Türkiyədən Azərbaycana qaçaqmalçılıq yolu ilə qızıl gətirən vəzifəli şəxslərə HÖKM OXUNDU

Türkiyədən Azərbaycana qaçaqmalçılıq yolu ilə qızıl gətirən vəzifəli şəxslərə HÖKM OXUNDU
Hadisə 63

Bakı Ağır Cinayətlər Məhkəməsi Türkiyədən Azərbaycana qızıl külçələrinin qaçaqmalçılığı ilə bağlı cinayət işinə baxaraq hökm çıxarıb. Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndində anadan olmuş iki tanış – 1988-ci il təvəllüdlü keçmiş gömrük əməkdaşı və 1987-ci il təvəllüdlü işsiz şəxs – Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan qrup tərəfindən külli miqdarda qaçaqmalçılıq) maddəsi ilə təqsirli biliniblər.

Keçmiş gömrük əməkdaşı əlavə olaraq 206.3.3 (vəzifəli şəxs tərəfindən qulluq mövqeyindən istifadə etməklə qaçaqmalçılıq) maddəsi ilə ittiham olunub. Məhkəmə hər iki təqsirləndiriləni 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edib.

BAKU.WS-in məlumatına görə, təqsirləndirilənlər tamah niyyəti ilə Türkiyədən əldə etdikləri qızıl külçələrini Azərbaycanın gömrük sərhədindən nəzarətsiz keçirmək məqsədilə cinayət planı qurublar.

Keçmiş gömrük inspektoru öz vəzifəsindən istifadə edərək, hava limanında növbədə olarkən kömək göstərməli imiş. Digər təqsirləndirilən isə qızılları İstanbul-Bakı (J2 8106) reysi ilə 27 dekabr 2024-cü ildə Heydər Əliyev Beynəlxalq Aeroportuna gətirib. Plan üzrə, qızıllar aeroportun gəliş zalındakı sanitar qovşaqda ötürülməli imiş, lakin gömrük orqanlarının əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət qabağı alınıb.

Saxlanılma zamanı təqsirləndirilənlərdən ümumi çəkisi 3145.59 qram olan 41 ədəd 999.9 əyarlı qızıl külçə aşkar edilib. Qızılların ümumi dəyəri 461 322 manat qiymətləndirilib. Aşkar edilmiş qızıllar arasında aşağıdakılar var:

1 ədəd 1000.14 qramlıq Avstraliya "Red Kangaroo" külçəsi (dəyəri 145 000 manat);

12 ədəd 31.1-31.12 qramlıq Avstraliya "Kangaroo" sikkələri (ümumi dəyəri 55 992 manat);

6 ədəd 100 qramlıq PAMP Suisse külçəsi (ümumi dəyəri 87 000 manat);

10 ədəd 50 qramlıq PAMP Suisse külçəsi (ümumi dəyəri 75 000 manat);

5 ədəd 10 qramlıq PAMP Suisse külçəsi (ümumi dəyəri 7500 manat);

5 ədəd 31.1-31.11 qramlıq PAMP Suisse külçəsi (ümumi dəyəri 23 330 manat);

1 ədəd 311.2 qramlıq PAMP Suisse külçəsi (dəyəri 45 000 manat);

1 ədəd 155.51 qramlıq PAMP Suisse külçəsi (dəyəri 22 500 manat).

Son xəbərlər