Şəhid Orxan Əsgərovun vəfatından iki il ötür

Şəhid Orxan Əsgərovun vəfatından iki il ötür
Hadisə 77

Bu gün şəhid Orxan Əsgərovun vəfatından iki il ötür.

O, 27 yanvar 2023-cü ildə Azərbaycanın İrandakı səfirliyinə hücum zamanı qətlə yetirilib.

BAKU.WS xatırladır ki, iki il bundan əvvəl, Bakı vaxtı ilə səhər saat 08:30-da İrandakı səfirliyimizə terror hücumu olub. Terroru törədən İran vətəndaşı Yasin Hüseynzadə "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib.

Orxan Əsgərov 1982-ci il noyabrın 5-də Gəncədə doğulub. Əslən Basarkeçər rayonunun Nərimanlı kəndindəndir. 1989-1998-ci illərdə Gəncə Şəhər 4 saylı tam orta məktəbdə, 1998-1999-cu illərdə isə ABŞ-də təhsil alıb.

1999-2003-cü illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində bakalavr, 2003-2005-ci illərdə isə həmin universitetdə magistr təhsili, 2005-2007-ci illərdə isə aspirantura təhsili alıb.

2014-2015-ci illərdə Rusiyada, 2015-2016-cı illərdə Ukraynada, 2016-2017-ci illərdə isə Gürcüstanda yerləşən Azərbaycanın səfirliklərində hərbi diplomatik xidmət edib.

2018-ci ildə mühafizə xidmətinin rəisi vəzifəsinə yüksəlib və Türkiyənin İstanbul şəhərinə ezam edilib. 2021-ci ildən etibarən isə İranın Tehran şəhərində yerləşən Azərbaycanın səfirlik kompleksində hərbi diplomatik xidmətə başlayıb.

Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn edilib. 3 fevral 2023-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Əsgərov Orxan Rizvan oğlu (ölümündən sonra) "Vətən uğrunda" medalı ilə təltif edilib. Tağıyev Vasif Natiq oğlu 1-ci dərəcəli "Rəşadət" ordeni ilə, İmanov Mahir Kamil oğlu "Vətən uğrunda" medalı ilə təltif edilib.

Hadisədən sonra Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyəti dayandırılıb. Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları və ailə üzvləri 29 yanvar 2023-cü il tarixində Tehrandan Bakıya təxliyə olunub.

İki dövlət arasında aparılmış danışıqlar nəticəsində 15 iyul 2024-cü il tarixindən etibarən Azərbaycanın İrandakı səfirliyi yeni ünvanda fəaliyyətini bərpa edib, səfir və səfirliyin heyəti İrana geri dönüb.

Orxan Əsgərovun Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə edilən hücumlar və digər insidentlər nəticəsində həyatını itirən ilk rəsmi şəxs olduğu bildirilir.

3 fevral 2023-cü ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Əsgərov Orxan Rizvan oğlu (ölümündən sonra) "Vətən uğrunda" medalı ilə təltif edilib.

O ailəli idi, 2 övladı var idi.

Son xəbərlər