Şamaxı sakinlərini boğaza yığan problem: "21-ci əsrdir, belə yaşayış olar?!"

Şamaxı sakinlərini boğaza yığan problem: 21-ci əsrdir, belə yaşayış olar?!
Video
Hadisə 30

Şamaxı şəhəri, Zivərbəy Əhmədbəyov küçəsinin 100-ə yaxın sakini yolun yararsız vəziyyətdə olmasından şikayətçidir.

Onların Baku TV-yə bildirdiyinə görə, küçədə asfalt örtüyü yoxdur. Yayda ərazini toz, yağışlı havalarda isə palçıq bürüyür. Sakinlər qeyd ediblər ki, yolun vəziyyəti gündəlik həyatda ciddi çətinliklər yaradır.

Xüsusilə məktəblilərin, yaşlıların və xəstələrin hərəkəti çətinləşir. Təcili yardım avtomobillərinin də küçəyə daxil olmaqda çətinlik çəkdiyi qeyd edilir.

Vətəndaşlar problemin həlli üçün dəfələrlə aidiyyəti qurumlara müraciət etdiklərini, hətta öz vəsaitləri hesabına yolda müəyyən təmir işləri apardıqlarını deyirlər. Yolun vəziyyəti taksi və digər nəqliyyat vasitələrinin hərəkətinə də mane olur.

"Taksi çağırırıq, 5 manatlıq yolu 20-25 manata aparır. Yolda maşın sürmək olmur. 21-ci əsrdir, belə yaşayış olar?!", - deyə sakin bildirib.

Şikayətçilərin sözlərinə görə, bəzi sürücülər avtomobillərinin zədələnəcəyini əsas gətirərək əraziyə gəlməkdən imtina edirlər.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, Şamaxı şəhərinin şəhərdaxili avtomobil yollarının, o cümlədən Zivərbəy Əhmədbəyov küçəsinin və ona bitişik ərazilərdə yerləşən küçələrin asfaltlanması işləri cari ilin sonunadək həyata keçiriləcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər