Sabirabadda dəhşətli hadisə: Gecə atasını öldürdü, psixiatriya xəstəxanasına göndərildi

Sabirabad rayonunda 1983-cü il təvəllüdlü Xəyyam Səmədov 1953-cü il təvəllüdlü atası Mirtahir Səmədovu qətlə yetirib.
BAKU.WS Teleqraf.com-a istinadla xəbər verir ki, Xəyyam "şizofreniya paranoid" ruhi-əsəb xəstəliyindən və narkomaniyadan əziyyət çəkirmiş. Eyni zamanda, müntəzəm narkotik qəbul etdiyindən atası Mirtahir Səmədovla tez-tez münaqişə edirmiş.
Sonuncu dəfə ötən il fevralın 23-də gecə saat 1-2 radələrində evdə spirtli içki içərkən yenidən atası ilə aralarında mübahisə baş verib. Əlinə götürdüyü şüşə butulka ilə, eləcə də yumruq və təpiklə atasının baş, qarın və bədənin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vurub. Mirtahir aldığı xəsarətlərdən Şirvan Şəhər Mərkəzi xəstəxanasında ölüb.
Hadisəni törədən Xəyyamın barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.
Məhkəmə baxışında cinayət qanunu ilə nəzərdə tutulmuş və cinayət məsuliyyətinə səbəb olan əməli anlaqsız vəziyyətdə törətmiş Xəyyam ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib.
O ifadəsində göstərib ki, hadisə günü Bakı şəhərində olub: "Bakıdan gəldikdən sonra həyətə daxil olanda atamın yıxıldığını dedilər. Bir gün sonra o, dünyasını dəyişdi. Atamın üzündə hadisədən 2-3 gün əvvəl solğunluq vardı. Hadisə günü Bakı şəhərində olduğumu sübut edən dəlillər var. Mən atamı öldürməmişəm, psixoloji problemlərim yoxdur, özümü yaxşı hiss edirəm. Mən NATO-nun Azərbaycanda hərbi baza yaratmasının qarşısını almaq üçün Bakı şəhərinə getmişəm. Tədbirə gedən adamlardan biri olduğum üçün məni şərləyiblər".
Təqsirləndirilən şəxs deyib ki, Bakı şəhərinə Xalid adlı dostunun yanına gedibmiş: "Bakıda bir gecə qalıb qayıtdım. Mən atamı, atam da məni çox istəyib. Mən Bakı şəhərinə gedəndə atam sağıydı. Bakıda otelə getmişdim, otelin sahibi olmadığından divanda uzandım. Evdəki viskini mən içmişəm. Mən viskini içəndə atam sağ idi. Biz eyni evdə, ayrı otaqlarda yaşayırdıq".
Məhkəmədə Xəyyam Səmədovun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunub. O, ifadəsində göstərib ki, 2024-cü il fevralın 22-dən 23-ə keçən gecə, saat 00:00-da banklardan birinin Sabirabad rayon filialının yanında yerləşən bankomatdan 168 manat pensiya pulunu çıxarıb: "Poçtla üzbəüz 24 saat işləyən mağazadan qutuda viski, çörək, kolbasa, şor və mayonez aldım. "VAZ 2107" markalı taksi ilə atam Mirtahir Səmədovla birgə yaşadığım evə gəldim. Lakin atamı evdə görmədim. Təxminən beş dəqiqə sonra atam haradansa evə gəldi. Ona mənimlə birgə yeyib-içməyi təklif etdim. Lakin atam nədənsə əsəbi göründü, mənimlə birgə yeməkdən imtina etdi. Mən isə qonaq otağında tək yemək yedim, viski içdim. Atam bilmədiyim səbəbdən qonaq otağında kresloda əsəbi halda oturmuşdu. Mən yemək yeyib, iki-üç qədəh viski içdikdən sonra öz evimə, yəni Seyidağanın evinin birinci mərtəbəsində yerləşən otağıma getdim. Viskini də özümlə apardım və yatdım".
Təqsirləndirilən şəxsin ifadəsinə görə, səhər saat 8 radələrində Bakı-Sabirabad marşrutu ilə işləyən taksilərin biri ilə Bakı şəhərinə gedib, bir gün orada qaldıqdan sonra Sabirabad rayonuna qayıdıb: "Həmin gecə atamla aramızda heç bir münaqişə olmayıb. Atam xəstəlikdən ölüb, həmin gün əynində ağ rəngli "balonka" gödəkçə olub, bədənində olan xəsarətlərin hansı şəraitdə əmələ gəldiyini bilmirəm".
Təqsirləndirilən şəxs ifadəsinin sonunda Bakı şəhərinə getməyini "NATO təşkilatının Azərbaycanda hərbi baza yaratmasının qarşısını almağa çalışması ilə" izah edərək qeyri-adekvat ifadə verib.
Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş Xəyyam Səmədov cinayət məsuliyyətindən və cəzadan azad edilib. Onun barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarlarında intensiv müşahidə altında məcburi müalicə təyin edilib.
Qərarın icrası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına tapşırılıb.

Oxşar xəbərlər
Binadan atılan Ayşən tualetdə saxlanılırmış: Qətli törədən 23 yaşlı Hüseynin ŞOK İFADƏSİ
23 yaşlı arvadını əlləri bağlı vəziyyətdə 8-ci mərtəbədən ataraq ölümünə səbəb olan 23 yaşlı Hüseynin cinayət işinin təfərrüatı məlum olub. Hüseyn dəhşətli qətl...