Valideynlərdən hədiyyə olaraq zinət əşyası aldığına görə cəzalandırılan müəllimədən AÇIQLAMA

Valideynlərdən hədiyyə olaraq zinət əşyası aldığına görə cəzalandırılan müəllimədən AÇIQLAMA
Foto Video
Hadisə 6085

Tovuzda müəllimənin valideynlərdən zinət əşyası tələb etməsi xəbərinə aydınlıq gətirilib.

BAKU.WS "Teleqraf"a istinadən xəbər verir ki, övladları Tovuzun Mərdan Musayev adına Əlimərdanlı kənd tam orta məktəbinin ibtidai sinfində təhsil alan valideynlər həmin məktəbin müəlliməsi Günel Məmmədovanı müdafiə ediblər.

Müəllimənin barmağına üzük taxan valideynlər bildiriblər ki, sözügedən addımı onlar öz təşəbbüsləri ilə atıblar.

"Biz öz təşəbbüsümüzlə tədbir keçirmişik. Tədbirə müəllimi qonaq çağırmışıq. Ona çox da bahalı olmayan zinət əşyası almışıq. Müəllimin bundan xəbəri olmayıb", - deyə Elgün İbadova adlı valideyn bildirib.

Digər valideyn Ayşə Kərimova da deyib ki, hədiyyəni valideynlər özləri birlikdə alıblar.

Adıçəkilən müəllimə də iddialara cavab verib. O, valideynlərin bu addımından son anda xəbəri olduğunu deyib. Hədiyyəyə gəldikdə isə onu valieynlərə hörmətsizlik olmasın deyə qəbul etdiyini bildirib:

"Məndən xahiş etdilər ki, tədbirlərinə qatılım. Mən də onların könlünə dəyməmək üçün orada iştirak etdim. Hədiyyəni də valideynlərə hörmətsizlik etməmək üçün götürdüm. Bu həddə çatacağını bilsəydim, götürməzdim", - deyə görüntüsü yayılan Günel Məmmədova deyib.

*** 15:17

Tovuz rayonunda valideynlərin qızıl üzük hədiyyə etdiyi müəllimə töhmət verilib.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin Qazax-Tovuz Regional Təhsil İdarəsindən bildirilib.

Qeyd edilib ki, sosial şəbəkələrdə Tovuz rayon Mərdan Musayev adına Əlimərdanlı kənd tam orta ümumtəhsil məktəbinin müəlliminə zinət əşyasının alınması ilə bağlı video yayılıb:

"Bu video mayın 24-də qeyri-iş günü məktəbdənkənar ərazidə çəkilib, valideynlərin şəxsi təşəbbüsü ilə alınmış zinət əşyası müəllimə təqdim edilib. Ancaq təhsilverənlərin etik davranış qaydalarına, eyni zamanda Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Regional Təhsil İdarəsi tərəfindən məktəblərə təqdim olunmuş müvafiq təlimatlara əsasən, müəllimlərə hər hansı qiymətli hədiyyə, maddi və ya qeyri-maddi nemətlərin və s. verilməsi yolverilməz hesab olunur".

İdarə valideynlərə bir daha müraciət edərək xatırladıb ki, müəllim əməyinə təşəkkür və dəyərin göstərilməsi mənəvi təşəkkür, əməkdaşlıq və hörmət çərçivəsində olmalıdır.

"Etik davranış qaydalarını pozduğuna görə müəllimə töhmət verilib".

*** 11:21

Tovuzda məktəb müəlliminin valideynlərdən hədiyyə qismində zinət əşyası tələb etdiyi söylənilir.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, sosial şəbəkədə edilən paylaşımda Tovuz rayon Əlimərdanlı kənd M.Musayev adına tam orta məktəbinin Günel adlı müəlliməsinin özünə təmtəraqlı tədbir təşkil etdiyi bildirilir.

Görüntülərdə bir neçə qadının sıraya düzüldüyü, onlardan birinin müəllimənin barmağına qızıl üzük taxdığı əks olunub.

Məsələ ilə bağlı Qazax-Tovuz Regional Təhsil İdarəsindən bildirilib ki, sözügedən faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Son xəbərlər