Təcavüzə məruz qalıb, nikaha məcbur edildiyini deyən qız: "Atamın qəyyumluğu ləğv edilsin"

Təcavüzə məruz qalıb, nikaha məcbur edildiyini deyən qız: Atamın qəyyumluğu ləğv edilsin
Hadisə 229

Yetkinlik yaşına çatmayan, miopatiyadan (əzələ xəstəliyi, əzələ zəifliyi ilə müşahidə olunur - red.) əziyyət çəkən qız cinsi təcavüzə məruz qaldığı şəxsə nikaha məcbur edildiyini iddia edib.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Tutuxanım Fərzəliyeva bu barədə özü ATV telekanalında yayımlanan "Bizimləsən" verilişində danışıb.

Tutuxanımın sözlərinə görə, 2024-cü ildə cinsi təcavüzə məruz qalıb:

"Həmin vaxt 18 yaşım tamam deyildi. Bundan sonra oğlanın anası məni oğlu ilə evləndirmək istəyir. Deyir, iki aydan sonra ayrılarsan, deyərsən, qayınanam yola vermədi. Qohumlarım isə məni danışdırmırlar. Elə bilirlər, mən həmin oğlana qoşulub qaçmışam. Mən isə üç ilə yaxındır ki, yeriyə bilmirəm. Bir nəfər də soruşmadı ki, ay bala, sən gəzə bilmirsən, necə qaçmısan?!"

Qız deyir ki, oğlanın anası onu nikaha məcbur edərək hədə-qorxu gəlib:

"Mənim buna razılığım yoxdur. Bu il yanvarın 18-i nikah olmalı idi. Mən isə pensiya alacağım üçün xəstəxanada yatırdım. Oğlanın anasına dedim ki, məni gəlib götürsəniz, qışqıracağam, məcbur apardığınızı deyəcəyəm. O isə məni hədələdi. Lakin bundan sonra da mənim razı olmadığımı görüb şirindillilik etdi".

T.Fərzəliyeva deyib ki, cinsi təcavüzə məruz qaldıqdan sonra oğlanın anası onun ekspertizadan keçməsini istəyib, amma atası razı olmayıb:

"Mən başıma gələn hadisənin bilinməsi üçün ögey anama danışmışdım. Bundan sonra o da ögey qardaşıma bildirmişdi. Ögey qardaşım da mənim adımdan dostuna mesaj yazaraq bizə çağırmışdı. Ögey anamgil plan qurublar ki, oğlanı polis saxlasın, məni də baş verənləri bəhanə edərək atsınlar. Həmin vaxt oğlanı polis bölməsinə çağırmışdılar. Ailəm ekspertizaya razı olmadı. Məni də polis bölməsində qoyub getdilər. Məni oğlanın anası öz evlərinə apardı. Oğlan isə səhəri gün sərbəst buraxıldı".

Qeyd edək ki, T.Fərzəliyevanın anası onun iki yaşı olanda vəfat edib. Uşağı ana nənəsi saxlayıb. Beş yaşı olanda ana nənəsi vəfat edib, anasının xalası himayəsinə götürüb. T.Fərzəliyeva 10 yaşına qədər atasını görməyib. Bundan sonra atası gəlib və DNT analizi etdirərək məhkəmə yolu ilə valideynliyini sübut etdirib. Doğum haqqında şəhadətnaməsini dəyişib, ona öz soyadını verib. Bundan sonra atası qəyyumu kimi ona aid olan evi satışa çıxarıb və beş ildən sonra Bakıda, metronun "Nizami" stansiyası ilə üzbəüz ünvandakı evini satıb. Evi 75 min manata satdığını bildirib. T.Fərzəliyevaya isə Abşeron rayonu Masazır qəsəbəsindən ev alıb. Qız hazırda həmin ünvandan təhsil aldığı universitetə getməkdə çətinlik çəkdiyini bildirib.

T.Fərəzliyeva verilişdə onu da deyib ki, 10 yaşına qədər normal yeriyə bilib, amma atası ögey anasının sözü ilə onu döyüb və stresdən tədricən yerimə qabiliyyətini itirib.

O, atasının qəyyumluğunun ləğv edilməsini, haqlarının bərpa olunmasını istəyir.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov Oxu.Az-a bildirib ki, 2024-cü il may ayının 6-da Yasamal rayonunda yaşayan Kənan Fərzəliyev tərəfindən DİN-in "102" xidməti zəng mərkəzinə müraciət daxil olub.

Polis əməkdaşları həmin ünvana yaxınlaşıb və məlumat verən şəxsin, o cümlədən ailə üzvlərinin izahatı alınıb:

"K.Fərzəliyevin atası İnşallah izahatında yaşadığı ünvana gəldiyi zaman qızının tanımadığı bir oğlanla danışdığını görüb, bundan əsəbiləşərək polisə məlumat verdiyini bildirib. Daha sonra isə məlum olub ki, həmin şəxs qızına elçi gəlib. Bundan sonra İnşallah Fərzəliyev heç bir şikayət və tələbinin olmadığını, başlanmış icraatın dayandırılmasını xahiş edib. Aparılan icraat zamanı İ.Fərzəliyevin qızı Tutuxanım Fərzəliyeva da izahatında həmin şəxsi tanıdığını, ailə qurmaq fikrinin olduğunu və heç bir şikayətinin olmadığını bildirib. Aparılan araşdırma çərçivəsində ailə üzvləri ilə profilaktiki söhbət aparılıb".

"Hazırda vətəndaşın səsləndirdiyi məsələ ilə bağlı yenidən araşdırma başlayıb", - deyə o bildirib.

Qeyd edək ki, məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə sorğu ünvanlamışıq.

Son xəbərlər