Tərtərdə 12 manata görə qətl törədən şəxsə 11 il həbs cəzası verildi
Gəncə Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Muradxan Hüseynovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
BAKU.WS Pravda.az-a istinadla xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Muradxan Hüseynov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona həmin maddə ilə 11 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.
İttihama görə, hadisə 2024-cü il fevralın 26-da axşam saatlarında Tərtər rayonunun Buruc kəndində baş verib.
Belə ki, zərərçəkmiş Elbrus Şəmilov Tərtər Suvarma Sistemləri İdarəsində V dərəcəli elektrik montyoru vəzifəsində çalışıb. Onun vəzifə öhdəliklərinə elektrik avadanlıqlarına texniki xidmət göstərilməsi, nasazlıqların aradan qaldırılması, elektrik xətlərinin sazlanması və digər texniki işlər daxil olub.
İstintaq materiallarında qeyd edilir ki, Elbrus Şəmilov hər hansı rəsmi əmr, tapşırıq və ya sərəncam olmadan kənd sakinlərindən suvarma suyuna görə ödənişlərin yığılması ilə məşğul olub.
Hadisə günü o, Muradxan Hüseynovun yaşadığı evə gələrək istifadə olunmuş suya görə 12 manat məbləğində ödəmə tələb edib.
Təqsirləndirilən şəxs həmin vaxt üzərində pul olmadığını, ödənişi növbəti gün edəcəyini bildirib. Lakin bu cavab tərəflər arasında mübahisəyə səbəb olub. Mübahisə zamanı Elbrus Şəmilov Muradxan Hüseynovun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədib. Bundan sonra tərəflər Elbrus Şəmilovun idarə etdiyi "Opel" markalı avtomobillə kənddən çıxaraq Hüləbətli kəndi istiqamətində hərəkət ediblər.
Onlar təxminən 800 metr aralıda yerləşən meşə zolağı yaxınlığında avtomobildən enərək mübahisəni davam etdiriblər. Həmin vaxt təqsirləndirilən şəxs zərərçəkmişin işlətdiyi nalayiq ifadələrin təsiri altında qisas almaq və onu öldürmək niyyəti ilə üzərində olan deşici-kəsici alətlə Elbrus Şəmilova hücum edib. O, zərərçəkmişə döş qəfəsi nahiyəsindən bıçaq zərbəsi endirib. Zərbə nəticəsində yeddinci qabırğa zədələnib, ürək kisəsi və ürək deşilib. Bundan əlavə, Elbrus Şəmilovun sol bazu nahiyəsinə də kəsilmiş-deşilmiş yara yetirilib.
Məhkəmə-tibbi ekspertizanın rəyinə əsasən, döş qəfəsinə vurulan zərbə həyat üçün təhlükəli ağır bədən xəsarəti hesab olunub. Elbrus Şəmilov ürəyinin zədələnməsi nəticəsində baş vermiş kəskin qanitirmədən hadisə yerində həyatını itirib.
Cinayət işi üzrə təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 120.2.3-cü (zərərçəkmiş şəxsi xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar qəsdən öldürmə) maddəsi üzrə ittiham irəli sürülüb.
Oxşar xəbərlər
Yüksək sürətin qurbanı olan Adilin FOTOSU
İyulun 27-də Quba–Qusar avtomobil yolunda dəhşətli yol qəzası baş verib. BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, yük avtomobilinə çırpılan "Mercedes C-C...