Səudiyyə Ərəbistanı Səfirliyini yandırdılar (VİDEO)

Səudiyyə Ərəbistanı Səfirliyini yandırdılar (VİDEO)
Video
Hadisə 1356

Şiə din xadimi Nimr ən-Nimrin Ər Riyadda edam olunmasına etiraz edən iranlılar Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinin binasına hücum edərək, bir neçə otağı darmadağın ediblər.

BAKU.WS-in APA-ya istinadən verdiyi xəbərə görə, həmin səhnələrin əks olunduğu fotoşəkillər ərəb mətbuatında yer alıb. 

İran polisi etirazçıları səfirliyin ərazisindən çıxarmağa müvəffəq olub.

"Əl Ərəbiyə” telekanalının məlumatına görə, binaya daxil olan etirazçılar səfirliyin otaqlarını yandırmağa çalışıblar, lakin polis bu cəhdlərin qarşısını alaraq, onları binadan kənarlaşdırıb. Məlumata görə, etirazçılar Əl Saud kral sülaləsinin siyasətini pisləyən şüarlar səsləndiriblər. 

Məlumata görə, iranlı etirazçılar Səudiyyə Ərəbistanının Məşhəddəki konsulluğuna da hücum ediblər. Etirazçılar burada da binaya od vurmağa cəhd ediblər, nəticədə bir neçə otağın yandığı bildirilir.

Şeyx Nimr ən-Nimr Səudiyyə Ərəbistanı rəhbərliyi tərəfindən 2012-ci ildə ölkənin şərqində baş verən etiraz aksiyası zamanı saxlanılıb. 2014-cü ildə o, nifrətə çağırış, krala itaət etməmə və hüquq-mühafizə orqanları əməkdaşlarına hücum məqsədilə terrorçu meyllər yaratmaq maddələri ilə ittiham olunaraq barəsində ölüm hökmü çıxarılıb.

Ötən gün Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi vaiz Nimr ən-Nimr və "Əl-Qaidə”nin Səudiyyə Ərəbistanındakı qolunun liderlərindən olan Faris əs-Zəhrani də daxil olmaqla terrorçuluqda təqsirli bildiyi 47 nəfərin edam olunduğunu açıqlayıb.

BAKU.WS 

Son xəbərlər