını oynatmaq əvəzinə, saatlarla kompüterin qabağında oturub, oyun oynayırdı. Bizimlə maraqlanmırdı. Elə olurdu ki, Aydan atasını görəndə beşikdən əllərini uzadıb onunla oynamaq istəyirdi. Amma Rasim onu qucağına almırdı. Hiss edirdim ki, get-gedə bizə ailəsi kimi yanaşmır”.

Rasimin ailəsindən uzaqlaşmasının əsas səbəbi kompüterdə saatlarla oyun oynaması yox, internetdən başqa məqsədlər üçün istifadə etməsi imiş: "Sonradan bildim ki, məni aldadırmış. Hər dəfə gəlib otağa girəndə hiss edirdim ki, kompüterdə nəsə qurdalanır, monitorun ekranında nəyisə tez bağlayır. Bir gün axşam mətbəxdə iş görürdüm. Axşam saat 9 olardı. Məni yanına çağırdı. Elə bildim çay istəyir. Gəlib otağa girəndə təəccübümdən az qaldım dəli olum. Kompüterdə porno film izləyirdi. Əlimi atıb monitorun elektrik xəttini şəbəkədən çıxarmaq istəyəndə əlimdən tutub necə burdusa, elə bildim qolum dirsəkdən çıxdı. Əsəbiləşdi. Onu hələ belə hirslənən görməmişdim. Üstümə qışqırdı ki, bu nə hərəkətdir edirsən, qudurmusan? Hətta az qaldı məni vursun. Soruşdum ki, Rasim, pozğun filmlərə niyə baxırsan? Məgər sən də küçə uşağısan, ağlı başında olmayan yeniyetməsən? Cavab verdi ki, mənim 16 yaşım yoxdur. Xoşuma gəlir, baxıram. Kompüter monitorunda gördüyüm səhnələrdən iyrənib otaqdan çıxdım. Həmin gündən ailəmizin qara günləri başladı.

"İnternetdə əxlaqsız filmləri izləyirdi”

Əvvəllər erotik filmlərin aludəçisi olmuş Rasim evləndikdən sonra da zərərli vərdişlərindən əl çəkə bilməyib: "Hər gün axşam işdən qayıdıb saatlarla kompüter qarşısında otururdu. İnternetdə qızlarla yazışır, porno çarxları, filmləri izləyirdi. Mən də ev işlərini görürdüm. Elə olurdu ki, Aydan yataq otağımızda beşikdə ağlayıb qucaq istəyirdi. Əlimdə işim olduğundan uşağı qucağıma ala bilmirdim. Atasının isə dünya vecinə deyildi. Qonaq otağının qapısını açıb yalvarırdım ki, Rasim, nə olar Aydanı beş dəqiqəlik qucağına al, mənim əlimdə işim var axı. Elə bil heç nə eşitmirdi. Elə olurdu gecə saat 2-yə qədər kompüter qarşısında əyləşirdi. Ailəsi ilə heç maraqlanmırdı. Desəm inanmazsınız, bu adam gedib, işığın pulunu da ödəmirdi. Borclarımız o qədər yığılmışdı ki. Bir dəfə gəlib işığımızı kəsdilər. Axşam qaranlıqda qaldıq”.

Xanımı və azyaşlı uşağı ilə maraqlanmayan ailə başçısı getdikcə daha çox internet aludəçisinə çevrilib: "Axşam saat 9-dan gecə saat 2-yə, bəzən də 3-ə qədər kompüterin qarşısında əyləşirdi. Elə olurdu ki, gecə güclə kompüter qarşısından qaldırırdım ki, Rasim, səhər yatıb qalacaqsan, işə gedə bilməyəcəksən, dur dincəl. Hərdən elə kompüterin qarşısında yuxu basırdı onu. Gəlib görürdüm oturduğu yerdə yatıb”.

Gülnarə deyir ki, Rasimin belə zərərli vərdişlərindən, porno filmlərin "manyak”ı olmasından vaxtında xəbər tuta bilməyib: "Nişanlı vaxtda evlərində nə edirdi onu deyə bilmərəm. Amma sonradan boşanma söhbəti ortaya çıxanda kiçik qardaşı ağzından qaçırdı ki, Rasim yeniyetmə yaşlarından erotik filmləri izləyirmiş. Hətta tez-tez əxlaqsız qadınlarla da görüşürmüş”.

"Övladımın xatirinə hər şeyə dözürdüm”

Rasimin ailəsindən uzaqlaşmasının başlıca səbəblərindən biri də ailə qurduqdan sonra əxlaqsız qadınlarla intim görüşləri imiş: "Tez-tez telefonuna gizli mesajlar gəlirdi. Lakin telefonunu kodda olduğundan bunları oxuya bilmirdim. Hərdən telefonu qapadıb balkona çıxmasından, yaxud otağında xısın-xısın danışmasından başa düşürdüm ki, mənə xəyanət edir. Üzr istəyirəm, bir dəfə hansısa əxlaqsız qadından süzənək xəstəliyinə yoluxmuşdu. Hətta mənə də yoluxdurmuşdu. Bu addımına bəraət qazandıra bilməzdi. O heç mənə izahat verməyi şəninə sığışdırmırdı. Övladımın xatirinə hər şeyə dözürdüm. İstəmirdim ki, ailəm dağılsın. Onun mənə qarşı davranışlarındakı bu cür anormallıqlarla bağlı əvvəlcə bibimə, sonra valideynlərimə şikayət etdim. Birinci dəfə bibimə dedim. Əvvəlcə inanmadı. Dedi elə şey ola bilməz. Sonra inandı. Amma bunun heç bir xeyri olmadı. Bundan sonra anama dedim ki, Rasim bizimlə maraqlanmır. Anam dedi ki, ailənin sirri ailədə qalmalıdır. Səsini çıxarma. Mən də razılaşdım, başqa əlacım nə idi?”

