Taksi sürücüsü 9 aylıq hamilə qadını yarıyolda düşürdü - Filmə baxmağına etiraz edirmiş...

Taksi sürücüsü 9 aylıq hamilə qadını yarıyolda düşürdü - Filmə baxmağına etiraz edirmiş...
Foto Video
Hadisə 8948

9 aylıq hamilə olan sərnişini yarıyolda maşından düşürən taksi sürücüsünün sifarişlərə çıxışı bağlandı.

Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Yango Azərbaycanın mətbuat xidmətindən bildirilib. 

"Sərnişinlərin təhlükəsizliyi Yango Ride xidməti üçün əsas prioritetlərdən biridir. Bu halda tərəfdaş sürücünün davranışı yolverilməzdir, biz daxili araşdırma apardıq. Daxili araşdırmanın nəticələrinə əsasən, bu sürücü üçün sifarişlərə çıxış bağlanılıb", - deyə məlumatda qeyd olunub.

***15:30

Bakıda taksi xidmətindən istifadə edən hamilə qadının başına iş gəlib.

Bu barədə şikayətlə zərərçəkən Dürdanə Salayeva BAKU.WS-in "qaynar xətti"nə müraciət edib.

Onun sözlərinə görə, bu gün "Yango"dan çağırdığı taksinin sürücüsü maşını idarə edərkən seriala baxıb. Xanım öz iradını bildirdikdə isə ona aqresiv cavablar verməyə başlayıb. Yaranmış mübahisə zamanı sürücü 9 aylıq hamilə qadını yarıyolda endirib:

"Gördüm ki, seriala baxır, əvvəl heç nə demədim. Lakin yola yox, dayanmadan seriala baxdığını gördükdə, seriala baxmayıb fikrini yola cəmləməsini xahiş etdim. Mənə dedi ki, cərimə gəlsə mənə gələcək də, sizə nə. Sürücüyə bildirdim ki, məsələ cərimə gəlməsi yox, təhlükəsizlikdir. Üzr istəmək əvəzinə üstümə qışqırdı ki, düş maşından. 19 dəqiqəlik yolun cəmi 9 dəqiqəsini getmişdik, məni maşından endirdi".

Qadın onu da bildirib ki, sifarişə gələn taksi ilə tətbiqdə göstərilən maşın eyni olmayıb.

"Tətbiqdə sifariş etdiyim maşın 77 YM 784 dövlət qeydiyyat nişanlı "Toyota Corolla" olsa da, gələn maşın ağ BYD markalı maşın idi, axır nömrəsi də 485", - deyə D. Salayeva vurğulayıb.

Hadisə anına dair kadrı təqdim edirik:

Banu Hüseynli

Son xəbərlər