Təqsirləndirilən jurnalist ifadə verib

Təqsirləndirilən jurnalist ifadə verib
Hadisə 503

"Abzas Media" cinayət işi üzrə təqsirləndirilən şəxslərin növbəti məhkəməsi keçirilib.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən jurnalistlərdən Fərid Mehralızadə ifadə verib.

O bildirib ki, "Abzas Media" saytı ilə heç bir əlaqəsi olmayıb. 2019-cu ildən 2024-cü il mayın 30-da həbs olunduğu günə qədər banklardan birində işlədiyini deyən Fərid Mehralızadə qeyd edib ki, həmçinin iqtisadi mövzuda təhlil yazıları hazırlamaqla yanaşı müxtəlif televiziya kanallarına və saytlara ekspert kimi müsahibələr verirdi. O bildirib ki, "Abzas Media" saytına da ekspert kimi müsahibə verib və bunun müqabilində hər hansı bir məbləğ almayıb.

Daha sonra məhkəmə prosesində şahidlər dindirilib.

Məhkəmə prosesi aprelin 22-də davam edəcək.

"Abzas Media" saytının təsisçisi Ülvi Həsənli 2023-cü il noyabrın 20-də həbs olunub. Daha sonra baş redaktor Sevinc Vaqifqızı, Məhəmməd Kekalov, Nərgiz Absalamova, Hafiz Babalı, Elnarə Qasımova, Fərid Mehralızadə həbs olunublar. Onlara qarşı qaçaqmalçılıq, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, vergidən yayınma və s. ittihamlar irəli sürülüb.

Son xəbərlər