İranlı tələbəni öldürən dəstə üzvləri danışdı – VİDEO

İranlı tələbəni öldürən dəstə üzvləri danışdı – VİDEO
Video
Hadisə 8971
İran İslam Respublikasının vətəndaşı Mohtati Saman Nemat oğlunu meyiti yaşadığı Sumqayıt şəhəri, Novxanı bağlar massivindəki evində aşkar olunub. BAKU.WS ARB TV-yə istinadən xəbər verir ki, Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş şəhər sakinləri Yunus Camallı, Natiq Babaverdiyev, Şəki şəhər sakini Pərvin Əlməmmədov, Ağsu rayon sakini Zahid Dünyamalıyev və İmişli rayon sakini Ceyhun Talıblı tutularaq istintaqa cəlb olunublar. Aparılan ilkin istintaq tədbirləri nəticəsində müəyyən olunub ki, dəstə üzvləri quldurluq yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə qabaqcadan əlbir olub oktyabrın 11-də gecə saat 4 radələrində mərhumun yaşadığı ünvana gəlib evə qanunsuz daxil olaraq S.Mohtatini qəsdən öldürüblər. Amma dəstə üzvləri evdən hər hansı qiymətli əşya əldə edə bilməyiblər. Həmin evə basqın etməyi bir müddət əvvəl hadisənin baş verdiyi mənzilin qonşuluğunda usta işləyən Y.Camallı digər dəstə üzvlərinə təklif edib. “Otağa Ceyhun, mən, Natiq girdik. Gördük ki, qarşımızda adam yatıb. Üçümüz də onun üstünə qaçdıq. Birimiz ayağını, birimiz ağzını bağladıq”, - saxlanılan Yunus Camallı bildirib. Digər həbs edilən şəxs Natiq Babaverdiyev qeyd edib ki, evdə kimsənin olmasını bilməyiblər. “Evi boş bilirdik. Sonra bir nəfər çıxdı. Onun da əl-qolunu bağladıq, sinəsinə oturduq. Qayıdıb gələndən sonra bildik ki, ölüb”. Dəstə üzvləri qeyd edilən cinayəti törətməyə Z.Dünyamalıyevin avtomobili ilə gediblər. O, hadisədən sonra yenidən dəstə üzvləri ilə Novxanı qəsəbəsində görüşərək onların hər birini yaşadıqları ünvanlara aparıb. Saxlanılan şəxslərin ətraflarında Sumqayıt ŞPİ-də aparılan əlavə əməliyyat tədbirləri ilə onların cari ilin avqustun 14-də Kürdəmir rayon Xırdapay kəndində yaşayan Zahid Zərbəliyevə məxsus evə basqın etdikləri də məlum olub. Saxlanılan şəxslər ev sahibi və həyat yoldaşı Rənanın əl-ayağını yapışqanlı lentlə bağlayaraq mənzildə olan pul və qızıl-zinət əşyalarını quldurluq yolu ilə ələ keçiriblər. “Avtomobillə rayona getdik. Dedi ki, evi göstər. Bibimgilə də iki giriş var. Həmişə arxa balaca qapıdan girib-çıxmışıq. Dedim dəqiq bilmirəm dəyişilib. Bunun yerinə olub balaca taxta qapı”, - cinayətdə əli olan Rəşidə Seydiyeva deyib. Hazırda qeyd olunan cinayət işləri üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. BAKU.WS

Son xəbərlər