Rusiyaya işləməyə gedənlər dəhşətli qəzaya düşdülər: 3 ölü, 3 yaralı (VİDEO)

Rusiyaya işləməyə gedənlər dəhşətli qəzaya düşdülər: 3 ölü, 3 yaralı (VİDEO)
Video
Hadisə 1077

 

Ələt-Astara magistralında dəhşətli yol qəzası baş verib. APA TV-nin məlumatına görə, hadisə Ələt qəsəbəsi ilə Salyan rayonu arasındakı ərazidə baş verib.

Ələt istiqamətində hərəkətdə olan "KamAZ” markalı iki yük avtomobili bir-birinə çırpılıb, onlardan birinin qoşqusu yolu bağlayıb. Bu zaman arxadan yüksək sürətlə gələn "Mercedes” markalı mikroavtobus yolun ortasındakı qoşquya çırpılıb. Zərbə o qədər güclü olub ki, qoşqu və mikroavtobus bir-birinə pərçimlənib.

Qəza nəticəsində mikroavtobusun sərnişinlərindən 3-ü ölüb, daha 3-ü isə xəsarət alıb. Mikroavtobus qoşquya pərçimləndiyindən yaralıları və meyitləri çıxarmaq mümkün olmayıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin xilasediciləri cəlb edilib. Onlar yaralıları çıxararaq təcili tibbi yardım briqadalarına təhvil veriblər və xəsarət alanlar Bakıya xəstəxanaya aparılıb.

Meyitləri isə deformasiyaya uğramış mikroavtobusdan çıxarmaq asan olmayıb. Xilasedicilər qoşqunun dəmirləri bədənlərinin müxtəlif nahiyələrinə girən meyitləri çıxarmaq üçün 3 saata yaxın çalışıblar.  Nəhayət, meyitlər çıxarılıb və aidiyyatı üzrə təhvil verilib.

Ölənlərdən hələlik ikisinin şəxsiyyətini dəqiqləşdirmək mümkün olub. bunlar 1993-cü il təvəllüdlü Əliyev Tuhid Mirzərəhim oğlu və 1982-ci il təvəllüdlü  Qəhrəmanov Şahid Əbdülhüseyn oğludur.

İlkin araşdırmalar nəticəsində məlum olub ki, mikroavtobus Astara rayonundan yola düşüb və Dağıstanın Xasavyurt şəhərinə gedirmiş. Sərnişinlərin ümumi sayı 8 olub. Onlardan 5-i kişi, 2-si qadın, 1-i isə azyaşlıdır. Onların hamısı Astara rayonunun Səncərədi kəndindəndirlər və Dağıstana işləməyə gedirlərmiş. Mikroavtobusdakılardan 1 qadın və onun azyaşlı övladı, eləcə də, sürücü Astara rayonun Səncərədi kənd sakini Fərəcov Elturan Qılman oğlu xəsarətsiz ötüşüb.

Elturan Fərəcov həmkəndlilərini pul müqabilində Xasavyurt şəhərinə çatdırmalı imiş.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır. Mikroavtobusun sürücüsü saxlanılıb.

BAKU.WS

Son xəbərlər