Şəhid polkovnik-leytenantın atası vəfat etdi
2016-cı ilin "Aprel döyüşləri"nin iştirakçısı, şəhid polkovnik-leytenant Sənan Axundovun atası Tahir Axundov oktyabrın 19-da vəfat edib.
BAKU.WS Modern.az-a istinadən xəbər verir ki, mərhum Tahir Axundov Beyləqan rayonunda yerləşən "Cərciz Peyğəmbər" məzarlığında son mənzilə yola salınıb.
Qeyd edək ki, şəhid polkovnik-leytenant Sənan Axundov da həmin məzarlıqda dəfn olunub. Mərhum Tahir Axundov vəsiyyətinə uyğun olaraq oğlunun yanında torpağa tapşırılıb.
Sənan Axundov ailənin yeganə oğul övladı idi. O, Müdafiə Nazirliyində İnformasiya şöbəsinin sektor müdiri vəzifəsində xidmət etmişdi. Ailənin tək oğul övladı olmasına baxmayaraq, tutduğu vəzifədən imtina etmiş və könüllü şəkildə ön cəbhəyə getmişdi.
Sənan Tahir oğlu Axundov 1979-cu il sentyabrın 29-da Füzuli rayonunda anadan olub. 1993-cü ildə Axundovlar ailəsi Füzulidən məcburi köçkün düşüb. Sənan Axundov 1996-cı ildə Bakının Binəqədi rayonundakı 144 nömrəli tam orta məktəbi bitirərək, Ali Hərbi Məktəbə daxil olub. 2001-ci ildə Ali Hərbi Məktəbi bitirib və "N" saylı hərbi hissədə leytenant rütbəsində xidmətə başlayıb.
2007-2009-cu illərdə Almaniya Federativ Respublikasının Hərbi Akademiyasında təhsil alıb.
Daha sonra Bakı Dövlət Universitetinin Hüquq fakültəsində ikinci ali təhsil alıb.
2012-2015-ci illərdə Almaniyada müxtəlif kəşfiyyat təlimlərində iştirak edib. 2012-ci ildə Türkiyədə hərbi təlim keçib.
2016-cı ildə Müdafiə Nazirliyindəki sektor müdiri vəzifəsindən imtina edərək könüllü şəkildə cəbhə bölgəsinə gedib. Onu kəşfiyyat bölüyünün komandiri təyin etmişdilər.
Sənan Axundov 2016-cı il aprelin 18-də "Aprel döyüşləri"ndən sonra Lələtəpə istiqamətində mövqelərimizin hansı vəziyyətdə olduğunu öyrənmək üçün ərazini yoxlamağa gedən zaman minaya düşən silahdaşını - polkovnik-leytenant Vüqar Əbdüləzimovu xilas edərkən özü də minaya düşərək ağır yaralanıb. Onu Füzuli rayonu ərazisində yerləşən hərbi hospitala çatdırsalar da, həkimlər zabitimizin həyatını xilas edə bilməyiblər.
"Aprel döyüşləri"nin son şəhidi - polkovnik-leytenant Sənan Axundov Beyləqanda yerləşən "Cərciz Peyğəmbər" məzarlığında torpağa tapşırılıb. Sənan Axundov Bakıdakı 34 nömrəli orta məktəbin direktoru Nəcibə Axundova ilə evli idi. Şəhidin Tahir adlı oğul və Nəzrin adlı qız övladı yadigar qalıb.
Oxşar xəbərlər
Sumqayıtda yaşayış binasında yanğın: Sakinlər təxliyə edildi
Sumqayıtda yaşayış binasında yanğın olub. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, Sumqayıt şəhərində doqquzmərtəbəli yaşayış binasını...