Qətlə yetirilən qadının atası: "Uşaq hadisəni görəndə ona qışqırıb ki, başını ört, yat"
Bakıda həyat yoldaşını boğaraq öldürməkdə təqsirləndirilən Ziyəddin Quliyevin cinayət işinin məhkəmə baxışı keçirilib.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, prosesə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Kamil Əliyev sədrlik edib.
İclasda təqsirləndirilənin sərbəst ifadəsi dinlənilib.
O, iki azyaşlı övladının gözü qarşısında törətdiyi dəhşətli qətlin təfərrüatını danışıb:
"İşləmək üçün Rusiyaya getdim. Bir neçə dəfə xəbər göndərdim ki, ailəmi yola salsınlar. Etmədilər bunu. Sonra həyat yoldaşım haqqında xoşagəlməz sözlər eşitdim. Buna görə də ona zəng edib demişdim ki, çıxıb getsin atasının evinə. Halallığını verdiyimi də bildirdim. Getmədi. Mən artıq Azərbaycanda idim. Ona sonuncu dəfə zəng gəldi, ancaq mənim yanımda danışmadı".
Zərərçəkənin hüquqi varisi Elşən Qurbanov ifadə verərək bildirib ki, qızının ailəsində hər hansı bir problemin olması barədə xəbəri olmayıb.
"Atası zəng etdi ki, qızın ölüb, gəl. Gedib gördüm ki, morqdadır. Uşağı deyir ki, ata ayağını ananın belinə qoymuşdu, boğazından tutmuşdu. Uşaq hadisəni görəndə atası ona qışqırıb ki, başını ört, yat".
Təqsirləndirilən şəxs isə hüquqi varisə etirazını bildirərək, onun yalan danışdığını deyib.
"O, yalan deyir. Mən yoldaşımı çarpayıda boğanda uşaq gördü, soruşdu ki, ata, nə edirsən? Mən də qışqırdım, dedim ki, yat, anan xəstədir, titrəyir. Dərman verirəm ona".
Qeyd edək ki, hadisə 2025-ci ilin aprelin 20-də Bakının Əhmədli qəsəbəsində baş verib. Yataqxanada yaşayan 25 yaşlı Aysel Qurbanovanın elektrik naqili ilə qəsdən boğularaq öldürülməsi barədə polisə məlumat verilib.
İlkin araşdırmalarla məlum olub ki, əvvəl Rusiyada yaşayan Ziyəddin Quliyev hadisədən iki ay əvvəl Bakıya gəlibmiş.
Ailə münaqişəsi zəminində həyat yoldaşı Aysel Qurbanovanı elektrik naqili ilə boğaraq öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Ziyəddin Quliyev hadisədən sonra könüllü olaraq polisə təslim olub. Onun barəsində Cinayət Məcəlləsinin 120.2.4. (qəsdən adam öldürmə xüsusi amansızlıqla törədildikdə) maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.
Oxşar xəbərlər
Azərbaycan futbolunda bəzi oyunlar qumara qoyulub - FAKTLAR
Bu ilin yanvarında AFFA İntizam Komitəsinin qərarı ilə danışılmış oyunlara görə ömürlük futboldan uzaqlaşdırılan "Şamaxı"nın sabiq oyunçusu Adil Nağıyevin hansı...