Salyanda kişi telefona cavab vermədi, etiraz edən sevgilisini döydü

Salyanda kişi telefona cavab vermədi, etiraz edən sevgilisini döydü
Hadisə 131

Salyan rayonunda kişi sevgilisini döyüb.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Qaraçala qəsəbəsi ərazisində baş verib. Salyan rayon sakini, 1993-cü il təvəllüdlü Əbülfəz Məmmədov (soyadı şərtidir) Qaraçala qəsəbəsində bir qadınla tanış olub və aralarında sevgi münasibətləri yaranıb.

Bir müddət sonra qadın Əbülfəz Məmmədova zəng etsə də, o, iki gün ərzində telefon zənglərinə cavab verməyib. İki gündən sonra kişi qadının evinə gəlib. Qadın ona zənglərə cavab verməməsini irad tutub və nəticədə tərəflər arasında mübahisə yaranıb. Mübahisə dava-dalaşa çevrilib, Əbülfəz Məmmədov qadını yumruq zərbələri ilə döyüb, daha sonra isə onun qolunu dişləyib.

Hadisədən sonra qadın polisə müraciət edib. Əraziyə polis əməkdaşları gəliblər və Ə.Məmmədov saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb və materiallar məhkəməyə göndərilib.

Salyan Rayon Məhkəməsinin hökmü ilə Əbülfəz Məmmədova 1 il 11 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib və onun barəsində elektron qolbaq tətbiq olunub.

Son xəbərlər