SON DƏQİQƏ - İranla sərhəddə atışma - bir hərbçimiz həlak oldu, biri yaralandı (FOTO)

SON DƏQİQƏ - İranla sərhəddə atışma - bir hərbçimiz həlak oldu, biri yaralandı (FOTO)
Hadisə 20978
Bu gün saat 06:50 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Bala Bəhmənli kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədinin pozulmasına cəhd edilib.Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən BAKU.WS-ə verilən məlumata görə, sərhəd naryadı tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində silahlı şəxslərin hərəkəti aşkar olunub və qarşısı alınıb.Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsində olan sərhəd naryadının qanuni tələbinə və xəbərdarlıq atəşinə tabe olmayan sərhəd pozucuları tərəfindən sərhəd naryadına qarşı silah tətbiq edilib.Baş vermiş atışma zamanı sərhəd naryadının başçısı Daşkəsən rayonundan həqiqi hərbi xidmətə çağırılmış kiçik çavuş Məmmədov Səxavət Füzuli oğlu sinəsindən güllə yaraları alıb, sərhəd naryadının üzvü Siyəzən rayonundan həqiqi hərbi xidmətə çağırılmış əsgər Cəbrayılov Vidadi Xəlifəqulu oğlu əlindən yaralanıb. Hər iki sərhədçi dərhal hərbi hospitala təxliyə olunsa da, kiçik çavuş S.Məmmədovun həyatını xilas etmək mümkün olmayıb.Dövlət sərhədini pozmağa müvəffəq ola bilməyən sərhəd pozucuları geri qaçmışlar.Hadisədən dərhal sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və digər vəzifəli şəxslər əraziyə gəlmiş, hadisə yerinə baxış keçirmiş, əməliyyat-axtarış tədbirlərinin davam etdirilməsinə dair zəruri tapşırıqlar vermişdir.Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti dövlət sərhədini mühafizə edərkən qəhrəmancasına həlak olmuş kiçik çavuş S.Məmmədovun atası ilə görüşmüş və baş sağlığı vermişlər.Dövlət Sərhəd Xidmətinin rəisinin əmri ilə kiçik çavuş Məmmədov Səxavət Fizuli oğlu (ölümündən sonra) və əsgər Cəbrayılov Vidadi Xəlifəqulu oğlu xidməti vəzifələrinin icrasında göstərdikləri şücaətə görə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif olunmuşlar.Hadisə ilə əlaqədar Hərbi Prokurorluqla birlikdə zəruri tədbirlər həyata keçirilir. Fakt üzrə cinayət işi başlanılmışdır.BAKU.WS

Son xəbərlər