"3 ildən çox idi ki, mənlə maraqlanmırdı”

Boşanma fikri ərinin qeyri-ənənəvi intim münasibətlərə olan marağından sonra yarandı: "Mənə maraq göstərmirdi. 3 ildən çox idi ki, övladı ilə də maraqlanmırdı. Balamın xətrinə canımı dişimə tutub dözürdüm ki, Aydanım atasız böyüməsin. Amma o, get-gedə daha da həddini aşırdı. Mənə əxlaqsız qadın kimi baxırdı. Söysəydi, ondan yaxşı idi. Bilərdim ki, ərimdir, hirslənir, əsəbini soyudur. O, bundan betərini edirdi. Son vaxtlar ən iyrənc üsullara əl atırdı. İnternetdə hansısa porno filmi izləyib, məni yanına çağırırdı. Deyirdi ki, gəl biz də kinodakı kimi sevişək. Deyirdim, ay Rasim, nə danışırsan? Onlar pozğun adamlardır. Buna görə nə qədər pul alırlar. Mən sənin ailənəm, pozğun qadın, fahişə deyiləm. Məhəl qoymurdu”.

Son bir ildə belə təkliflər irəli sürən ailə başçısı intim həyatını "romantik” qurmağa qərar verib: "İki dəfə mənə otaqda vəhşi kimi yaxınlaşdı. Dönə-dönə üzr istəyirəm, filmdəki səhnələri mənim üzərimdə həyata keçirdi. İntim münasibətlərin bütün formalarından istifadə etməyə başlamışdı. Özüm özümdən iyrənməyə başladım. Bütün bədənimi murdar etdi.

Bir dəfə gecə otağa girdi. Paltarını soyunanda oyandım. Filmlərdə izlədiyi qeyri-ənənəvi seks üsullarını mənim üzərimdə tətbiq etməyə başladı. Ağrıdan dözə bilmirdim. Yalvarırdım ki, ay Rasim elə eləmə. Hətta elə qışqırdım ki, uşaq diksinib oyandı. Qorxub ağlamağa başladı. Bu, əməlli seks manyakı idi. Belə hərəkətləri əvvəllər həftədə bir dəfə edirdi. Amma son aylar elə olurdu həftədə 3-4 dəfə mənə qarşı belə təkliflər edir, iyrənc hərəkətlərini davam etdirirdi, baxdığı pozğun kinoları gözünün qarşısına gətirib, oradakı səhnələri mənlə münasibətdə tətbiq edirdi. Ötən ilin martından etibarən zorakılıqları daha da artdı. Əgər əvvəllər mənə qarşı zorakılıqları qonaq otağında, yaxud yataq otağımızda edirdisə, sonradan bu hərəkətləri daha da çoxaldı. Mətbəxdə iş gördüyüm yerdə vəhşi kimi üstümə cumub, məndən qeyri-ənənəvi sekslə məşğul olmağı tələb edirdi. Ayaqyolunun qapısı açıq olsaydı, bəlkə, istədiklərini orada da edərdi. Ya bir də görürdün ki, sabun istəmək bəhanəsilə məni hamama çağırırdı. İçəri girib sabunu ona verəndə qollarımdan tutub içəri çəkirdi. Paltarımı su ilə isladıb əyin-başımı soyundururdu”.

Qadın buna etiraz edəndə Rasimin cavabı qeyri-adi olub: "Deyirdi ki, mən romantik ərəm. Başa sala bilmirdim ki, ay Rasim, bu iyrənclikdir. Düzdür, bu, aylardır davam edirdi. Amma sonralar əvvəlkindən də iyrənc üsullara əl atdı. Sanki mən bunun həyat yoldaşı yox, küçə qadını, fahişə idim. Hər gün özümü bir az da təhqir olunmuş hiss edirdim. Başa düşdüm ki, belə ailə olmaz. Sentyabrda qızımı da götürüb atamgilə gəldim. Hər şeyi bir daha olduğu kimi açıb evdəkilərə danışdım. Bir aydan sonra ərizə ilə məhkəməyə müraciət etdim”.

Rasimin buna reaksiyası çox adi olub. O, xanımının ayrılmaq qərarına heç təəccüblənməyib də: "O, onsuz da məni ailəsi kimi görmürdü. Boşanandan sonra düşündüm ki, gərək bu addımı çoxdan ataydım. Atam cehizlərimi yığışdırıb gətirdi. Sonralar onu işi ilə əlaqədar Gəncəyə göndərdilər. Hər ay aliment göndərir. Gedib götürmək istəmirdim, anam dedi ki, bala o, uşağın puludur. Heç olmasa, əyin-başına xərcləyərsən. Get pulu götür”.

Publika.az

Son xəbərlər