Ucarda sahibsiz itlər 61 yaşlı sakinə hücum etdilər
Ucar rayonunda sahibsiz itlərin hücumu nəticəsində 61 yaşlı sakin xəsarət alıb.
Hadisə rayonun 28 May küçəsi ərazisində qeydə alınıb.
Zərərçəkən Rəhman Əsgərov baş verənlərlə bağlı Baku TV-yə açıqlama verib.
Onun sözlərinə görə, yolda hərəkət edərkən dörd sahibsiz it qəfil arxadan ona hücum edib:
"Onlar qollarımdan yapışdılar. Qışqırdım, itlərin altında qaldım. Nə qədər çalışsam da, onlardan qurtula bilmədim. Sonra qonşu gəldi, onu görən kimi qaçdılar. Əlimdən qan axırdı. Məni xəstəxanaya apardılar. Ağrıdan səhərə qədər yata bilməmişəm. Demək olar ki, burada hər gün itlərin hücumuna məruz qalırıq".
Məsələ ilə bağlı Ucar Şəhər Bələdiyyəsindən bildirilib ki, artıq müvafiq tədbirlərin görülməsinə başlanılıb. Qurumun məlumatına görə, hadisənin baş verdiyi ərazidə sahibsiz itlər kənarlaşdırılır və yaxın gələcəkdə onlar üçün saxlanc yerlərinin tikilməsi planlaşdırılır.
TƏBİB-dən isə bildirilib ki, dekabrın 23-də saat 10:30-da it dişləməsi səbəbi ilə bir nəfər Ucar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"1964-cü il təvəllüdlü pasiyentə bədənin müxtəlif nahiyələrinin didilmiş və cırılmış açıq yaraları diaqnozu qoyulub. Ona zəruri tibbi xidmətlər göstərilib, həmçinin quduzluğa qarşı peyvənd vurulub. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda qeyd olunub.
Daha ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Xaçmazda itkin düşən şəxsin qətlə yetirildiyi məlum olub
Xaçmaz rayonunda 2023-cü ildə itkin düşən şəxsin qətlə yetirildiyi məlum olub. BAKU.WS "Report"a istinadən xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilə...