Saxta əlillik diaqnozu hazırlamaqda təqsirləndirilən həkim: "Rüşvət mənə yad anlayışdır"

Saxta əlillik diaqnozu hazırlamaqda təqsirləndirilən həkim: Rüşvət mənə yad anlayışdır
Hadisə 22

Saxta diaqnozlarla və tibbi müayinədən keçirilmədən əlilliyin verilməsi müqabilində rüşvət almaqda təqsirləndirilən Sabirabad Rayon Mərkəzi Xəstəxanasının vəzifəli şəxslərinin növbəti məhkəməsi keçirilib.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən Əlişir Əliyev hakim və prokurorun suallarını cavablandırıb.

Əlişir Əliyev digər təqsirləndirilən İntiqam Kərimovu ilk dəfə Baş Prokurorluqda dindirilərkən gördüyünü deyib:

"Sənədləri imzalayan komissiya üzvləri 5 nəfər olublar. Əslində həmin komissiya üzvlərindən bir nəfər imza etməsəydi, sənədlər qəbul oluna bilməzdi. Amma belə görünür ki, bütün sənədləri mən tək imzalamışam və qol çəkdiyim 88 saylı formalar bütünlüklə qəbil olunub. Qabil Quliyevə gəlincə isə onun ailəsi bütünlüklə tanıyıram, iman əhlidir. Özü də ürək xəstəsidir, tapşırmışdım ki, onu gələndə növbəsiz qəbul etsinlər. Ondan hər hansı bir təmənna güdməmişəm. Ümumiyyətlə, rüşvət anlayışı mənə yaddır. Kimsə deyə bilməz ki, mənə bir qəpik pul verib".

Digər təqsirləndirilən Qabil Quliyev də təqsirləndirilən həkimin dediklərini təsdiq edərək ona hər hansı məbləğdə rüşvət vermədiyini, təmənnasız onun sənədlərini qeydiyyata aldığını deyib.

Məhkəmənin növbəti prosesi mayın 6-na təyin edilib.

Xatırladaq ki, Baş Prokurorluğun Mətbuat Xidmətinin məlumatına əsasən "Sabirabad Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsdə baş verən qanunsuzluqlar, o cümlədən həmin xəstəxananın Poliklinika şöbəsinin müdiri və Həkim Məsləhət Komissiyasının üzvü olmuş Əlişir Əliyev barədə daxil olmuş şikayətlər əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanılıb.

İbtidai istintaqın versiyasına görə, Əlişir Əliyev sözügedən vəzifədə işlədiyi müddətdə Qabil Quliyev və İntiqam Kərimovla cinayət əlaqəsinə girərək əlilliyin təyin olunmasına əsas verən hər hansı xəstəlikdən əziyyət çəkməyən və Həkim Məsləhət Komissiyasında faktiki olaraq müayinədən keçirilməyən ayrı-ayrı şəxslərə əlillik dərəcəsinin verilməsini həyata keçirib.

Bu məqsədilə onların barəsində TƏBİB-in "e-tabib" elektron informasiya sisteminə tibbi diaqnozlara dair bilə-bilə yalan məlumatları daxil edilib. Onun Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilməsi müqabilində külli miqdarda rüşvət almasına əsaslı şübhələr müəyyən olunub.

Toplanmış sübutlar əsasında Əlişir Əliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2, 311.3.3 (təkrarən və külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı), Qabil Quliyev və İntiqam Kərimova isə həmin Məcəllənin 178.1 (dələduzluq), 32.5, 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadəyə kömək etmə), 32.5, 311.3.2, 311.3.3 (təkrarən və külli miqdarda rüşvət almağa kömək etmə) və 32.5, 313-cü (vəzifə saxtakarlığına kömək etmə) maddələri ilə ittiham elan edilib.

Təqsirləndirilən şəxslərin yaşı və səhhətləri nəzərə alınmaqla barələrində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər