Sabiq bankirin dələduzluqda təqsirləndirilən oğlu zərərçəkənləri necə aldadıb?
Lisenziyası ləğv edilmiş "Texnikabank" ASC-nin Bakı filialının sabiq müdiri Zal Yusifovun dələduzluqda ittiham olunan oğlu İslam Yusifovun və İlham Abbasovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında zərərçəkənin ifadəsi dinlənilib.
Zərərçəkən Rafiq Həsənovun anket məlumatlarından məlum olub ki, o, daha əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 178.3.2-ci maddədən təqsirli bilinərək azadlıqdan məhrum edilib.
Bundan başqa Nəsimi, Qaradağ və digər rayon məhkəmələrində də zərərçəkmiş və ya şahid qismində tanınıb. R.Həsənov təqsirləndirilən İlham Abbasova 102 min manat ödəniş etdiyini deyib:
"Mən pulu onlara verəndə İslam Yusifov sadəcə çəkilişdə iştirak edib. Pulu İlham Abbasova vermişəm".
Sualları cavablandıran R.Həsənov bildirib ki, İlham Abbasovu obyektinin satılması üçün müraciət edəndə tanıyıb:
"Onunla söhbət edərkən mənə bildirmişdi ki, aparatda adını çəkmədiyi tanışları var. Oğlumu işə düzəldə bilərlər. İslamı tanımırdım. Onun adını oğlumdan eşitdim. İlham dedi ki, işə düzəltmək üçün 360 min pul lazımdır. Dedi ki, 350 mini aparata çatdıracam, özünə isə 10 min pul qalacaq. Bildirdim ki, təxminən 90-100 min pulum çatmır. Obyektimin satılmasını ona etibar etdim. Banka borcum olduğuna görə mülkümü satıb əvvəlcə kreditimi bağladım, özümə də 90 min qaldı. Üstünü düzəldib pulu verdim. İlhamdan pulumu istəyirəm".
Çarpaz dindirilmə zamanı təqsirləndirilən İlham Abbasov zərərçəkənin ifadəsinin yalan olduğunu bildirib. O, İslam Yusifovun xahişi ilə videoda iştirak etdiyini söyləyib.
Növbəti proses martın 6-na təyin edilib.
Qeyd edək ki, aparılan istintaqla İlham Yusifovla İlham Abbasovun dələduzluq cinayəti əməlini əlbir törətmələri müəyyən edilib. İttihama görə, İlham Yusifov Afət Hüseynovanın 13 il azadlıqdan məhrum olunmuş oğlu Kamran Nəcəfovun həbsdən azad ediləcəyi adı ilə fərqli vaxtlarda müxtəlif məbləğlərdə olmaqla, ümumilikdə 70 min dollarını ələ keçirib.
Bundan başqa, Elm və Təhsil Nazirliyinin orta məktəb tikintisi üçün elan etdiyi tenderdə qalib etdirəcəyi vədi ilə tanışı Gündüz Soltanovun 308 min dollarını alıb.
İstintaq sənədlərinə görə, İslam Yusifov və dostu İlham Abbasov birlikdə zərərçəkmiş Rafael Həsənovun oğlu Həsən Həsənovu yüksək vəzifəyə işə düzəltdirəcəyinə dair yalan vəd verib, ondan 360 min manat alıblar.
İttihama görə, İslam Yusifov Kamran Əsgərova da onun iki avtomobil və torpaq sahəsini satacağı barədə yalan vəd verib, 275 min manatını ələ keçirib.
Daha sonra digər zərərçəkmiş Hüseyn Qurbanova Dubay şəhərindən mobil telefonlar gətirəcəyini söyləyib və ondan aldığı 20 min manatı şəxsi ehtiyaclarına xərcləyib.
Bunlardan əlavə, o, Rəşad Qasımova məxsus qeyri-yaşayış sahəsini satacağı ilə bağlı ona yalan vəd verib 55 min, Rafət Məmmədova məxsus evi satacağı adı ilə aldadaraq 75 min manatını ələ keçirib.
O, ümumilikdə 1 milyon 200 min manatdan artıq dələduzluq etməkdə ittiham olunur.
İlham Abbasov öz epizodu üzrə dəymiş 362 min manat ziyandan 102 min manatı ödəyib.
İlham Yusifov barəsində 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), İlham Abbasov barəsində isə 178.4-cü (dələduzluq, xüsusilə külli miqdarda törədildikdə) maddələri ilə yekun ittiham elan olunub.
İlham Yusifov barəsində həbs qətimkan, İlham Abbasovun barəsində isə polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Xatırladaq ki, "Texnikabank" ASC-nin Bakı filialının rəhbəri olmuş Zal Yusifov 2010-cu ildə 81 nəfərin banka qoyduğu təxminən 38 milyon manatın mənimsənilməsində, oğlu İslam isə eyni iş üzrə dələduzluq epizodunda iştirakçı kimi təqsirli biliniblər. Zal Yusifov həmin vaxt 15 il, oğlu İslam Yusifov isə 8 il azadlıqdan məhrum ediliblər. Onların milyonlarla manatlıq əmlakı müsadirə edilib. 5 il sonra İslam Yusifov, illər sonra isə atası Zal Yusifov azadlığa buraxılıb.
Oxşar xəbərlər
10 günün əsgəri hospitalda öldü
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri ölüb. BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, əsgər Coşqun Zülfüqar oğlu Sadıqov Mərkəzi Klinik Hə...