Saatlıda itkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən olunub - RƏSMİ

Saatlıda itkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən olunub - RƏSMİ
Hadisə 134

Saatlı Rayon Prokurorluğu və Rayon Polis Şöbəsi əməkdaşlarının birgə fəaliyyəti nəticəsində fevralın 5-də itkin düşmüş Saatlı rayon Şirinbəyli kənd sakini, 1959-cu il təvəllüdlü Mirhəsən Seyidovun qəsdən öldürülməsi müəyyən edilib.

BAKU.WS xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında deyilir

Qeyd olunur ki, həyata keçirilmiş çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 1980-ci il təvəllüdlü Elşad Abbasov və oğlu, 2005-ci il təvəllüdlü Elçin Abbasovun fevralın 5-də rayonun Şirinbəyli kəndi ərazisindəki çöl sahədə həmkəndliləri Mirhəsən Seyidovu sonuncuya məxsus avtomobildə tamah məqsədilə məftil vasitəsilə boğaraq qəsdən öldürməsi, hadisəni gizlətmək üçün meyiti ayağına daş bağlayaraq həmin ərazidəki su kollektoruna atmalarına əsaslı şübhələr müəyyən edilib.

Mirhəsən Seyidovun meyitinin olduğu yer müəyyən olunaraq prokuror-kriminalistin və ekspertin iştirakı ilə çıxarılıb, iş üzrə zəruri ekspertizalar təyin olunmaqla intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Faktla bağlı Saatlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) və 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Elşad Abbasov və Elçin Abbasov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulublar.

Son xəbərlər